Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru | |
Ümumtəhsil məktəblərində psixoloji xidmət XX əsrin 80-ci illərinin sonlarında ortaya çıxmışdır. Məktəbdə psixoloji xidmət psixoloqun təlim-tərbiyə işinin keyfiyyətini yüksəltmək məqsədi ilə həyata keçirilən praktik fəaliyyət formasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 157 nömrəli qərarı ilə “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları” adlı sənədin təsdiq edilməsinin davamı olaraq məktəblərdə psixoloji xidmətin keyfiyyətinin artırılması istiqamətində müxtəlif layihələr həyata keçirilmiş və tədqiqatlar aparılmışdır. Psixoloji xidmət işinin səmərəliliyinə psixoloqun təhsil prosesinin bütün iştirakçıları: müəllimlər, şagirdlər və onların valideynləri ilə qarşılıqlı əlaqəsi təsir göstərir.
Bu qarşılıqlı əlaqə bilavasitə psixoloji xidmətin vəzifələrinin həllinə kömək etməklə yanaşı, təhsilin keyfiyyətinin yüksəldilməsinə də təsir göstərir. Şagirdlərə fərdi yanaşma məktəbin psixoloji və metodik xidmətlərinin kəsişmə zonası sayıla bilər. Eyni zamanda, onların fəaliyyətlərinin əlaqələndirilməsi, hər iki xidmətin iş perspektivlərinə və onun həyata keçirilməsi yollarına ümumi baxışı çox vacibdir.Psixoloq şagirdlərin özünüdərk, ünsiyyət problemlərinin həllində, peşə seçimində və s. köməklik göstərə bilər. Eyni zamanda o, valideynlərə ailədə uşaq tərbiyəsi ilə bağlı məsləhətlər verə və maarifləndirmə işi apara bilər. Müəllimlər də psixoloqun köməyinə ehtiyac duyan qrupa aiddir. Onların müxtəlif qrup şagirdlərlə işləmək üçün optimal şəraitin yaradılması istiqamətində daim psixoloqdan məsləhət almağı vacibdir. Beləliklə, məktəbdə tədris prosesinin səmərəli həyata keçirilməsi üçün məktəbdə psixoloji xidmətin düzgün təşkili olduqca vacib məsələdir.
Məktəbdə psixoloji xidmətin təşkili və keyfiyyəti ilə bağlı cari vəziyyətin öyrənilməsi üçün Azərbaycan Respublikasının Təhsil İnstitutu təsadüfi seçmə üsulu ilə Bakı şəhərinin 20 ümumtəhsil məktəbində tədqiqat aparıb. Qeyd edək ki, məktəblərin 10-u mərkəzi, 10-u isə mərkəzdənkənar məktəblərdir. Tədqiqata 1888 şagird, 198 müəllim, 35 psixoloq, 199 valideyn, 20 direktordan ibarət heyət cəlb olunub.
Aparılan tədqiqat nəticəsində müəyyən edilmişdir ki, məktəbdə psixoloji xidmətin keyfiyyətinin artırılması üçün məktəb rəhbərliyi, pedaqoji heyət və psixoloq əməkdaşlığı istiqamətində müəyyən işlər aparılmalıdır. Eyni zamanda, sorğu nəticəsində əldə edilmiş ziddiyətli yanaşmalar valideyn, müəllim, psixoloq və şagirdlərin bir-biri ilə əlaqələnməsində müəyyən problemlərin olduğunu göstərir.
Tədqiqatla bağlı bəzi nəticələri aşağıdakı kimi təsnifatlaşdırmaq olar. Sorğuda iştirak edən psixoloqların 49%-i məktəbdə psixoloji xidmət göstərmək üçün yaradılan şəraiti yüksək, 51% -i isə qənaətbəxş hesab edir.
Məktəbdə psixoloji mühiti nə dərəcədə əlverişli hesab edirsiniz sualını direktorların 10%-i aşağı, 35% -i qənaətbəxş, 60%-i yüksək qiymətləndirir (şəkil 1.).
Məktəbdə əlverişli psixoloji iqlimin yaradılmasında psixoloqların rolu araşdırılarkən məlum olub ki, psixoloqların 40%-i məktəbdəki sağlam psixoloji iqlimin yaradılmasında özünün rolunu yüksək hesab edir. 60%-nin fikrincə psixoloji iqlimin yaradılması fəaliyyəti qənaətbəxşdir. 3% psixoloq məktəbdə sağlam psixoloji iqlimin yaradılmasında öz rolunu kafi qiymətləndirir. Məktəb direktorlarının 75%-i, müəllimlərin isə 72%-i əlverişli psixoloji iqlimin yaradılmasında psixoloqların rolunu yüksək qiymətləndirirlər (şəkil 2.).
Sual doğuran məsələlərdən biri budur ki, psixoloqlar onlar üçün yaradılan şəraitdən, əsasən, razı olduqlarını ifadə etsələr də, əlverişli psixoloji mühitin yaradılmasında özlərinin əməyini direktor və müəllimlə müqayisədə daha aşağı qiymətləndiriblər.
Tədqiqat zamanı hər hansı problemlə qarşılaşanda şagirdlərin 17%-i məktəb psixoloquna daha çox müraciət etdiyini qeyd edib, 21% şagirdin psixoloqa müraciət göstəricisi aşağıdır, 21% şagird isə çətinlik çəkərkən psixoloqa, ümumiyyətlə, müraciət etmədiyini bildirib. Fikrimizcə, müəllim, valideyn və şagird qruplarında yaşanılan problem situasiyalar zamanı psixoloqa müraciət sayının aşağı olması bu mədəniyyətin inkişaf etdirilməsinə ehtiyacın olduğunu göstərir.
Psixoloqların 80%-i şagird, müəllim, valideyn qrupları arasında daha çox şagird qrupunda problemlərin olduğunu qeyd edib. Məzmun baxımından problemlər daha çox özünüdərketmə, özünütərbiyə ilə əlaqədardır. Psixoloqlar ikinci qrup olaraq müəllim, pedaqoji heyətlə işi qeyd ediblər. Rəyi soruşulan psixoloqların 63%-i müəllim-şagird konfliktləri ilə bağlı mütəmadi işin aparıldığını qeyd edib. Valideyn heyəti ilə işləyən psixoloqların 46%-i apardığı işin keyfiyyətini qənaətbəxş hesab edir. Psixoloqlar daha çox kiçikyaşlı məktəbli qrupunun valideynləri ilə əməkdaşlıq edirlər (şəkil 3.).
Tədqiqat zamanı 87% şagird məhz daha çox çətin hallarda psixoloq köməyinin faydalı olduğunu düşünür. Psixoloqa müraciət edən 33% şagird psixoloq xidmətindən razı qaldığını, 12% şagird isə razı qalmadığını bildiriblər. 23% şagird qismən razı qaldığını, 34% şagird isə ümumiyyətlə, psixoloqa müraciət etmədiyini bildirib. Lazım gələrsə, yenidən psixoloqa müraciət edərsiniz sualına 29% şagird öz müsbət münasibətini bildirib (şəkil 4.).
Tədqiqat göstərdi ki, mərkəzi məktəblərdə psixoloq-şagird nisbəti 1/980, mərkəzdənkənar məktəblərdə 1/742 kimidir. Bu, o deməkdir ki, psixoloq-şagird nisbəti nə qədər yüksəkdirsə, psixoloji xidmətin keyfiyyəti bir o qədər yüksəkdir. Keyfiyyət göstəricisi kimi psixoloqa müraciət sayı və bu müraciətdən məmnunluq göstəricisi göstərilir. Mərkəzi məktəblərdə psixoloqa müraciət etməmək %-i mərkəzdənkənar məktəbləri ilə müqayisədə daha yüksəkdir. Eyni zamanda müraciət sayı artdıqca, müraciətdən məmnunluq göstəricisi artır.
Direktor (50%) və müəllimlər (53%) müəllim-şagird konfliktində psixoloqun köməyini psixoloqun öz fikrindən (62%) fərqli olaraq aşağı qiymətləndirirlər. Şagird-şagird konfliktində də psixoloqlar öz fəaliyyətlərini daha yüksək (82%) qiymətləndirirlər. Müəllimlərin 52%-i, direktorların 60%-i şagird-şagird konfliktində məktəb psixoloqunun köməyini faydalı hesab edir. Müəllim-valideyn problemində isə psixoloqlar öz fəaliyyətlərini daha zəif (35%), direktor (50%) və müəllimlər (46%) isə bu köməyin daha səmərəli olduğunu düşünürlər (şəkil 5.).
Gələcək peşə seçimi ilə bağlı şagirdlərin 31%-i psixoloqa müraciət etmədiyini, 38%-isə müraciət zamanı psixoloq məsləhətindən razı qaldığını qeyd ediblər. Psixoloqların 87% -i isə peşə seçimi ilə bağlı şagirdlərlə apardığı işi yüksək qiymətləndirib. Fikrimizcə, peşə seçimində şagirdlərin fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyi haqqında psixoloqun maarifləndirmə işini diqqət mərkəzində saxlanması dünya təcrübəsində nə qədər geniş yayılsa da (Yeşil Yaprak, 2020.) (M.Çakır, 2003.) respublikamızda bu istiqamətdə hələ də psixoloqa müraciət səviyyəsi qənaətbəxş deyil (şəkil 6.).
Aparılan tədqiqatın nəticələri aşağıdakı fikirləri formalaşdırmışdır:
Məktəbdə psixoloqun şəxsi kabinetinin, şagirdlərlə işləmək üçün müvafiq saatının və üzərinə qoyulan məsuliyyətə uyğun müvafiq səlahiyyətinin olması psixoloji xidmətin keyfiyyətini şərtləndirən mühüm amildir.
Məktəbdə sağlam psixoloji iqlimin yaradılması müəllim-şagird-psixoloq əməkdaşlığı ilə yanaşı, direktor-psixoloq-müəllimin məqsədyönlü fəaliyyətindən asılıdır. Məktəb rəhbərliyinin pedaqoji kollektivdə psixoloji işin təşkili ilə bağlı maarifləndirmə işini aktual saxlaması və ona bilavasitə dəstək verməsi məktəbdə sağlam psixoloji mühit üçün zəmin yaradar.
Məktəb rəhbərliyi tərəfindən məktəb psixoloqlarının vəzifə və səlahiyyətləri ilə bağlı pedaqoji kollektivdə maarifləndirmə işlərinin aparılması üçün şəraitin yaradılması müəllim-psixoloq əməkdaşlığında səlahiyyət bölgüsünün obyektiv olmasına, sağlam sosial - emosional mühitin formalaşmasına öz təsirini göstərəcəkdir.
Mərkəzi məktəblərlə müqayisədə mərkəzdənkənar məktəblərdə psixoloq-şagird nisbətinin yüksək olması, psixoloji xidmətin keyfiyyətinin yüksəlməsinə zəmin yaradır. Psixoloqa müraciət sayı və bu müraciətdən məmnunluq psixoloji xidmətin keyfiyyət göstəricisidir. Məktəbdə psixoloji xidmətin keyfiyyətinin yüksəldilməsi üçün psixoloq-şagird nisbətinin yüksəldilməsi məqsədəuyğun hesab edilir.
Müəllim, valideyn və şagird qruplarında yaşanılan problem situasiyalar zamanı psixoloqa müraciətin az olunması təhsil mühitində psixoloqa müraciət mədəniyyətinin inkişaf etdirilməsinə ehtiyac olduğunu göstərir.
Peşə seçimində şagirdlərin fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alınması ilə bağlı şagird və müəllim qruplarında mütəmadi maarifləndirmə işi aparılmalıdır. Bu maarifləndirmə işində peşələrin psixoloji xüsusiyyətləri barədə şagirdlərə məlumat verilməli, davranış xüsusiyyətləri barədə təsəvvür formalaşdırılmalıdır.
Elxan BƏYLƏROV, psixologiya elmləri doktoru Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri
|
|
07.04.2023 | 11:25 | |
|
|
|