“Milli kimlik sualından milli dövlətçiliyə: müstəqilliyin çətin yolu”

Martın 6-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhərində “Milli kimlik sualından milli dövlətçiliyə: müstəqilliyin çətin yolu ” mövzusunda növbəti “Novruz mühazirəsi” keçirilib.

 

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak edib. Ölkəmizin ali məktəblərində təhsil alan Türkiyə, Rusiya, Hindistan, Türkmənistan, Çin və digər ölkələrdən 30 nəfər əcnəbi tələbə də iştirakçılar sırasında olub.

 

Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib və önünə gül dəstələri qoyulub. Azərbaycan Dövlət Aqrar Universitetində təşkil edilən tədbirdə qonaqlar əvvəlcə Azərbaycan Xalq Cümhuriyyəti guşəsi ilə tanış olublar.

 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev çıxış edərək ölkə başçısının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində layiqincə qeyd edilməsi barədə imzaladığı sərəncamın dövlətçilik tariximizə verilən yüksək dəyərin bariz nümunəsi olduğunu deyib. İcra başçısının müavini öncə Tiflisdə, daha sonra Gəncə şəhərində fəaliyyətə başlayan Şərqdə ilk parlament respublikasının milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynadığını qeyd edib.

 

Mühazirə iştirakçılarını salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsini diqqətə çatdıraraq bunu tarixi hadisə adlandırıb. Nazir müavini xaricdə təhsil siyasətinin, eləcə də milli kadrların hazırlanmasının həmin dövrdə strateji hədəflərdən olduğunu qeyd edib və bu dövrdə xalq təhsili və maarifləndirmə üzrə ilk nazirliyin - Xalq Maarif Nazirliyinin yaradılmasının, məktəblərin milliləşdirilməsi siyasətinin həyata keçirildiyini vurğulayıb. Həmçinin Bakı Dövlət Universitetinin açılması ilə yanaşı, parlamentin qərarı ilə ali təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrə yola salındığı bildirilib.

 

Sonra iştirakçılar tarix elmləri doktoru, professor Solmaz Rüstəmova - Tohidinin “Azərbaycan Xalq Cümhuriyyəti və milli kimlik” mövzusunda mühazirəsini dinləyiblər. Cümhuriyyət qurucularının həyatı, ictimai-siyasi fəaliyyətləri haqqında ətraflı məlumatın yer aldığı mühazirədə qeyd olunub ki, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və bir çox sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir.

 

Mühazirədən sonra qonaqlar Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında konsert proqramını dinləyiblər. Sonra ölkəmizdə təhsil alan əcnəbi tələbələr Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olan qədim Gəncədə Cavad xan türbəsi, Şah Abbas məscidi, “Çökək hamamı” və Gəncə Dövlət Filarmoniyası ilə tanış olublar.

 

Həmçinin böyük Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi ziyarət edilib, tələbələrə dahi şairin həyatı, yaradıcılığı və məqbərə haqqında məlumatlar verilib.

 

Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər populyar dildə ictimaiyyətə çatdırılır.



06.03.2018 | 15:24