LDU-da soyqırımla bağlı anım tədbiri

Lənkəran Dövlət Universitetində (LDU)  31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Anım  tədbirində universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Sosial məsələlər üzrə prorektor  professor Kamran Kazımov 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırım hadisələrini hər il anmaqla bu terroru dünyaya çatdırmağın vacibliyini bildirib. Prorektor qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda ilk dəfə olaraq bu hadisələrə siyasi, hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması faktları bütün dünyaya bəyan edilib.

 

Tədbirdə  universitetin dosenti, tarix üzrə fəlsəfə doktoru Müşfiq Bayramov  “Ermənilərin mərhələli soyqırım siyasəti” mövzusunda geniş məruzə edib. Məruzədə bildirilib ki, 31 mart soyqırımı öz amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdən biridir:”Azərbaycan ərazisinə köçürülmüş ermənilər tarixin muxtəlif mərhələlərində - 1905-1906, 1918-1920, 1948-1953, 1988 -1994 və digər illərdə yerli əhaliyə qarşı soyqırım siyasətini  həyata keçiriblər. Ermənilər və onların havadarları tərəfindən Azərbaycan xalqına qarşı yönəldilmiş soyqırım siyasəti mərhələli və sistemli şəkildə həyata keçirilib. Ermənilərin zaman-zaman məkrli siyasət yeridərək “Böyük Ermənistan” xulyasını həyata keçirməyə çalışmalarına baxmayaraq , Azərbaycan xalqı onlara hər zaman lazımi cavab verib. 44 günlük Vətən muharibəsində xalqımız Prezident İlham Əliyevin rəhbərliyi altında bir daha mənfur düşmənlərimizə öz gücünü, qudrətini sübut edərək Müzəffər Ordumuzun gücü ilə tarixi ərazilərimizi işğaldan azad etdi”.

 

LDU-nun Tarixin tədrisi metodikası və metodologiyası ixtisaslaşması üzrə  II tədris ili tələbəsi  Elmin Mustafayev də mövzu ilə bağlı fikirlərini bildirib.  

 

Tədbir 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən bəhs edən videoçarxın nümayişi ilə yekunlaşıb.

 

 



31.03.2023 | 17:51