“Bir günlük tələbə olaq” | |
Mil-Muğan Regional Təhsil İdarəsinin Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə (ADPU) əməkdaşlığı çərçivəsində universitetin Tədris Departamentinin Məzun, Koordinasiya və Karyera şöbəsinin dəstəyi ilə Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təhsil sektorları üzrə X sinifdə təhsil alan, 2021-2022-ci tədris ili üzrə IX sinif buraxılış imtahanında yüksək nəticə göstərmiş, ADPU-nun müəllimlik ixtisası üzrə tələbəsi olmaq arzusunda olan şagirdlərin “Bir günlük tələbə olaq” layihəsi çərçivəsində ADPU-ya ekskursiyası təşkil olunub.
Ekskursiyanın məqsədi bir günlük tələbə həyatı yaşamaqla şagirdlərdə Pedaqoji Universitet haqqında ümumi təsəvvür formalaşdırmaq, tədris prosesi, universitetin maddi-texniki bazası və infrastrukturu ilə tanış olmaq, şagirdlər arasında universitetin təbliği və gələcəkdə məzunların Pedaqoji Universitetin tələbəsi olmaq istəklərini daha da artırmaqdır.
ADPU-nun Məzun Koordinasiya və Karyera şöbəsinin müdiri Könül Əsgərova, tədris işləri üzrə prorektor Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor Asəf Zamanov, Tədris Departamentinin direktoru Sənan Əliyev, riyaziyyat fakültəsinin dekanı Araz Fərəcov, dekan müavini Tünzalə Hüseynova, filologiya fakültəsinin dekan müavinləri Pəri Paşayeva, Könül Həsənova, Zemfira Abbasova və kafedra müdiri İradə Kərimova ilə şagirdlərin görüşü zamanı universitetdə tədrisin təşkili, fakültələr və ixtisaslar haqqında ətraflı məlumat verilib.
Daha sonra şagirdlər filologiya fakültəsində tədris prosesində iştirak ediblər. Kitabxana-İnformasiya Mərkəzində kitabxana fondu, kitabxananın texniki imkanları barədə məlumat əldə edən şagirdlər sonda universitetin akt zalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Qurtuluş” tamaşasını izləyiblər.
|
|
31.03.2023 | 17:43 | |
|
|
|