“31 mart 1918-ci il –Azərbaycan xalqının qan yaddaşıdır”

Sumqayıt Dövlət Universitetində (SDU)  “31 mart 1918-ci il –Azərbaycan xalqının qan yaddaşıdır” adlı elmi-nəzəri konfrans keçirilib.

 

Əvvəlcə erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı Bakı şəhərində başlayan, bolşeviklərin siyasi və hərbi dəstəyi ilə Quba, Şamaxı, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər bölgələrdə davam etdirilən soyqırımla bağlı videomaterial nümayiş olunub.

 

Sonra konfransı giriş sözü ilə açan Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov XX-ci əsrin ikinci onilliyində daşnak-bolşevik tandeminin yaxından iştirakı ilə Azərbaycan xalqına qarşı həyata keçirilən qanlı tarixin xronologiyasını xatırladıb. Mart soyqırımının 1828-ci ilin mart ayından regionda aparılan siyasətin nəticəsi olaraq meydana çıxdığını deyən professor E.Hüseynov 1905-1906-cı illərdə azərbaycanlılara qarşı olan qırğınları da yada salıb.

 

“Azərbaycanlılara qarşı həyata keçirilən 31 mart soyqırımı ilə dağılmış Çar Rusiyasının nəzarətində olan ərazilərdə- Xəzər dənizinin sahillərindən az qala, Qara dənizə qədər uzanan coğrafiyada bir erməni dövlətinin yaradılması nəzərdə tutulurdu”- deyən E.Hüseynov bolşevik Rusiyasının xeyir-duası ilə baş verən bu cinayət nəticəsində on minlərlə insanın qətlə yetirildiyini bildirib. Baş vermiş qanlı cinayətin Cümhuriyyət rəhbərliyi və ona yardıma gəlmiş Qafqaz İslam Ordusu tərəfindən qarşısının alındığını bildirən rektor hadisəyə 80 il sonra hüquqi, siyasi qiymət verildiyini söyləyib, Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın, həmçinin,  Prezident İlham Əliyevin 18 yanvar 2018-ci ildə imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamın siyasi, hüquqi əhəmiyyəti barədə danışıb.

 

Daha sonra tarixi Azərbaycan torpaqları ərazisində yaradılan Ermənistan dövlətindən azərbaycanlıların deportasiyasına toxunan rektor deyib:” İosif Stalinin birbaşa rəhbərliyi ilə baş tutan deportasiya daşnak qılıncı və gülləsinin başa çatdıra bilmədiyi əməllərin davamı idi və bu siyasəti 1988-91-ci illərdə Mixail Qorbaçovun himayəsi altında sovet Ermənistanının rəhbərliyi başa çatdırdı…

 

…İnanırıq ki, keçmiş məcburi köçkünlər kimi, Ermənistandan qaçqın düşən soydaşlarımız da öz tarixi vətənlərində yaşamaq haqqına sahib çıxacaqlar...”

 

Daha sonra konfrans universitet alimlərinin məruzələri ilə davam edib.

 



31.03.2023 | 15:50