Riyaziyyat elminin fədaisi | |
Azərbaycan elm və təhsilinə ağır itki üz verib. Tanınmış pedaqoq, Əməkdar müəllim, respublikada müasir riyaziyyatın fəlsəfi problemləri ilə məşğul olan ilk alim, çox sayda elmi məqalənin, dərslik və dərs vəsaitlərinin müəllifi olmuş professor Ələddin Əsəd oğlu Hüseynov 88 yaşında dünyasını dəyişib.
Ələddin Əsəd oğlu Hüseynov 1935-ci il martın 10-da Gürcüstan Respublikasının Qarayazı rayonunun Ağtəhlə kəndində anadan olub. 1954-cü ildə Qarayazı rayon orta məktəbini gümüş medalla bitirərək elə həmin il Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə qəbul olunub, 1959-cu ildə oranı uğurla bitirib. Göndərişlə keçmiş SSRİ Nazirlər Soveti yanında Dövlət Cihazqayırma Komitəsinin Elmi-Tədqiqat İnstitutunda əmək fəaliyyətinə başlayıb və 1961-ci ildə Azərbaycan SSRİ Elmlər Akademiyası Mexanika və Riyaziyyat İnstitutunun aspirantı kimi Moskvaya ezam olunub.
1965-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək həmin ildən də Azİİ-də (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) dosent vəzifəsində fəaliyyətə başlayıb.
Ələddin Hüseynov alim və pedaqoq kimi çalışdığı təhsil ocağında böyük nüfuz sahibi olub. Ona Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəxri professor adı verilmişdir.
Azərbaycanda riyaziyyat elminin tədqiqatçılarından biri kimi çoxlu sayda elmi əsərlər yazaraq təhsilə töhfə vermişdir. Buna örnək olaraq “Ehtimal nəzəriyyəsi və riyazi statistika” (Bakı-2006), “Diskret riyaziyyat” (Bakı-2010),“Diskret riyaziyyat və riyazi məntiq” (iki hissədən ibarət, Bakı-2016) və s. dərslik və dərs vəsaitlərini qeyd etmək olar.
Qocaman alimin dərs dediyi tələbələrin, yetişdirdiyi alimlərin səsi-sorağı təkcə Azərbaycanın yox, bir çox ölkələrin ali kürsülərindən gəlir.
Məhz təhsil sahəsindəki uzunmüddətli və səmərəli fəaliyyətinə görə 18 noyabr 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ona “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adı verilib.
Mənalı ömür yolu keçən Ələddin Hüseynov vətəninə, elinə-obasına bağlı bir insan idi. O, gözəl pedaqoq olmaqla yanaşı, həm də istedadlı şair-yazıçı idi. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Ələddin müəllim “Təhlə” ləqəbi ilə vətəninə, xalqına olan sevgisini şeirə çevirərək çoxlu sayda əsərlər yazmışdır. Onun “Yazılan sətirlər yadigar qalır” (Bakı-2003), “Nələr çəkmişdir bu başım mənim” (Bakı-2005), “Ömür dedikləri tale qədərdir” (Bakı-2013) və s. bu kimi şeir kitabları işıq üzü görmüş, çoxsaylı oxucu kütləsi qazanmışdır.
Riyaziyyat elmi qarşısında böyük xidmətləri olan bu qayğıkeş müəllim, hətta yaradıcılığında belə riyaziyyat elminin bəşər tarixində oynadığı rolu, dünyanın tanınmış riyaziyyatçılarının xidmətləri haqqında oxucusuna anlaşıqlı dildə çoxlu şeirlər həsr etmişdir. Ələddin müəllim bu şeirlərdə əksini tapan problemlərlə ömür boyu məşğul olmuşdur. “Düşüncələr...Hikmətlər...”, “Riyazi təfəkkür”, “Əgər söykənərsə fikir məntiqə”, “Çətin ömür sürdü dahi alimlər”, “Həndəsə qurtardı əyanilikdən” və s. bu kimi şeirləri oxuduqca gözümüz önündə möcüzəli bir dünya, riyaziyyat elminin insan təfəkküründə əksi canlanır.
Görkəmli pedaqoq Ələddin Əsəd oğlu Hüseynovun həyat və yaradıcılığı müasir gənclərimiz üçün bir örnək olacaq və xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin...
Araz ƏLİYEV, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, riyaziyyat elmləri doktoru, professor
|
|
31.03.2023 | 14:23 | |
|
|
|