“Bilik və nəzəriyyənin tətbiqi, təcrübə çox önəmlidir”

“Yeni çağırışlar” onlayn müzakirə proqramının budəfəki qonağı “Coursera” beynəlxalq onlayn təhsil platformasının icraçı direktoru Cef Maajioncalda olub. Belə ki, Elm və Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının 16 mart 2023-cü il tarixində yayımlanan bölümündə 115 milyon tələbəsi olan “Coursera”nın CEO-su Cef Maajioncalda ilə “Rəqəmsal dünyada öyrənmək” barəsində danışılıb.

 

“T-Network”ün rəhbəri, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram Elm və Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Mətin Axundlunun tərcüməsi ilə Azərbaycan dilində canlı yayımlanıb.

 

Təhsil uğura aparan yoldur

 

Proqramın girişində görüşün aparıcısı Cəfər Mənsimi qonağı salamlayaraq izləyicilərə yaxından təqdim edib. Bildirib ki, Cef Maajioncalda “Coursera” beynəlxalq onlayn təhsil platformasının icraçı direktorudur. “Coursera” hər kəsə istənilən yerdə aparıcı universitet və şirkətlərin onlayn kurslarına və dərəcələrinə çıxış təklif edən beynəlxalq təhsil platformasıdır. 115 milyondan çox istifadəçisi olan platformada 5400-dən çox kurs mövcuddur. “Coursera” 300-dən çox aparıcı universitet və şirkətlə tərəfdaşlıq edir.

 

C.Mənsiminin “Bildiyimə görə musiqi nəzəriyyəsi ilə də maraqlanırsınız. Təhsillə musiqinin ortaq nöqtəsini müəyyən etsək bu ortaq məqam, yəqin ki, insanların ruhuna toxunmaq olar. Bəs siz təhsilə nə zaman toxundunuz? Təhsil sizə nə zaman toxundu?” sualına cavabında qonaq xatırlayıb ki, uşaqlıqda dünyada bütün baş verənlərə hədsiz maraq göstərib. Üç övladı olduğunu diqqətə çatdıran C.Maajioncalda onların da eyni şəkildə böyüdüyünü, valideynlərindən, müəllimlərindən götürdüyü ibrəti övladlarına da ötürdüyünü deyib.

 

Təhsildə təbliğ etdiyi əsas ideya haqqında danışarkən “Coursera”nın CEO-su vurğulayıb ki, fərdi qaydada götürdükdə təhsil uğura aparan bir yoldur, qlobal dayanıqlı inkişaf məqsədlərinə aparan və onun təməlini təşkil edən çox vacib elementdir. Onun sözlərinə görə, digər 17 dayanıqlı inkişaf məqsədlərinin hamısında təhsilin çox müstəsna rolu vardır. İstər insan və bəşəriyyətin rifahı, istərsə də planetin ekoloji cəhətdən  dayanıqlı  olmasında  təhsil başlıca rola malikdir. Məqsədinin insanlara onları maraqlandıran, həyəcanlandıran, inkişaf etməkdə kömək olan imkanlarla təmin etmək olduğunu diqqətə çatdıran icraçı direktor “Coursera” olaraq insanlara həyat və karyeraları boyunca inkişaf etməyə, özlərini  yeni  sahələrdə  sınamağa, yeni peşə bacarıqları əldə etməyə, daha müasir ixtisaslara (marketinq, kibertəhlükəsizlik və s.) yiyələnməyə imkan yaratdıqlarını, çevik şəkildə, yenidən universitet təhsili almaq məcburiyyətində qalmadan təlim sertifikatları ilə təmin etdiklərini vurğulayıb.

 

Davamlı öyrənmə

 

“Öyrənənlərin marağının hər zaman canlı olması üçün təhsil prosesində hansı redaktələr etməliyik? Bununla bağlı öyrətməkdə məsul olan qurumlara nə tövsiyə edərdiniz?” suallarına cavabında qonaq bildirib ki, öyrənmə strukturu müəyyən çərçivə içində qurulur, bununla belə müəllimlər tələbə və şagirdləri davamlı olaraq öyrənməyə ilhamlandırmalıdırlar. Təhsil proqramı çərçivəsində öyrənmə şövqünü, maraqcanlılığı inkişaf etdirmək lazımdır. Bunun üçün isə Cef Maajioncalda “Coursera” kurslarının insanlara riyaziyyat, fizika, yazı, tarix, biologiya, psixologiya, səhiyyə kimi təməl fənləri, digər tərəfdən də kəşf təcrübəsi qazandırdıqlarını diqqətə çatdırıb. İnsanlar minlərlə belə kurslardan özlərinə maraqlı, faydalı gələni istifadə etməli və yararlanmalıdırlar. Təhsil carçısının fikrincə, məktəblər təhsil proqramı ilə yanaşı öyrənənləri sərbəst seçim imkanları ilə təmin etməlidirlər.

 

“Coursera”-nın “Öyrənmənin öyrənmə yolları” kursu haqqında danışan C.Maajioncalda diqqətə çatdırıb ki, bu kursu aparan neyrobioloqdur və kurs insan beyninin necə öyrəndiyini araşdırdıqdan sonra qurulub. Burada öyrənmənin ən qabaqcıl təcrübələri iştirakçılara təqdim edilir, onlara daha səmərəli şəkildə öyrənməni mənimsəmək aşılanır. Müəllimlərin belə təlimlər və kurslarla təmin olunması, kurslarda iştirak etməsi faydalıdır. “Tədris akademiyası” (Teaching academy) barədə məlumat verən icraçı direktor bildirib ki, buradakı kursları bir çox universitetlərə, orta məktəblərin müəllimlərinə də təklif edirlər. Platforma rəhbəri “Coursera” kurslarına Azərbaycandan 115 min nəfərin də qatıldığını diqqətə çatdırıb və “Teaching academy”-nin top 10-ğun öndə gələn kurslarından biri olduğunu qeyd edib. Top 10-a daxil olan digər kurslardan isə “Google”da olan “Verilənlərin təməlləri”; Pensilvaniya Universitetinin “Karyera inkişafı üçün ingilis dili”; “Google” şirkətinin digər kursu -“Layihələrin idarəolunmasının təməlləri”; Arizona Ştatı Universitetinin “İngilis dilini dərhal öyrət”; Miçiqan Universitetinin “Hər kəs üçün proqramlaşdırma”; Con Hopkins Universitetinin “İnternetdə veb səhifələrin tərtib olunması və yaradılması” kurslarını sadalayıb.  

 

Məşğulluq yönümlü “Coursera”

 

Cef Maajioncalda özünün “Coursera”-da hansı kursu keçməsi haqqında sualı cavablandırarkən qeyd edib ki, hazırda özü və işçilərinin hamısı “Google”da “Verilənlərin əsasları” kursunda iştirak edirlər. Qonaq bu kursun böyük önəmə malik olduğunu və savadlılığın təməlini təşkil etdiyini düşündüyünü diqqətə çatdırıb. “Coursera” statistikasına görə öyrənmənin yaşı necə dəyişir? Burada qeydiyyatdan keçən tələbələrin yaşını qeyd etsək minimum və maksimum yaş həddi nə qədərdir?” sualını cavablandırarkən icraçı direktor bildirib ki, qlobal orta yaş həddi təxminən 32-dir: “Coursera”-da iştirak edən vətəndaşların orta yaş həddi qlobaldan biraz daha cavandır, yəni 30-dur.

Əsasən bu kursdan karyerasının inkişafının başlanğıcında istifadə edirlər. Qlobal istifadəçilərin 54 faizi kişi, 46 faizi isə qadındır. Azərbaycanlı iştirakçıların 52 faizini kişilər, 48 faizini isə qadınlar təşkil edir. İstifadəçilərin yarısı mobil cihazlar, digərləri isə kompüter və planşetlər vasitəsilə qoşulur. “Coursera” platformasında ən gənc öyrənənlər 17-18 yaşındadır. “Coursera”daha çox sənaye, məşğulluq, şirkətlərə yönəmli olduğu üçün onun auditoriyası əsasən universitetlər, kolleclər, institutlar, yəni yuxarı sinif şagirdləri, tələbələr, şirkət əməkdaşları, yetkin, ahıl insanlardan ibarətdir. Ali məktəblərdə ixtisas seçmək istəyən, iş axtaran, karyerasında yüksəlişə can atan və s. şəxslər “Coursera” kurslarında iştirak etdikdən sonra daha qətiyyətli şəkildə öz qərarlarını verə bilirlər”.

 

Elm və Təhsil Nazirliyinin şöbə müdiri Səbuhi Rzazadənin “Coursera” gələcəyin universitetinə çevrilə bilərmi? Sizin belə bir planınız varmı?” sualını cavablandıran qonaq belə bir nəticəni düşünmədiyini, əksinə, universitetlərin, şirkətlərin əməkdaşlığını təmin etməyə çalışdığını, məqsədinin insanların bundan faydalanması olduğunu deyib. Qazaxıstanla geniş sahədə əməkdaşlıq etməyə başladıqlarını dilə gətirən Cef Maajioncalda ABŞ, Peru, Filippin, Hindistan, Azərbaycan, Qazaxıstan və s. kimi ölkələrdə yüzlərlə universitetləri bir araya gətirərək insanların öndə gedən professorların biliyindən faydalana bilməsini təmin etdiklərini qeyd edib, bu yolda bir körpü rolu oynadıqlarını önə çəkib.

 

Qrup işi və interaktiv öyrənmə

 

Məlumatların sürətli deyil, çatımlı olmasının faydasından bəhs edən Cef Maajioncalda YouTube-da yerləşdirilən qısa videoları passiv seyretmə adlandırıb. O, “Coursera” platformasında bu formatı dəyişdiklərini, aktiv öyrənməyə çevirdiklərini deyib: “Söhbət mürəkkəb konsepsiyalardan, fənlərdən, təməl elmlərdən gedirsə, öyrənmə prosesi vaxt tələb edən məsələdir. Beyin də bir növ əzələdir və onu möhkəmləndirmək, formada saxlamaq üçün uzun müddət çalışmaq çox vacibdir”. Aktiv öyrənmənin nə olduğunu izah edən qonaq istifadəçinin sual verə bilməsini, suallar əsasında videoların əlavə məlumatlar verdiyini söyləyib. Platforma rəhbəri süni zəkanın gəlişi ilə bu prosesin aktivdən interaktivə keçdiyini diqqətə çatdırıb: “Süni zəka ilə təmasa girərək videolar izlənilir, suallar verilir, süni zəka sualları cavablandırarkən özü sizə sual verir və sizin cavablarınıza əsasən bir layihə qurur. Siz tapşırıq alıb onu icra edirsiniz, süni zəka ilə təmas davamlı olur. Bu interaktiv öyrənmədir və bu şəkildə öyrənmə prosesi daha da tərəqqi edir”.

 

Distant təhsildə öyrənənlərin motivasiyasının artırılması məsələsinə toxunan icraçı direktor qeyd edib ki, təhsilin məzmunu və təhsil təcrübəsində interaktivlik, qrup işi, çalışmalar olduqda distant təhsil səmərəli olur. O, qeyd edib: “İstər Pensilvaniya, Miçiqan universitetləri, Parisdəki Biznes Məktəbimiz olsun, hər birində “icma şəklində öyrənmə” adlandırdığımız qrup öyrənməsi mövcuddur. Tələbələr haradan qoşulduğuna və hansı universitetin kursundan faydalanmasına baxmayaraq qrup şəklində öyrənirlər. Qrup işi və interaktiv öyrənmə elementi həm əyani və qiyabi, həm də distant təhsildə olmalıdır”. 

 

Onlayn təhsildə keyfiyyətlərin artırılması məsələsi üzrə məsləhətlər verən C.Maajioncalda əlavə olaraq qeyd edib ki, əldə olunmuş bilik və nəzəriyyənin tətbiqi, təcrübə çox önəmlidir. Konsepsiyaları öyrənmək nə qədər vacibdirsə, bir o qədər də onların təcrübədə sınanması, tətbiq olunması önəmlidir. Digər məqam yumşaq bacarıqlar adlandırılan ünsiyyət bacarığıdır. Qrup şəklində öyrənmədən söhbət gedirsə burada kommunikativ bacarıqların olması çox vacibdir. Nitq, müzakirə aparmaq qabiliyyəti, insanlar arasında münaqişələrin hesablanması kimi bacarıqlar da bura daxildir.

 

Rəqəmsal öyrənmə

 

Hibrid təhsilin inkişafı haqqında danışan icraçı direktor bildirib ki, bu, yetkin insanlar (ailə, iş, vəzifə sahibi olan şəxslər) üçün önəmlidir, çünki onlar həyat boyunca öyrənməyə çalışırlar. Onların çox zaman universitet kampusunda gəlib təhsil almaq imkanları olmadığı üçün məsafədən kurslara qatılırlar. C.Maajioncalda  deyib: “Mən düşünürəm ki, onlayn öyrənmə artıq təhsilin onurğa sütununa çevrilməkdədir. Lakin bununla yanaşı fiziki, oflayn təhsil də tamamlayıcı effekt daşımalıdır. Artıq “Hiflex” deyilən təhsil metodu mövcuddur ki, burada hibrid təhsillə çevik təhsilin sintezi tətbiq olunur. Bir tərəfdən məsafədə, digər tərəfdən də oflayn formata keçib təhsildən faydalanmaq mümkündür”.

 

3000 tələbə və 1500 işəgötürən arasında apardıqları qlobal tətqiqatın nəticələrini bölüşən qonaq bildirib ki, onlara “fakültativləri önəmli bilirsinizmi” sualını ünvanladıqda 89 faiz respondent fakültativlərə çox böyük önəm verdiyini qeyd edib. İşəgötürənlərin 92 faizi universitetlərdə tədris olunan əsas kurslarla yanaşı təlim sertifikatlarının onlar üçün daha önəmli olduğunu vurğulayıb. Yəni “Coursera” platformasında təklif edilən kurslar heç də təhsili əvəz etmir, daha çox onu tamamlayır, əlavə dəyər qatır. İcraçı direktor ilk növbədə tələbələrin, sonra isə universitet və şirkətlərin faydalanması məqsədilə onlarla əməkdaşlıq etdiklərini dilə gətirib.

 

C.Mənsiminin “Müvafiq bacarıqlarla iş imkanlarını uyğunlaşdırmaq üçün ortaya çıxan innovativ həllər hansılardır və biz bu yanaşmaları necə genişləndirə bilərik?” sualına cavab verən platforma rəhbəri söyləyib ki, hökumətin başlıca olaraq görəcəyi iş ölkəni genişzolaqlı internet vasitəsilə təmin etməsi və internetin hər kəsə çatımlı  olmasıdır. O, qeyd edib: “Coursera” olaraq onlayn imkanların mövcudluğu bizim üçün çox vacibdir. Tək tədris deyil, işə qəbul və məşğulluq da artıq internetə qoşulma ilə şərtlənir. “Coursera” daxil olmaqla artıq bir çox şirkətlər məsafədən işə götürür, xidmətlər göstərir, məsafədən əmkdaşlıq baş verir. Təməldən uşaqların yaxşı öyrənməsi üçün hökumətin görə biləcəyi ən başlıca iş ibtidai təhsilin yüksək səviyyədə qurulması, müəllimlərin görəcəyi iş isə uşaqlarda öyrənmə həvəsini formalaşdırmaqdan ibarətdir. İkinci isə internet rabitəsinin keyfiyyətli və çatımlı olmasını təmin etməlidirlər. Biz bir növ fərdi repetitorları qlobal formada əlçatan edirik”.

 

C.Maajioncalda onu da qeyd edib ki, işəgötürənlərin 90 faizi diplomla yanaşı müsahibə zamanı həmin şəxsin əlavə səriştə və bacarıqlarına böyük önəm verir. Yəni, diploma baxıb sahib olduqları ixtisasın nəzəriyyəsi ilə yanaşı, həmin işin praktiki cəhətdən icra bacarıqlarını da araşdırır və qiymətləndirirlər. Onun sözlərinə görə, artıq şirkətlər işə qəbul etdikdən sonra əməkdaşların ömürboyu öyrənmə inkişafına da fikir verir, işçinin nə dərəcədə inkişaf etmək, ixtisas artırmaq həvəsində olmasına, onlayn kurslara qatılmasına, yeni bilik və səriştələrə yiyələnməsinə, yiyələndiyi bacarıqları rəhbər işçilər ilə yoxlamasına, praktikada tətbiq etməsinə xüsusi diqqət yetirirlər. Burada iki məsələ daha önəmlidir: əməkdaş hansı bacarıqlara sahibdir və hansı öyrənmə qabiliyyəti vardır. “Coursera” rəhbəri deyib: “Artıq bizim platformanın minlərlə məzunu işlə təmin olunub və şirkətlər bizim kursa qəbulu da qiymətləndirmənin bir elementi kimi qəbul edirlər”.

 

Cef Maajioncalda ali təhsil ilə sənaye arasında körpünün təmin olunmasının vacibliyini qeyd edərək daha bir tədqiqatın nəticəsini bölüşüb: “Qlobal, aparıcı universitetlərin üzləşdikləri ən başlıca problem tələbə və müəllim heyətinin rəqəmsal uyğunlaşma prosesində çətinlik çəkməsi və büdcə ilə bağlıdır, eləcə də işəgötürənlərin tələbləri ilə məzunların biliyinin uyğunlaşdırılmasıdır. “Coursera” platforması bu baxımdan bir körpü rolunu oynayır, eyni zamanda biz müqayisəli təhlil imkanlarını qazandırırıq”.

 

Süni zəkadan düzgün istifadə

 

“Süni intellektin yüksəlişi ilə bağlı müəyyən narahatlıqlar var və gələcəkdə texnologiyanın təhsil sektorunu və iş bazarını dəyişdirməsini necə görürsünüz?” sualını cavablandıran qonaq bildirib: “Süni zəka yeni bir mərhələyə qədəm qoyub. Süni zəkanın işləməsi yenə də öngörmə və alqoritm əsasındadır. Lakin əvvəllər süni zəka daha çox öngörmə, proqnozdan ibarət idisə, indi artıq hasiledici bir qüvvəyə çevrilib. Süni zəka artıq sözləri istehsal edə bilir, bu isə o deməkdir ki, artıq dil funksiyasına da sahibdir. Dil funksiyasına sahibdirsə, ideyalar da irəli sürə bilir. Digər tərəfdən, görürük ki, süni zəka səsləri də immitasiya edir, musiqi istehsal edir. Süni zəka pikselləri mənimsəyib, müxtəlif təsvirlər, videolar yaradır. Artıq süni zəka sözləri, ifadələri, görüntünü proqnozlaşdırmaqla kifayətlənmir, həmçinin də onları istehsal edir. Süni zəka insanın sahib olduğu bacarıqlara malikdir. Bu əvvəlki maşınların təkrarlama funksiyasından daha irəlidir, söhbət zehni planlaşdırmadan, istehsaldan gedir. Belə vəziyyət bir sıra sənayelər qarşısında çağırış formalaşdırır. Süni zəka artıq sosial mediada, sosial şəbəkələrə məharətlə yalan xəbər istehsal edib buraxa bilər. Daha mürəkkəb məsələ ondan ibarətdir ki, süni zəkadan nə qədər çox istifadə ediriksə, bir o qədər də beyin ətalətimiz artır. İnsan maşın sürdükcə fiziki olaraq zəiflədiyi kimi, süni zəkadan istifadə etdikcə həm fiziki, həm də zehni cəhətdən süskünlük, ətalət yaşanır. Getdikcə məsələ daha da şiddətlənir, süni zəka insanların əvəzinə qərarlar qəbul edir. Və əgər bunu hərbi qərarlara yönəltsək, fəsadları daha acınacaqlı ola bilər. Əlbəttə, süni zəkanın faydaları həddindən çoxdur: təhsil, işəgötürmə imkanlarını artırır, daha çox iş imkanı yaradır. Bu sahə hökumət tərəfindən tənzimlənməlidir. Kreativlik öz yerində qalmaqla qaydalar, normativ sənədlər vətəndaşların təhlükəsizliyi naminə istifadə olunmalıdır”.

 

C.Maajioncalda şirkət rəhbərlərinə iki məsləhət verib: “Sürətlə dəyişən dünyanın tələblərilə eyni sürətlə ayaqlaşmaq, çeviklilik, sürətli şəkildə adaptasiya bacarığı olmalıdır. Bu həyati əhəmiyyətə malik bacarıqdır və hər bir təşkilat buna sahib olmalıdır. İkinci tərəfdən eyni xarakterə sahib olan liderlər olmalıdır ki, bu şirkətləri arxasınca apara bilsinlər, sürətli dəyişikliklər yaratmağa qadir olsunlar. İnsanları arxanızca apara bilmək üçün yeni çağırışlara sinə gəlməyi, şəraitə uyğunlaşmağı bacarmalısınız. Eyni zamanda gələcəyə baxış olmalıdır ki, siz onu insanlarla paylaşa və inandıra biləsiniz”.

 

8 guşəli yeni çağırışlar

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, daha təhsilli gələcək üçün onun guşələri hansı çağırışlardan ibarət olar?” sualının cavabında Cef Maajioncalda qeyd edib: “Dünya sürətlə inkişaf etməkdədir və bu, həm də energetika sahəsində özünü ehtiva edir. Azərbaycanda neft və qaz sahələri olduqca çəkiyə sahib olan sahələrdir. Tək şirkətlər deyil, ölkələr də artıq reallıqlara adaptasiya olunmaq məcburiyyətindədir. Bu baxımdan Azərbaycanda təhsil səkkiz güşəli ulduza bənzəyir. Burada təhsil istər ölkənin və iqtisadiyyatın müxtəlif təsirlərə dayanıqlılığı, istər insanların güzaranı baxımından həmin o ulduz rolunu oynayacaqdır”. 

 

Görüşün sonunda “T-Network”ün rəhbəri Cəfər Mənsimi qonağın “Maraq göstərmək öyrənməyin xüsusi sousudur” çağırışının ulduzun bütün güşələrinə şamil edilməsinin mümkünlüyünü dilə gətirərək “əsas çağırışlardan birinin özünün və ətrafın potensialını düzgün qiymətləndirməkdir” fikri ilə proqramı yekunlaşdırıb.

 

Lamiyə ƏLİMƏRDANOVA

 



31.03.2023 | 12:41