Əcnəbi tələbələr Azərbaycanı seçir

 

Kimheng Lin Kambocadandır. UNEC-də biznesin idarəetməsi ixtisası üzrə IV kursda oxuyur. Özü də Azərbaycanın xarici ölkə vətəndaşları üçün ayırdığı təqaüdlə. Ölkəmizlə bağlı real bilgilərə bura gəldikdən sonra yiyələnib. Məhz bu təqaüd proqramının sayəsində ölkəmizə və xalqımıza aid çoxlu müsbət keyfiyyətlər sadalayır: “Başqa ölkələrdə çinliyəm deyə, sanki  COVID-19 virusunu mən gətirmişəm kimi münasibət göstərilir. Amma burada ayrıseçkilik yoxdur. Azərbaycanda sülh var, yaxşı təhsil verilir. Azərbaycan ailəsində yaşayır, hər gün Azərbaycan yeməkləri yeyirəm. Çoxlu azərbaycanlı dostlarım var. Əminəm ki, yaradılan təhsil imkanı ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirəcək”.

 

 

 

Əcnəbi tələbələrin təhsilini maliyyələşdirən layihələr həyata keçirilir

 

Kimheng Lin kimi onlarla gənc Azərbaycanın verdiyi təqaüd imkanından yararlanaraq ölkəmizdə təhsil alır. Belə ki, 2018-2022-ci illər üçün İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ayrılmış təqaüd proqramı çərçivəsində 200-ə yaxın əcnəbi tələbənin müxtəlif səviyyələr üzrə təhsili təşkil edilib. Əcnəbilər həmin proqramlar çərçivəsində yerli təhsil müəssisələrində bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura, doktorantura səviyyələri üzrə təhsil almaq hüququ qazanıblar. Elm və Təhsil Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənovun sözlərinə görə, 2022-2023-cü tədris ilində yerli ali təhsil müəssisələrində 40 əcnəbi şəxs təhsil qrantı çərçivəsində təhsil almaq hüququ  qazanıb. Hazırda ölkəmizdə ümumilikdə 200-dən çox əcnəbi tələbə ödənişsiz olaraq dövlət hesabına təhsil alır. Onlardan 130-dan çoxu təhsil qrantı, 90-a yaxını hökumətlərarası təqaüd proqramları çərçivəsində yerli ali təhsil müəssisələrində təhsillərini davam etdirirlər.

 

“İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına  üzv dövlətlərin vətəndaşları üçün 2018-ci ildə təqaüd proqramı təsis edildi. 5 illik həmin proqramlar üzrə hər birində 100 olmaqla 200 nəfər tələbənin təhsili nəzərdə tutulurdu.  Bu il bu proqramlar çərçivəsində sonuncu dəfə qəbul həyata keçirildi. Yerləşmə prosesində Elm və Təhsil Nazirliyi də iştirak etdi və çalışdıq ki, region universitetlərinə də ixtisasların tədrisi, yataqxana imkanları baxımından əcnəbi tələbə getsin. Aqrar Universitet bu prosesdə iştirak etdi və indi də təhsil qrantı ilə təhsil alan əcnəbi tələbə var”.

 

Təhsil qrantı qalibləri Aqrar Universitetilə yanaşı, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti və Xəzər Universitetində təhsil alırlar.

 

Xatırladaq ki, təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, aylıq təqaüd, tibbi yardım və beynəlxalq nəqliyyat xərclərini əhatə edir. M.Həsənovun sözlərinə görə, bu proqramlar əcnəbi tələbələrin ölkəmizdə təhsilə cəlbi prosesində hökumətin əsas alətləridir. XİN-lə birlikdə həyata keçirilən proqramların uzadılması da gözləniləndir.

 

Hökumətin əsas alətlərindən biri isə hökumətlərarası təqaüd proqramlarıdır və hazırda Macarıstan, Çin, Qazaxıstan, Rumıniya, Tacikistanla sazişlər işlək vəziyyətdədir: “Məsələn, bu il Çindən 41 tələbə qəbul etmişik. Macarıstana isə 10 yer ayrılıb”.

 

M.Həsənov hökumətlərarası təqaüd proqramlarında müşahidə olunan çətinliklərə də diqqət çəkib. Onun sözlərinə görə, Macarıstandan Azərbaycanda oxumağa gəlmək istəyən olmadığı kimi, Azərbaycandan da Qazaxıstan və Tacikistanda oxumaq arzusunda olanlar azdır.

 

Əcnəbi tələbələrin işğaldan azad olunan ərazilərə səfəri təşkil edilir

 

Buna baxmayaraq, ölkəmizdə təhsilin inkişafına töhfə vermək, əcnəbilərin təhsilini təşkil edərək həm də Azərbaycanın təbliğinə nail olmaq - problemlərini daha çox insana çatdırmaq, uğurlarını daha böyük ərazidə yaymaq başlıca məqsəddir. Odur ki, Nazirlik əcnəbi tələbələri əhatə edən bir sıra maraqlı layihələrə imza atıb. Belə layihələrdən birindən danışarkən M.Həsənov Elm və Təhsil Nazirliyinin, sadəcə keyfiyyətli təhsilin təşkili deyil,  Azərbaycanda təhsil alan tələbələrin ictimai-sosial fəallığını da izlədiyini vurğulayıb. Onun sözlərinə görə, əcnəbi tələbələr üçün müxtəlif tədbirlər təşkil olunur ki, onlardan biri də işğaldan azad edilən ərazilərə səfərlərdir.

 

Bəs,  bu səfərin nəticəsi necə olub? Layihə qarşısına qoyduğu məqsədə çatıbmı? Bunu öyrənmək üçün əcnəbi tələbələrə üz tuturuq. Şuşaya səfərdə iştirak edən Hamza Nacer deyir ki, nəinki işğaldan azad edilən, Azərbaycanın başqa regionlarında - Quba və Gəncədə də olub. Azərbaycanın havası və memarlığı onu valeh edib. Şuşaya səfər çərçivəsində Qarabağla bağlı həqiqətlərdən xəbərdar olub.

 

 

 

Azərbaycanın ayırdığı təhsil qrantı ilə təhsil alan 130 tələbədən biri - Əlcəzair vətəndaşı Hamza Nacer ADNSU-da doktorantura təhsili alır. Yanğın və sənaye təhlükəsizliyi mövzusunu araşdırır. Burada verilən təhsilin keyfiyyətindən razıdır və Azərbaycan universitetlərinin onun ölkəsindəki ali təhsil müəssisələri ilə müqayisədə daha yaxşı təchiz olunduğunu deyir.

 

Bəlkə Nacer məhz təqaüd qazandığı üçün Azərbaycandadır. O, oxumaq üçün məhz Azərbaycanı seçdiyinə, ölkəmizi tanıdığına görə çox məmnundur.

 

 

Azərbaycan onlara təhsil imkanı yaradır

 

Bu, Azərbaycan hökumətinin yaratdığı imkandır. Kimheng Lin də, elə Hamza Nacer də Azərbaycanda olmalarının ilk səbəbi olaraq hökumət proqramını göstərir. Sudanlı gənc Alaa Eldin Hamid isə Azərbaycanda təhsil imkanı yaradan təhsil qrantı proqramı sayəsində öz ölkəsinin inkişafına böyük töhfə verəcəyinə inanır: “2018-ci ildə mənim ölkəmdə inqilab baş verib. O vaxtdan bəri siyasi vəziyyət sabit deyil. Orda təhsil almaq imkanları çox məhduddur. Mən də düşündüm ki, bu müddətdə özümü, mənə bu imkanı yaradan Azərbaycanda inkişaf etdirim ki, vaxtı çatanda əldə etdiklərim sayəsində ölkəmin inkişafına qatqım olsun. Burada aldığım təhsillə istəyimə nail ola biləcəyimə inanıram”.

 

I kurs tələbəsi Alaa Eldin Hamid də ölkəmizə gələrkən Azərbaycanla bağlı  məlumatı olmayıb: “Azərbaycan haqqında heç nə bilmirdim. Təqaüdü gördükdən sonra maraqlandım”.

 

O da təhsilini tamamlayıb ölkəsinə qayıdacaq: “Öz ölkəmə xidmət etmək istəyirəm”.

 

Tələbələr şagirdlərə öz ölkəsindən danışır

 

Əcnəbi tələbələrin iştirakı ilə daha bir maraqlı layihənin mövzusu onların öz ölkələri ilə bağlıdır. Belə ki, tələbələr Azərbaycan məktəbliləri qarşısında öz ölkələri haqqında təqdimatla çıxış edirlər. Əcnəbi gənclərə öz ölkəsini tanıtmaq şansı verən layihə məktəblilərimizə də ayrı-ayrı ölkələri vətəndaşlarının dilindən, həmin ölkələrdə yaşayıb-böyümüş insanlardan dinləmək, onların vasitəsilə öyrənmək şansı yaradır.  Sektor müdiri M.Həsənovun sözlərinə görə, bu layihə bir neçə məqsədə yönəlib: “Bununla həm Azərbaycanın vəsaiti hesabına ölkəmizdə təhsil alan tələbələri cəmiyyətə tanıtdırır, həm də ayrı-ayrı ölkələr haqqında məktəblilərimizi məlumatlandırır, bir növ həmin ölkədən olan şəxsin iştirakı ilə sinifdənxaric oxu təşkil edir, ölkələrlə bağlı məktəblilərimizdə real təsəvvür yaradırıq”.

 

Maraqla qarşılandığını vurğulayan sektor müdiri qeyd edib ki, onlayn təşkil olunan layihəyə 200-300 şagird canlı qoşulur. Ölkə təqdimatlarının videolarının sosial media kalanallarında yayımlanması da   baxış sayı artırır.

 

Potensialımız daha çox tələbə cəlb etməyə imkan verər

 

Beləliklə, Azərbaycanda 130-dan çox təhsil qrantı, 90-a yaxın hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsilalan var. 2022-2023-cü tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 110 ölkədən 9000-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxsin təhsil aldığını nəzərə alsaq, 220 nəfər çox cüzi rəqəmdir. M.Həsənovun sözlərinə görə, ölkəmizdə təhsil alan əcnəbi tələbələrin əksəriyyəti öz hesabına təhsil alır. Bu da o deməkdir ki,  ölkəmizə əcnəbi tələbə kütləsi daha çox universitetlərin qəbulu əsasında formalaşır. Odur ki, Nazirlik universitetlərin əcnəbilərlə işinin qurulmasına da dəstək verir. Məsələn, universitetlərin beynəlxalq əlaqələr sahəsində çalışan əməkdaşları Nazirliyin xətti ilə Avropa İttifaqının müxtəlif təlimlərinə qatılır, yaxud onlara təlim keçməsi üçün Avropadan ekspertlər dəvət edilir: “Diplomatik kanallarla daxil olan müraciətləri universitetlərimizə yönəldirik.Yaxud ayrı-ayrı ölkələrdə universitetlərin öz işini qurmasına, təbliğinə dəstək veririk.  Məsələn, cari tədris ilinə müraciətlərin davam etdiyi müddətdə Malayziyanın bir qrup gəncinə 4-5 universitetimiz təqdimat etdi”.

 

“Qanunvericilikdə də artıma dəstək ola biləcək təşəbbüslər irəli sürür, dəyişikliklərin həyata keçirilməsi üçün aidiyyatı qurumlarla iş aparırıq”, deyən sektor müdiri Müjdat Həsənovun sözlərinə görə, görülən işin nəticəsidir ki, ildən-ilə Çin, Türkiyə, İran, Gürcüstan, Pakistan, Rusiya, Nigeriya, Hindistan, Şri-Lanka, İraq, Suriya və digər ölkələrdən onlarla gənc təhsil almaq üçün ölkəmizi seçir.

 

Azərbaycanda təhsil imkanlarını ən yaxşı şəkildə təqdim edən “Study in Azerbaijan” layihəsi üzərində işin də genişləndirildiyini deyən sektor müdirinin sözlərinə görə, ilk dəfə olaraq, layihə çərçivəsində bütün universitetlərə qəbulun elektron formatı tətbiq edilib və uğurla icra olunur: “Əcnəbi tələbə sayta daxil olaraq qeydiyyatdan keçir, universitetlərdən birini seçib elektron müraciətini göndərir. Qiymətləndirmə alətlərinə, tələbənin keyfiyyətinə uyğun olaraq, universitetlər müraciəti dəyərləndirib cavab verir. Prosesin sonunda tələbənin məlumatları Nazirliyin portalına düşür”.

 

Sektor müdiri əlavə edib ki, layihənin sosial media hesabları, internet səhifəsi, mərkəzləşmiş elektron müraciət sistemi var: “Bunu korporativ idarəetmə səviyyəsinə keçirməyin optimal variantı üzərində iş gedir. Hazırda texniki müstəvidə prosesin təşkili həyata keçirilir. Elə bir format düşünülür ki, universitetlərin əvəzinə xaricdə iş qurulsun, sərgilərdə iştirak edilsin, tələbələr gətirilsin və onlar öz istəklərinə uyğun təhsil müəssisələrinə yerləşdirilsin, bir sözlə, layihə universitetləri də təmsil etsin. Başqa ölkələrdə artıq işlək mexanizmə çevrilən layihə bu variantda universitetlərin təbliği üçün də daha az xərc deməkdir”.

 

 

 

Tayland vətəndaşı Apisada Laowattanabhongse Azərbaycan, ölkəmizin təklif etdiyi təhsil qrantı proqramları barədə “Study in Azerbaijan” səhifəsindən məlumatlanıb və doktorantura səviyyəsində təhsilini davam etdirmək üçün müraciət edib. Xəzər Universitetinin doktorantı burada təhsilini tamamladıqdan sonra ölkəsinə, öz işinə qayıdacaq: “Beynəlxalq ticarətdə uğurlu karyera üçün diplom işimi də bu sahə ilə bağlı seçmişəm. Təhsil alıb öz ölkəmə və regiona fayda vermək istəyirəm”.

 

 

 

Azərbaycan ümid yerinə çevrilir

 

Azərbaycan gəncləri təhsil üçün xarici ölkələrə üz tutur. Amma Azərbaycan da başqa ölkələrdən olan bir çox gənclər üçün özünüinkişaf yolu, hökumətin ayırdığı təhsil qrantı və layihələr isə ümid  yerinə çevrilir və bu proses davam edəcək, yəni ölkəmiz hələ çox əcnəbi gəncə təhsil imkanı qazandıraraq ümid işığı olacaq.

 

Ruhiyyə DAŞSALAHLI 

 



31.03.2023 | 10:43