“Elm Gününün təsis olunması elmə diqqət və qayğının bariz göstəricisidir”

Lənkəran Dövlət Universitetində (LDU) Elm Günü ilə bağlı tədbir keçirilib. Universitetin elm və innovasiya məsələləri üzrə prorektoru dosent Elvin Əliyev tədbirdə çıxış edərək bildirib ki, ölkə başçısı İlham Əliyevin 2018-ci il 9 aprel tarixli sərəncamı ilə Azərbaycanda “Elm Günü”nün təsis edilməsi bütövlükdə Azərbaycan elminə, elmi ictimaiyyətinə göstərilən diqqət və qayğının göstəricisidir.

 

Son 5 il ərzində LDU-da elmi istiqamətdə aparılan işləri rəqəmlər əsasında diqqətə çatdıran universitet rəsmisi bu sahədə müsbət irəliləyişlərin olduğunu vurğulayıb. Qeyd edib ki, hazırda dövlət səviyyəsində həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılması, təhsil, elm və innovasiya arasında səmərəli əlaqələrin yaradılmasıdır.

 

Universitetin sosial məsələlər üzrə prorektoru Kamran Kazımov “Heydər Əliyev İli” çərçivəsində LDU-da keçirilən tədbirlərdən danışıb. Bildirib ki, Ulu Öndər ölkədə elmin inkişafına həmişə böyük önəm verib və bu iş onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir:” Azərbaycan elminin bugünkü inkişaf səviyyəsinə yüksəlməsində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri olub. Ümummilli Lider ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişaf etdirilməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirib, daim qayğı göstərib, elm-təhsil problemlərinə kompleks şəkildə yanaşıb, elmin sürətli inkişafı üçün mühüm qərarlar verib, müvafiq sahədə problemlərin aradan qaldırılması məqsədilə ciddi tədbirlər həyata keçirib”.

 

Tədbirdə tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Kamal Mahmudov “Heydər Əliyev və Azərbaycanda elmin inkişafı”, tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı dosent Zaur Məmmədov “Şuşa Türk dünyasının mədəni paytaxtı kimi” mövzularında məruzə ediblər. Məruzələr ətrafında tarixçi alimlər dosent Mayis Cəfərovun və Emin Məlikovun çıxışları  dinlənilib. Məruzə və çıxışlarda görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı böyük rolundan bəhs edilib.

 



28.03.2023 | 12:47