BDU tələbələri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin layihələrinə cəlb ediləcək

Bakı Dövlət Universiteti (BDU) ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi BDU rektoru Elçin Babayev və Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli imzalayıblar.

 

İmzalanma mərasimində çıxış edən rektor Elçin Babayev BDU-nun son illər beynəlxalq əlaqələrlə yanaşı, ölkədaxili əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib. Əmək bazarının tələblərinə cavab verən kadrlar hazırlanması, tədrisin təcrübə və istehsalatla əlaqələndirilməsinin BDU üçün prioritet olduğunu bildirən rektor diqqətə çatdırıb ki, Dövlət Xidmət ilə imzalanan memorandum məhz bu məqsədə xidmət edəcək. E.Babayev memorandumun tərəflər arasında qarşılıqlı əlaqələrin geniş spekterini əhatə edəcəyini vurğulayıb:”BDU-nun tələbələri Dövlət Xidmətinin gələcəkdə həyata keçirəcəyi bir sıra layihələrə cəlb ediləcək, həmçinin ali məktəbin tədris prosesində Dövlət Xidmətinin imkanlarından istifadə olunacaq”. 

 

Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli isə qeyd edib ki, Azərbaycanda gənclər siyasətinə böyük önəm verilir və bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən müxtəlif proqramlar, layihələr həyata keçirilir. Potensiallı gənc kadrların yetişdirilməsi və onların dövlət qurumlarında işlə təmin olunması dövlət idarəetməsində yeni innovativ düşüncələrin, müasir yanaşmaların tətbiqinə şərait yaradıb, idarəetmə prosesinə dinamizm qazandırıb.

 

Qeyd edək ki, memoranduma əsasən, BDU tələbələrinin təcrübə proqramlarına cəlb edilməsi istiqamətində əməkdaşlığın təşkili, istehsalat və elmi-tədqiqat təcrübələrində, o cümlədən seminar və təlimlərdə iştiraklarının təmin edilməsi nəzərdə tutulur. Sənəddə, həmçinin universitetin məzunları ilə birgə innovasiyayönümlü layihələrin araşdırılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi və digər məsələlər də yer alıb.

 



18.03.2023 | 13:34