Ulu Öndər və incəsənət aləmi

Dünyagörmüş insanların, müdriklərin, ictimai və dövlət xadimlərinin fikrincə Ulu Öndərimiz Heydər Əliyev kimi incəsənətə - incəsənət xadimlərinin yaradıcılığına, həyat və məişətinə diqqət və qayğı göstərən ikinci bir ölkə başçısı olmayıb. Bəli, bu, həqiqətdir. Onlarla, yüzlərlə sənət adamının həyatı, yaradıcılıq fəaliyyəti nümunəsində ümumiləşdirilmiş həyat həqiqəti. Canından artıq sevdiyi doğma Azərbaycana övlad məhəbbətini bildirərkən sözünün başı, əzəl mübtədası bu olurdu: Mən fəxr edirəm ki, azərbaycanlıyam!..

 

Bu sözlər elə belə adi sözlər deyildi. Bu sözlər Ulu Öndərin qəlbinin dərinliyindən gələn, mayəsi nurla, işıqlı gələcəklə aşılanan böyük vətənpərvər Heydər Əlirza oğlunun həyat idealı, həyat qayəsi idi. O, Azərbaycanın fədakar oğul və qızlarına böyük ehtiramla yanaşır, sözün həqiqi mənasında atalıq qayğısı göstərirdi.

 

Ulu Öndərimiz elmimizin, incəsənətimizin, geniş mənada mədəniyyətimizin yüksəlişi, tərəqqisi naminə çalışanları daima diqqət mərkəzində saxlayırdı. Çünki o özü incəsənətə vurğun bir düha idi. İncəsənət sahəsində çalışan, onu daha da inkişaf etdirən sənət adamlarına böyük ehtiram da bu böyük şəxsiyyətin mənəvi zənginliyi idi.

 

Ulu Öndərimizin müəllimlərinə, sənət adamlarına, yaşıdlarına və özünün dediyinə görə, incəsənətə böyük marağı hələ Naxçıvanda - uşaqlıq və yeniyetməlik illərində formalaşmışdır. Bununla belə, deməliyik ki, hələ o zaman memarlığa, memarlıq sənətinə böyük maraq göstərirdi.

 

Ulu Öndərimizin hakimiyyətdə olduğu illərdə Bakıya, Naxçıvana, Gəncəyə, Şuşaya, Mingəçevirə, Lənkərana və respublikamızın digər şəhərlərinə mahir memar təfəkkürü ilə diqqət yetirməsi, müasir şəhərsalma işlərində milli və bəşəri ənənələrinin sintezindən bacarıqla istifadə edilməsinə şərait yaratması, xalqımıza başucalığı gətirən sənət adamlarının, müharibə və əmək qəhrəmanlarının abidələrinin şəhərin müxtəlif guşələrində ucaldılmasına nail olması onun təbiətən memar xislətli yaradıcı şəxsiyyəti ilə əlaqədardır. Ulu Öndərimizə həsr edilmiş “Azərbaycanı dünyaya saydıran insan” kitabında yazılır:

 

“Abidələrin mühafizə olunub gələcək nəsillərə çatdırılmasında Heydər Əliyevin böyük rolu olmuşdur. Onun respublikamıza rəhbərlik etdiyi dövrdə İçərişəhər” Dövlət Tarix-Memarlıq, Qəbələ Dövlət Tarix-Bədii, Lahıc Dövlət Tarix-Mədəniyyət və s. qoruqlar  yaradılmışdır ki, onlar indiyə qədər səmərəli fəaliyyət göstərirlər.

 

1970-1982-ci illərdə Heydər Əliyevin köməkliyi sayəsində 52 memarlıq abiəsində və bir sıra dini ayinlərin keçirildiyi yerlərdə 650-dən artıq tarixi və mədəniyyət abidəsinin vahid şəkildə yüksək səviyyəli pasportu hazırlandı. Qobustan Arxeoloji Qoruğunda, “Atəşgah” məbədində, Əmircan məscidində və Təzəpirdə genişmiqyaslı bərpa işləri aparıldı. İçərişəhəri ilkin görkəminə qaytarmaq üçün Bərpaçı Elmi-İstehsalat Birliyi yaradıldı. Qədim Karvansaray və digər tikililər torpağın altından çıxarılıb bərpa olundu. Bakı şəhərində Qafqaz Müsəlmanlarının Ruhani İdarəsi yaradıldı”.

 

Heydər Əliyev memarlıqla sıx bağlı olan, təsviri incəsənətin nəzəri və təcrübi məsələlərini mükəmməl mənimsəyən, bu sahədə öz sözü, konsepsiyası olan bir şəxsiyyət, dövlət başçısı kimi həmişə, hər yerdə heyrət və heyranlıq yaradırdı.

 

O, milli və bəşəri mahiyyəti ilə seçilən xalq yaradıcılığı nümunələrinin rəssamlarımızın və heykəltəraşlarımızın əsərlərinin, müxtəlif vaxtlarda keçirilən sərgilərin dəyərini üzə çıxarmaqda, qiymətləndirməkdə həmişə diqqəti cəlb etmiş, fəal mövqeyi ilə tanınmışdır.

 

1981-ci il aprelin 1-də Azərbaycan Respublikası Elmlər Akademiyasının böyük salonunda SSRİ Rəssamlıq Akademiyası Rəyasət Heyətinin və rəssamlıq təhsili üzrə elmi-metodik şurasının geniş iclası keçirilirdi. Xüsusi çəkisinə görə mötəbər sayılan həmin iclas çox mühüm bir məsələyə - 1980-ci ildə ölkənin ali rəssamlıq məktəblərini bitirmiş tələbələrin diplom işlərindən ibarət XX Ümumittifaq sərgisinin müzakirəsinə həsr olunmuşdu.

 

SSRİ Rəssamlıq Akademiyasının rəhbər heyətinin, görkəmli akademiklərin, sənətşünas alimlərin iştirak etdiyi həmin elmi məclisdə Heydər Əliyev “Təsviri sənət ustalarının yüksək vəzifəsi” mövzusunda proqram xarakterli məruzəsi ilə sənət bilicilərini heyrətləndirdi:

 

“Sərgi öz məzmununa görə çoxplanlı, yaradıcılıq və üslub axtarışlarının xarakterinə görə rəngarəngdir. Burada rəngkarlıq və qrafika, monumental və dekorativ sənət, dizayn, arxitektura əsərləri, predmet aləminin bizi əhatə edən bədii məmulat nümunələri təmsil olunmuşdur. Bunların bir çoxu novatorluq ruhu ilə aşılanmışdır, müasirlərimizin estetik zövqünü oxşayır, dövrümüzün xariqələri ilə həmahəngdir. İncəsənətin bütün bu növləri gənc rəssamlar qarşısında geniş fəaliyyət meydanı açmış, onların bədii sərvətlər yaradılması prosesində çox vacib və zəruri olan intellektual və yaradıcılıq təxəyyülünün inkişafına təkan vermişdir. Biz, əlbəttə, təqdim olunmuş əsərlərə və bütün sərgiyə ümumi qiymət vermək fikirində deyilik, bunu sizin iclasınızın gedişində təsviri sənətin səriştəli ustaları edəcəkdir, lakin biz istərdik ki, bu imkandan istifadə edib ancaq ümumi təəssüratımızı söyləyək. Bu barədə danışarkən qeyd etmək istərdik ki, layiqli gənc nəsl yetişir, ölkəmizin rəssamlar ailəsinə layiqli qüvvələr gəlir” .

 

Bəli, Ulu Öndərimiz peşəkar sənətçilərin, gənc, yaradıcı qüvvələrin, istedadların sənət aləminə gəlmələrinə və orada layiqli yer tutmalarına hər an böyük diqqət və qayğı göstərmişdir.

 

Heydər Əliyev həmişə, hər yerdə Azərbaycan incəsənətindən, onun mənəvi, ümumbəşəri dəyərlərindən iftixarla söhbət açmışdır. Haqqında bəhs etdiyimiz həmin mötəbər məclisdə də Ulu Öndərimiz öz ənənəsinə sadiq qalaraq demişdir:

 

“Bizim müasir təsviri sənətimizin kökləri uzaq keçmişə gedib çıxır. Azərbaycan bədii mədəniyyətinin orijinal və çoxcəhətli tarixi bunu sanballı, ifadəli və tutarlı şəkildə sübut edir. Qobustandakı çox qədim qayaüstü təsvirlər və Bayıl qalasının plastik relyefləri, orta əsrlərin nadir memarlıq abidələrindən Əcəmi Naxçivaninin ölməz yaradıcılıq irsi olan Möminəxatun məqbərəsi, Bakıdakı Şirvanşahlar sarayı və Qız qalası, Şəkidəki xan sarayının məşhur naxışları, xalçaçılığın və dekorativ sənətin başqa növlərinin klassik nümunələri bəşər sivilizasiyasının xəzinəsində solmaz incilərdir. Bütün bu incəsənət nümunələrində Azərbaycan xalqının müdrikliyi və yaradıcılıq fantaziyasının tükənməz zənginliyi, onun estetik zövqü öz təcəssümünü tapmışdır”.

 

Maraqlı burasıdır ki, Ulu Öndər həmin elmi məclisdə Azərbaycan təsviri incəsənətinin və bu sahə ilə sıx bağlı olan memarlıq abidələrinin yaranma tarixindən bəhs edərkən tarixi faktlara yaradıcılıqla yanaşmış, daha geniş yayılan janrların bədii-estetik mahiyyətini inandırıcı fikir və müddəalarla nəzərə çatdırmışdır. Bu baxımdan Azərbaycan miniatür sənəti haqqında qənaətləri də böyük maraq doğurur:

 

“Yaxın  və Şərq xalqlarının incəsənət tarixində parlaq səhifələrindən biri olan Azərbaycan miniatür rəngkarlığının realizmi, nəfisliyi və poetikliyi müasirlərimizi bu gün də heyran edir. Bizim klassik poeziyamız, onun Nizami, Xaqani, Nəsimi, Füzuli kimi dahi nümayəndələri öz əsərləri ilə miniatür rəngkarlığının humanist  məzmununu və ideya istiqamətini müəyyənləşdirmiş, onun bədii formasının inkişafında parlaq iz buraxmışlar. XVI əsr rəssamı Sultan Məhəmmədin və bir çox başqalarının məharətlə çəkdikləri ən yaxşı miniatür sənət nümunələri haqlı olaraq milli bədii irsimizin qızıl fonduna daxildir” (“Bakı” qəzeti, 3 aprel 1981).

 

Misli görünməmiş yaddaşa, çevik təfəkkürə malik olan Ümummilli Liderimiz incəsənətin bütün sahələrini, o cümlədən, ədəbiyyat, musiqi, teatr, kino sənətini, ayrı-ayrı növ və janrların bədii-estetik mahiyyətini özünəməxsus şərh üslubu ilə nəzərə çatdırır, dinləyiciləri, tamaşaçıları heyrətləndirirdi.

 

Musiqi sənətimiz və onun əsasını təşkil edən musiqi folklorumuz, aşıq yaradıcılığı-aşıqlar, bəstəkarlar, musiqi ifaçılarından söhbət düşəndə o, mahir musiqişünas, sənətşünas kimi çıxış edirdi. Daha aydın olmaq üçün dahi bəstəkarımız, musiqi alimimiz, akademik Ü.Hacıbəyovun anadan olmasının 110 illiyinə həsr edilmiş yubiley gecəsindəki çıxışından bir məqama diqqət edək:

 

“Üzeyir Hacıbəyovun əsərlərində təkcə musiqi yox, onun ictimai-siyasi və mənəvi-məzmunu da böyük əhəmiyyət kəsb edir. Bəstəkarın əsərlərinin hamısında insan azadlığı, insan paklığı, səmimiyyəti, insanların bir-birinə münasibəti tərənnüm edilibdir. Ola bilər ilk dəfədir ki, Ü.Hacıbəyovun yubiley mərasimində respublikanın Prezidenti söz söyləyir. Bu, heç də təsadüfi deyil. Çünki Ü.Hacıbəyov dahi bir bəstəkar, musiqiçi, eyni zamanda böyük alimdir, filosofdur, maarifçidir. Xalqımızda milli dirçəliş, milli oyanış, milli özünüdərk hisslərinin yaranmasında, formalaşmasında, inkişaf etməsində Ü.Hacıbəyovun əsərləri və onun bilavasitə fəaliyyəti böyük rol oynamışdır. Azərbaycanlılar - gənclər, vətəndaşlarımız məhz Ü.Hacıbəyovun əsərlərindən ruhlanaraq Vətənimizi daha çox sevmişlər, onun musiqisini dinləyərək, onun əsərlərində irəli gələn fikirlərin təsiri altına düşərək hiss etmişlər ki, Vətən, ölkə, millət hər bir insan üçün nə qədər əzizdir, doğmadır” (“Azərbaycan” qəzeti, 20 sentyabr, 1995-ci il).

 

Heç bir kağıza, qabaqcadan hazırlanmış mətnə baxmadan dahi sənətkarın yaradıcılıq amalı, mənəvi - estetik idealı haqqında bu cür elmi-fəlsəfi əsaslara söykənən təhlil və ümumiləşdirmə aparmaq qeyri-adi qabiliyyətin təzahürü kimi nəzərə çarpır.

 

Ulu Öndər Azərbaycan incəsənəti və onun görkəmli nümayəndələri haqqında həmişə, hər yedə böyük vətənpərvərlik hissi ilə söhbət açarkən problem xarakterli məsələlərin üzərində də dayanırdı. Müxtəlif nəsildən olan insanların, o cümlədən, gənclərin incəsənətlə təmasda olmasına xüsusi fikir verirdi. Təsadüfi deyildir ki, Heydər Əliyev 1978-ci il martın 11-də Azərbaycan komsomolunun XXX qurultayındakı məşhur nitqində məhz həmin məsələlərin üzərində dayanırdı:

 

“Gənclərin geniş təbəqələrini incəsənət aləmi ilə tanış etmək, gənclərin estetik tərbiyəsi ilə məşğul olmaq bizim adlı-sanlı mədəniyyət ustalarının, ifaçılıq və yaradıcılıq kollektivlərinin də bilavasitə borcudur. Onların ümumtəhsil məktəblərinə, texniki-peşə məktəblərinə, ali məktəblərə, texnikumlara hamiliyi nə qədər fayda verərdi, burada onlar nə qədər pərəstişkarlar tapardılar. Görkəmli ustaların gənclər qaşısında çıxışları, onlarla söhbətləri, məsləhətləri estetik tərbiyənin ən təsirli vasitələrindən biri ola bilər və olmalıdır. Bu işi ürəklə, ruh yüksəkliyi ilə görmək lazımdır, ona isə yaradıcılıq ittifaqları və komsomolun Mərkəzi Komitəsi başçılıq etməlidir”.

 

Ulu Öndər çox yaxşı bilirdi ki, ən gözəl incəsənət əsəri, ən gözəl musiqi kollektivləri hələ mədəniyyətin əsas göstəricisi, estetik təsir vasitəsi deyil. Sənət əsərləri o zaman şəxsiyyətin estetik mədəniyyətinin inkişafına qüvvətli təsir göstərir ki, ayrı-ayrı janrlarla müntəzəm təmaslıq yaranır və bu, mənəvi tələbata çevrilir.

 

Ümummilli Liderimiz 28 may 1980-ci ildə keçirilən ali məktəb işçilərinin respublika müşavirəsindəki nitqində həmin məsələləri həyatı faktlar, müşahidələr əsasında diqqət mərkəzinə gətirmişdir:

 

“Bizim yaxşı opera teatrımız vardır, burada Azərbaycan bəstəkarlarının, müasir sovet bəstəkarlarının, rus və Avropa klassikasının əsərləri tamaşaya qoyulur. Lakin tələbə gənclər opera teatrına az gedirlər. Gözəl simfonik orkestrimiz vardır, lakin onun da konsertlərində gəncləri az-az görmək olur.

 

Bir çox professorların və müəllimlərin teatra, konsert salonlarına getməkdənsə, evdə televizorun qabağında oturmağı üstün tutmaları, əlbəttə, pisdir və onlara baş ucalığı gətirmir. Tələbə gənclərin mədəniyyətinin yüksəlməsinə sizin lazımınca təsir göstərməməyiniz, onların estetik zövqünü formalaşdırmaqdan özünüzü kənar çəkməyiniz isə bağışlanılmazdır.

 

Bir neçə ay bundan əvvəl biz respublika partiya və sovet fəallarının ayda bir dəfə kollektiv surətdə klassik simfonik musiqi dinləməsini təşkil etmişik. Biz hər ayın son cümə günü ailələrimizlə birlikdə filarmoniyaya gedir və iki saat simfonik musiqiyə qulaq asırıq. Deməliyəm ki, rəhbər işçilərimiz sırasından bəzi yoldaşları konsertə ilk dəfə az qala zorla gətirmək lazım gəldiyi halda, indi hamı aldığı böyük zövq üçün təşəkkür edir”.

 

Ulu Öndərimiz incəsənət aləminə yeni, gənc istedadlıların gəlməsini vacib məsələlərdən sayırdı. Yaxşı xatırlayıram, 1981-ci ilin yanvar ayı idi. Azərbaycan Kommunist Partiyasının XXX qurultayı nümayəndələri üçün respublikanın mərkəzi sarayında verilən konsert Azərbaycan televiziyası ilə yayımlanırdı. Konsertin aparıcısı növbəti nömrəni elan etdi:

 

Cahangir Cahangirov “Ana Kür”. İfa edir Bakıdakı 232 nömrəli orta məktəbin 6-cı sinif şagirdi Xeyransa Məmmədova.

 

Məktəbli qız xalq çalğı alətləri ansambılının müşayiəti ilə bu mahnını özünəməxsus tərzdə məharətlə oxudu. Mahnı sona yetən kimi salonu uzun sürən alqış sədaları bürüdü. O, ikinci dəfə səhnəyə qayıtmalı oldu. Segah üstə “Sarı bülbül” mahnısını ifa etdi. Tamaşaçılar bu dəfə də səhnəyə yaraşıq gətirən bu qızı alqış yağışına qərq etdilər. Bütün bunlar respublika rəhbərinin də nəzərindən yayınmadı. Ertəsi gün məktəbli müğənnini və onun valideynlərini qəbul etdi. Onun musiqi təhsili alıb-almaması ilə maraqlandı. Məlum oldu ki, respublikada uşaq, yeniyetmə istedadların vokal ifaçılığı üzrə təhsil verən xüsusi musiqi məktəbi yoxdur. Mövcud musiqi məktəblərində isə həmin ixtisas üzrə şöbənin fəaliyyət göstərməsinə lazımi əhəmiyyət verməyiblər.

 

1981-ci ilin fevral ayı olmasına baxmayaraq Heydər Əliyevin göstərişi ilə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində vokal sinfi açıldı. Məktəbli müğənni Xeyransa isə xalq artisti İslam Rzayevi özünə müəllim seçdi. Elə o zaman Gənclik metrosunun yaxınlığındakı yaraşıqlı evlərin birində Xeyransa Məmmədovaya hər cür şəraiti olan üçotaqlı mənzil ayrıldı.

 

Xeyransanın yaşıdlarını, ardıcıllarını müəyyənləşdirmək və təhsilə cəlb etmək məqsədilə tanınmış xanəndələrdən bir qrupu respublikanın ayrı-ayrı şəhər və rayonlarına ezam olundu. Onların seçdikləri istedadlı uşaqların Bülbül adına Orta İxtisas Musiqi Məktəbində vokal təhsili almaları üçün hər cür şərait yaradıldı.

 

Görkəmli xanəndələr İslam Rzayev, Arif Babayev, Əlibaba Məmmədov, Şövkət Ələkbərova, Tükəzban İsmayılova və başqaları gənc istedadlıların vokal ifaçılığı sənətinə yiyələnmələri üçün bütün imkanlardan maksimum səmərə ilə istifadə edirdilər. İftixarla deməliyik ki, respublikamızın mədəni həyatında fəal iştirak edən, adlı-sanlı müğənnilər kimi tanınan Zakir Əliyev, Könül Xasıyeva, Aybəniz Haşımova, Huriyyə Hüseynova, Könül Kərimova və başqaları məhz Ulu Öndərimizin diqqət və qayğısı ilə pərvazlanan sənətkarlardır.

 

Heydər Əliyev istedadlı uşaq və yeniyetmələri həmişə diqqət mərkəzində saxlayan ölkə başçısı idi. O, 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələndən sonra da gənc istedadlılara diqqət və qayğını bir an belə əsirgəmədi, istedadlılar fondunun yaradılmasına, istedadlar üçün xüsusi təqaüdlərin təsis olunmasına sərəncam verdi. Son illərdə keçirilən muğam müsabiqələrinin, gənc istedadların yaradıcılığına baxışların keçirilməsinin əsasını da məhz Heydər Əliyev qoymuşdur. Nə yaxşı ki, bu gözəl ənənə indi də diqqət mərkəzindədir. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları və Birinci vitse-prezident Mehriban xanım Əliyeva böyük məhəbbətlə, əzmkarlıqla Heydər Əliyev irsini layiqincə davam etdirirlər. İstedadlı musiqiçilərin, rəssamların həm respublikamızda, həm də xarici ölkələrdə daha geniş miqyasda tanınmalarına, onları yetişdirən müəllimlərin əməyinin maddi və mənəvi cəhətdən qiymətləndirilməsinə hər cür diqqət və qayğı göstərirlər. Bu isə o deməkdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan incəsənətinin daha da inkişafı naminə özülünü qoyduğu möhtəşəm bina, möhtəşəm saray möhkəm, etibarlı sütunları ilə əzəmətli görkəm alır.

 

Vidadi XƏLİLOV,

pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü-akademik, Azərbaycan Respublikasının əmək ordenli, Əməkdar müəllimi

 



17.03.2023 | 13:14