Təhsil Tələbə Krediti aldılar, işlə təmin olundular | |
Martın 15-də “Time” Biznes Mərkəzində Təhsil Tələbə Krediti Fondunun “ArchiCo” MMC tərəfindən işə götürülmüş şəxslərə əmək müqaviləsi bildirişlərinin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev təhsil tələbə krediti almış tələbələrin təhsilini bitirdikdən sonra işlə təmin olunmasından və bu istiqamətdə “ArchiCo” MMC ilə birgə əməkdaşlığın qurulmasından danışıb. Fondun sədri bugünə qədər TTK-dən yararlanmış tələbələrin statistikası barədə məlumat verib. Bildirib ki, 2021-ci ildə Prezident İlham Əliyevin fərmanına əsasən yaradılmış Fondun dəstəyi sayəsində 2021-2022-ci tədris ilində 2200 tələbə təhsil krediti alıb və məzun olub. 1800 işsiz məzundan 300 nəfəri Təhsil Tələbə Krediti Fondu tərəfindən işlə təmin olunub. A.Paşayev TTK-dən yararlanmış tələbələrin gələcəkdə əmək bazarına çıxış imkanlarının artırılması ilə bağlı işəgötürənlərlə əlaqələrin qurulması, bu istiqamətdə qurulan əməkdaşlıqların daha da genişləndirilməsi və gələcəkdə TTK almış daha çox tələbənin bu imkanlardan istifadə etməsi üçün işlərin aparıldığını diqqətə çatdırıb.
Daha sonra “ArchiCo” MMC-nin baş direktoru Məhəmməd Musayev Təhsil Tələbə Krediti Fondunun faydalarından danışıb. Direktor bildirib ki, “ArchiCo” MMC vakansiya elanları olduğu zaman Təhsil Tələbə Krediti Fonduna müraciət edib və bu istiqamətdə qurulmuş əməkdaşlığın nəticəsi olaraq artıq 12 nəfər TTK-dən yararlanmış tələbə bu gün işə qəbul olunub. Məhəmməd Musayev qeyd edib ki, “ArchiCo” MMC Təhsil Tələbə Krediti Fondunun bu layihəsinə dəstək verməklə yanaşı şirkət olaraq öz standartlarına cavab verə biləcək əmək resursu yaradır, yüksək səviyyəli potensiala malik mütəxəssis yetişdirməyi hədəfləyir.
Sonda işə qəbul olmuş məzunların əmək müqavilələri təqdim olunub və onların valideynləri ilə müzakirələr aparılıb.
Qeyd edək ki, Təhsil Tələbə Krediti Fondu yerli əmək bazarında fəaliyyət göstərən işəgötürənlərlə əməkdaşlıq əsasında kreditdən faydalanmış və məzun olmuş tələbələrin işə düzəlməsi istiqamətində müxtəlif layihələr həyata keçirir. “ArchiCo” MMC tərəfindən təhsil kreditindən yararlanmış məzunların işlə təmin olunması bu layihələrdən biridir. Layihə çərçivəsində işə götürülmüş məzunlar və onların valideynləri ilə söhbət etdik, təəssüratları ilə tanış olduq.
“Bir valideyn olaraq Təhsil Tələbə Krediti Fondunun rəhbərliyinə, “ArchiCo” şirkətinə minnətdarıq”
Cavadova Zəminə: “Mən Xəyal Cavadovun valideyniyəm. Mənim oğlum Azərbaycan Dövlət Neft və Sənaye Universitetini “Həyat fəaliyyətinin təhlükəsizliyi” ixtisası üzrə bitirib. Məzun olduqdan sonra İkinci Qarabağ müharibəsində iştirak edib və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən orden və medallarla təltif olunub. 2022-ci ildə Xəyal ADNSU-nun magistr-1 pilləsinə qəbul olub və hazırda təhsil almaqdadır. Oğlum tələbə kreditindən yararlanmaq və işlə təmin olunmaq üçün Təhsil Tələbə Krediti Fonduna müraciət edib və onun müraciəti yerinə yetirilib. Xəyal Cavadov əməyin mühafizəsi və təhlükəsizlik texnikası mühəndisi olaraq “ArchiCo” MMC-yə işə götürülüb və bu gün ona əmək müqaviləsi bildirişi təqdim olunur. Bir valideyn olaraq biz çox şadıq və Təhsil Tələbə Krediti Fondunun rəhbərliyinə, eləcə də əməkdaşlıq etdiyi “ArchiCo” şirkətinə dərin minnətdarlığımızı bildiririk”.
“Bizə belə bir imkan yaratdıqları üçün çox xoşbəxtəm”
Cavadov Xəyal: “Mən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsini bitirmişəm. Hərbi xidmətimi başa vurduqdan sonra ADNSU-nun magistr-1 pilləsinə ödənişli əsaslarla qəbul oldum. Ailəmin maddi vəziyyəti ilə əlaqədar olaraq Təhsil Tələbə Krediti Fonduna müraciət etdim. Fond tərəfindən mənim müraciətim dəyərləndirildi və təhsilimi davam etdirməyimdə mənə dəstək göstərildi. Daha sonra mən götürdüyüm məbləği geri qaytarmaq məqsədilə işlə bağlı müraciət etdim və bununla bağlı da mənə kömək etdilər. Mən artıq “ArchiCo” MMC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinə qəbul olunmuşam. Bizə belə bir imkan yaratdıqları üçün çox xoşbəxtəm və Təhsil Tələbə Krediti Fondunun, “ArchiCo” MMC-nin rəhbərliyinə təşəkkürümü bildirirəm”.
“Mən böyük ruh yüksəkliyi ilə bu işimə başlayacağam və ümid edirəm ki, şirkətin gözləntilərini doğruldacağam”
Səmədov Tofiq: “Mən hal-hazırda Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində “Politologiya” ixtisası üzrə təhsil alıram. Televiziyada Təhsil Tələbə Krediti haqqında reklamları gördükdən sonra müraciət etmək qərarına gəldim. Fond tərəfindən müraciətim qəbul olundu və mən bu krediti əldə etdim. Daha sonra bizi iş vakansiyası ilə bağlı “ArchiCo” şirkətinə yönləndirdilər. Mən CV göndərdim və müsahibədən keçərək marketinq sahəsi üzrə mütəxəssis seçildim. Mən böyük ruh yüksəkliyi ilə bu işimə başlayacağam və ümid edirəm ki, şirkətin gözləntilərini doğruldacağam”.
Lamiyə ƏLİMƏRDANOVA
|
|
17.03.2023 | 11:41 | |
|
|
|