“QƏLƏBƏDƏN BÖYÜK QAYIDIŞA” | |
Martın 10-da səhər saat 6-da müxtəlif sahənin insanlarını birləşdirən bir heyətlə “Neoplan” markalı avtobus Bakıdan yola çıxdı. İçərisində millət vəkilləri Aydın Mirzəzadə, Ceyhun Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan generalı, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova və oğlu Davud Həşimov, professor Ədalət Tahirzadə, Əməkdar müəllim Asif Cahangirov, Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, ədəbiyyat adamları Elçin Hüseynbəyli, Şərif Ağayar, Aqşin Yenisey, həmçinin idmançılar, jurnalistlərin olduğu həmin avtobus işğaldan azad olunan torpaqlara istiqamət götürmüşdü. Bu yol ötən ilin iyun ayından başlayaraq 2 dəfə baş tutan köçlə elinin bir hissəsinə qovuşan Ağalı kəndinədək uzanır. Adı ölkəmizdə hər insanın “ağıllı kənd” deyə tanıdığı həmin o Ağalıya. Məqsəd Elm və Təhsil Nazirliyinin təşkil etdiyi növbəti “Novruz mühazirəsi”ni o kənddə keçirməkdir. Uzun zaman həsrətlə baxıb, “getməsək də, görməsək də, bizimdir” deyib təsəlli tapdığımız o kəndə getdik də, hələ üstəlik, ilk Novruz tonqalını qalayıb, ilk bayram közünü saldıq da.
Yollarda işğal, müharibə, qələbə və inkişafın izləri bir arada
Uzanan yol son 30 ildən bəri yaşananları əks etdirir. Qaytarılan ərazilərdə qarşıya çıxan mənzərəni sakit izləmək olmur. Yolboyu daşlarına qədər sökülən evlər, o evlərin hər biri üçün aparılan mübarizə kino lenti kimi gözlərimizin önündə canlanır. Sadəcə tikililərmi? Sıralanan şəhid fotolarını qaytarılan ərazilərdə yol qırağında təkbaşına yatan şəhid məzarları əvəz edir. Təkəmseyrək qarşılaşdığımız şəhid məzarlarının hər biri bu torpaqlar uğrunda mübarizənin miqyasını, qətiyyətini ifadə edir. Hər dağılan ev, şəhid məzarları, fotoları həm də yarımqalan talelərdən danışır. 12 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilən, Cəbrayılın Şükürbəyli kəndindən olan Ceyhun Məmmədov yol boyu bu torpaqlarda yaşananlar barədə məlumat verir. Qarşımızda açılan mənzərənin - hər məzarın, hər evin, hər ərazinin işğala qədər, işğaldan sonra, müharibədə və ondan sonrakı taleyindən danışır. Budur, ermənilərin “keçilməz” deyilən “Ohanyan səddi”, yeni yolun çəkilişi ilə əlaqədar bir hissəsi sökülən “aşılmaz” erməni səngərləri. İstər-istəməz insanın ağlına 44 günlük müharibə gəlir. İgidlərimizin günlərlə, həftələrlə vaxt sərf etdiyi, addım-addım irəlilədiyi bu ərazilərdən indi biz bir neçə dəqiqə, saat ərzində maneəsiz, qorxusuz keçirik. Ürəyimizdə yarım qalmış talelər üçün xiffət, boğazımızda düyünlənən qəhərlə, amma bir o qədər də maraq, qürur və hörmətlə keçərək Zəngilana çatırıq.
“Bu torpaqları siz qoruyacaqsınız, əziz şagirdlər!”
Elm və Təhsil Nazirliyinin 7 ildir ki, təşkil etdiyi “Novruz mühazirələri” ictimaiyyətə yaxşı məlumdur. Ölkəmizin həm ayrı-ayrı rayonlarında, həm də paytaxtda təşkil edilən bu tədbirlər hər il eyni vaxtda - ÇƏRŞƏNBƏLƏR başlayanda, amma müxtəlif səpgili mövzularda keçirilir, cəmiyyətimizi maraqlandıran ən vacib məsələləri əhatə edir. Tarixdən gələn problemlərin üzərinə işıq salan mühazirələrin siyahısına o gün biri də əlavə olundu. Bu dəfə də mövzumuz tarixdən oldu və Tarix İnstitutunun direktoru professor Kərim Şükürovun bələdçiliyi ilə “Qələbədən Böyük Qayıdışa” qədər keçən şanlı yolun hər səhifəsini qürurla vərəqlədik.
“Novruz mühazirəsi”nin budəfəki moderatoru yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli idi. O dedi ki, 44 günlük Vətən müharibəsində qazanılan zəfərə aparan yol Aprel döyüşləri ilə başlasa da, Polad Həşimovun şəhidlik zirvəsi bizi zəfərə yaxınlaşdırdı.
Tədbirdə nazir müavini Firudin Qurbanov çıxış edərək 44 günlük Vətən müharibəsində həyata keçirilən uğurlu hərbi-siyasi taktikadan danışdı. Xalqı və ordunu “Dəmir yumruq”da birləşdirən bu siyasətin nəticəsi ancaq qələbə ola bilərdi və oldu. F.Qurbanov belə bir qələbənin ardınca işğaldan azad edilən Zəngilanda “Novruz mühazirəsi”nin keçirilməsinin tarixi əhəmiyyətini də xüsusi qeyd etdi: “Ən böyük niyyətimiz idi ki, günün birində işğaldan azad olunacaq torpaqlarımızda Novruz mühazirəsi keçirək. O gün gəldi. Sevinirik ki, işğaldan azad olunan torpaqlarımızda ilk məktəb fəaliyyətə başlayıb və həmin məktəb bu gün ilk dəfə Novruz bayramını qeyd edəcək”.
Firudin Qurbanov əlavə edib ki, artıq ənənəyə çevrilən “Novruz mühazirəsi”nin Ağalıda keçirilməsi bu kənddə yetişən gənc nəslə vətənpərvərlik hisslərinin, milli-mənəvi dəyərlərin aşılanması baxımından faydalıdır: “Atalarınız torpaqlarımızı azad etdi. Ancaq bu torpaqları siz qoruyacaqsınız, əziz şagirdlər. Və bu da necə təhsil alacağınızdan, vətəni necə sevdiyinizdən asılı olacaq. Unutmayın ki, ölkəmizin tarixini nə qədər dərindən bilsəniz, bir o qədər çox sevəcəksiniz. Gərək milli dəyərlərimizi, adət-ənənələrimizi sevəsiniz”.
Qələbədən “Böyük Qayıdış”a
Daha sonra Tarix İnstitutunun direktoru professor Kərim Şükürov “Qələbədən “Böyük Qayıdış”a” qədər olan yolda hər addıma tarixi dəyər biçdi. 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixindəki yerini xüsusi dəyərləndirdi. “44 günlük müharibədə həyata keçirilən hər bir əməliyyat dünya hərb tarixində önəmli hadisədir”, - dedi. Onun sözlərinə görə, Zəngilan 44 günlük müharibədə strateji önəm daşıyıb: “Zəngilanın azad edilməsi üçün tətbiq edilən taktika hərb tarixində öyrəniləcək önəmli əməliyyatlar sırasındadır”.
Tarixçi tarixdəki müharibələrə rəqəmlərlə baxdı: “Dünya tarixində 15 min müharibə olub. Qədim zamanlardan bəri tariximizdə 70-dən çox müharibə saydım. Onlardan 4-ü Azərbaycan xalqı ilə ermənilər arasında baş verib. Bu iki xalq üst-üstə götürəndə 8 il müharibə şəraitində yaşayıb. 1905-1906-cı illər müharibəsi baş verəndə Azərbaycanda və Ermənistanda dövlət olmadığından, Rusiya bunu imperiya daxilində toqquşma kimi qiymətləndirdi, amma xalqımızın yaddaşında bu, “erməni-müsəlman” davası kimi qaldı”.
Tarixçinin qənaəti budur ki, bu davaların qalibi Azərbaycandır: “Əvvəlki 3 müharibənin heç birində hər hansı rəsmi müqavilə imzalanmayıb. Noyabrın 10-da Ermənistanın imzaladığı kapitulyasiya aktı ermənilərlə xalqımız arasında baş verən müharibələr arasında xüsusi önəm daşıyır. Ona görə də kəmiyyəti nəzərə almadan hesab edirəm ki, bu iki xalq arasında baş vermiş müharibələrin qalibi Azərbaycan xalqıdır”.
“Ağalı kəndi Azərbaycanın vitrinidir”
Daha sonra mövzu ətrafında fikir mübadiləsi oldu. Çıxış edən deputat Aydın Mirzəzadə bildirib: “Bir tərəfində İran, bir tərəfində Ermənistan, sanki Ağalı kəndi Azərbaycanın vitrinidir. Məhz bu kənd Azərbaycanın bacarıqlarını - döyüş qabiliyyətini, qurub-yaratmaq imkanlarını və s. nümayiş etdirir”.
Deputat Ceyhun Məmmədov bildirib ki, Zəngilan uğrunda daim mübarizə aparılan ərazilərdəndir: “Azsaylı ölkələrdənik ki, sərhədlərimiz öz ərazilərimizdən başlayır”.
Belə bir coğrafi mövqedə yerləşən torpaqlarda yetişən nəsil daha hazırlıqlı, daha bacarıqlı olmalı, yaxşı inkişaf etməlidir. Millət vəkilinin fikrincə, dünyada qərbin həyata keçirdiyi layihə ilə “universal gənclər” yetişdirilir: “Belə bir şəraitdə ancaq milli-mənəvi dəyərləri güclü olan dövlətlər qalib gəlir və Azərbaycan da son müharibədə məhz bu səbəbdən qalib gəldi. Şagirdlərimizin üzərinə böyük vəzifə düşür. Siz yaxşı oxumalısınız ki, güclü olaq. Çünki bütün güclü dövlətlərin arxasında yaxşı təhsil durur”.
Müzakirələrdə əminlik ifadə edilib ki, yaxın gələcəkdə Ağalı daha da inkişaf edəcək, irimiqyaslı layihələrin uğurla həyata keçirildiyi yerə çevriləcək.
Şagirdlərin məlumatı, kitabxanasında kitabları zənginləşdi
Daha bir “Novruz mühazirəsi” başa çatdı. Bu mühazirə də nəticəsinə görə, elə əvvəlkilər qədər əhəmiyyətli idi. Belə ki, kənd məktəbinin şagirdlərinin tarixə, Vətən müharibəsinə, Zəngilana qayıdış prosesinə və bu prosesin tarixi əhəmiyyətinə dair məlumatları, kitabxanasında isə kitabları zənginləşdi. Məsələn, şagirdlərə kitab oxumağın önəmini xatırladan məruzəçi Kərim Şükürov həm gətirdiyi kitabları hədiyyə etdi, həm də bundan sonra AMEA-nın hər il çap olunan kitablarından Ağalı kənd məktəbinə nümunələr hədiyyə edəcəklərinə dair söz verdi. O, ayrı-ayrı mövzuları əhatə edən mühazirələrlə məktəblilər qarşısında çıxış edəcəyini, şagirdlər arasında tarixi tədqiqatlara meyli olanları aşkarlayıb onların bu istiqamətdə istedadını inkişaf etdirməyə kömək edəcəyini vəd etdi.
Millət vəkili Aydın Mirzəzadə, Əməkdar müəllim Asəf Cahangirov və başqa qonaqlar da öz kitablarını Ağalı kənd məktəbinə hədiyyə ediblər.
Mühazirədən sonra Ağalı kəndində “Heydər Əliyev - 100” adlı ağacəkmə kampaniyası çərçivəsində ağaclar əkilib.
Novruz tonqalı eli yenidən yuva qurub, yurd salmağa çağırdı
1000 şagird yeri olan, ancaq hələlik ikinci köçdən sonra cəmi 97 şagirdi ilə yoluna davam edən Ağalı kənd məktəbində ilk dəfə Novruz tonqalı qalandı. Şagirdlər, müəllimlər və günün qonaqları tonqalın ətrafına yığışıb yallı getdi, mahnı oxudular.
Ötən həftə Od oğlu daha bir torpağında ilk Novruz tonqalını qaladı, daha bir yurduna köz saldı. O ocağın istisi çox ürəkləri isitdi, amma tüstüsü azı bir o qədər gözü kor etdi.
Qoy, yanan odumuz sönməsin. Bir daha uzaqdan “O kənd bizim kəndimizdir”, deyib həsrətli baxışlarla doğma yurd yerlərini izləməli olmayaq. Qoy, tale millətimizə bundan sonra ancaq qayıdışlar, özü də BÖYÜK QAYIDIŞLAR yaşatsın!
Qayıdışın mübarək, Zəngilan! Bayramın mübarək, Azərbaycan!
Ruhiyyə DAŞSALAHLI Bakı-Zəngilan-Bakı
|
|
17.03.2023 | 09:52 | |
|
|
|