Yeni dərs vəsaitinin təqdimatı | |
Naxçıvan Dövlət Universitetində “Ümumi fizika kursu üzrə laboratoriya işləri kompüter modelləri əsasında” adlı dərs vəsaitinin təqdimatı olub.
Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, ali və orta məktəblərdə fizikanın tədrisi prosesində mövzuların mənimsənilməsi, təcrübi bacarıq və vərdişlərin aşılanması məqsədilə aparılacaq nümayişlər, laboratoriya işləri və təcrübələrin aparılması qaydasının vəsaitdə verilməsi təqdirəlayiq haldır. Rektor bu cür vəsaitlərin tərtib olunmasının vacibliyini vurğulayaraq müəllifləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Ümumi və nəzəri fizika kafedrasının dosenti Xanəli Həsənov bildirib ki, kitabda nəzəri materialın mərhələli mənimsənilməsi konsepsiyasına cavab verən kompüter modelləşdirmə laboratoriyası işləri göstərilib.
Kitabın əsasən ali məktəblərin müvafiq fakültələrinin tələbələri və orta məktəb müəllimlərinin istifadəsi üçün nəzərdə tutulduğunu diqqətə çatdıran elektroenergetika mühəndisliyi kafedrasının müdiri dosent Şəmsəddin Kazımov fizikanın həm ali, həm də orta məktəblərdə tədrisində laboratoriya işlərinin rolunun əvəzsiz olduğunu deyib.
Ümumi və nəzəri fizika kafedrasının dosenti Aygün Sultanova dərs vəsaitinə ümumi fizika kursunun “Mexanika”, “Molekulyar fizika və termodinamika”, “Elektrik və maqnetizm”, “Optika”, “Atom və nüvə fizikası” bölmələrini əhatə edən kompüter modelləri əsasında 23 laboratoriya işinin daxil edildiyini bildirib.
Ümumi və nəzəri fizika kafedrasının müdiri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, baş müəllim Billurə Hacıyeva qeyd edib ki, digər dərs vəsaitlərindən fərqli olaraq bu kitaba ali məktəblərin qeyri-fizika ixtisaslarında tədris olunan ümumi fizika kursunun bütün bölmələrini əhatə edən, tədris proqramına uyğun laboratoriya işləri daxil olunub.
Sonda müəlliflər- ümumi və nəzəri fizika kafedrasının baş müəllimi Seyfəddin Cəfərov və müəllim Elgün Tağıyev çıxış edərək, kitabda sxematik təsvirlərdən, düstur və qrafiklərdən istifadə edildiyini, tövsiyyə olunan ədəbiyyat siyahısına son dövrlərdə çap edilmiş ədəbiyyatların salındığını diqqətə çatdırıblar.
|
|
16.03.2023 | 15:17 | |
|
|
|