Milli tariximizdə Heydər Əliyev fenomeni

Araşdırmalar göstərir ki, milli tarixin şanlı səhifələri böyük şəxsiyyətlər tərəfindən yazılır və onlar heç zaman unudulmur, tarixin yaddaşında əbədi məskən salır. Belə böyük şəxsiyyətlərdən biri də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir.

 

2023-cü il mayın 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Ölkə Prezidenti cənab  İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli Sərəncam imzalamışdır. Sərəncamda Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsi sahəsində xidmətləri göstərilmişdir. Heydər Əliyev həqiqətən dövlətçilik tariximizdə dərin, silinməz izlər qoymuşdur.

 

Heydər Əliyev yaşadığı dövrün, zəmanəsinin görkəmli siyasi, dövlət xadimi olmaqla yanaşı, həm də bu günün və gələcəyin böyük şəxsiyyətidir. Onun ideyaları hər zaman aktualdır. Bu ideyalar həm də Azərbaycanın müstəqilliyinin, müstəqil dövlət kimi inkişafının təməl prinsipləridir.  Həmin prinsiplər mahiyyətcə azərbaycançılıq məfkurəsində ehtiva olunmuşdur. Ulu Öndər  azərbaycançılığı milli ideologiyamız, milli düşüncə sistemimiz kimi yüksək qiymətləndirir və onun birləşdirici, inkişafetdirici gücünün nə qədər böyük olduğunu əsaslandırırdı. Azərbaycanın milli mənəvi dəyərləri, dövlətçiliyi, adət-ənənələri, dilimizə, tariximizə, mədəniyyətimizə olan münasibət məhz azərbaycançılıq ideologiyasının məzmun komponentləri kimi birləşir və vəhdət yaradır. Bu birləşdirici funksiya eyni zamanda  xalqın birliyinin daha möhkəm təminatına, onun inkişafının davamlı, sistemli olmasına zəmin yaradır. Ulu Öndərimiz bütün həyatı boyu azərbaycançılıq amalı ilə yaşamış və bütün fəaliyyəti bu məfkurə üzərində köklənmişdir.

 

O, hələ 1969-cu ildə Azərbaycana rəhbər təyin olunarkən milli kadrların yetişdirilməsini planlı şəkildə həyata keçirməyə başlamışdı. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəb (hərbi lisey) yaratmış və gənc azərbaycanlı zabitlərin hazırlanması üçün geniş imkanlar yaratmışdı. O zaman SSRİ-nin mövcudluğu şəraitində Azərbaycanda - Sovet İttifaqının tərkibində olan milli respublikada  belə bir məktəbin açılması olduqca çətin idi. Lakin Ulu Öndərimiz SSRİ rəhbərliyini belə bir addım atmağa razı salmışdı. Bu, o zaman Azərbaycanın gələcəyi üçün atılmış qətiyyətli bir addım idi. Belə ki, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra milli ordu quruculuğunda bu kadrlar böyük rol oynadılar. Əks halda milli ordu quruculuğunda və müstəqilliyimizin qorunmasında daha böyük çətinliklər yarana bilərdi.

 

Heydər Əliyevin 1970-ci illərdə istedadlı azərbaycanlı gənclərin Azərbaycandan kənarda, başqa respublikalarda, xüsusilə Rusiyanın tanınmış ali məktəblərində təhsil almağa göndərmək ənənələrinin əsasını qoyması azərbaycançılığa, Vətənə, millətə xidmətinin yeni bir nümunəsi idi. Heydər Əliyevin azərbaycanlıların xaricdə təhsil alması siyasətini dəstəkləməsi ölkəmiz üçün çox əhəmiyyətli idi. Xaricdə ali təhsil alanlar beynəlxalq təcrübə ilə daha yaxından tanış olur və ölkəmizə qayıdarkən xarici təcrübəni, yeni texnologiyaları yerli şəraitə daha rahat şəkildə uyğunlaşdırıb tətbiq edirdilər. İstehsalın yeni texnologiya əsasında təşkili isə istehsal sahəsində daha işlək, çevik mexanizmlərin formalaşdırılmasına şərait yaradırdı. Təsadüfi deyil ki, Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə (1969-1982) ölkəmizin iqtisadi artımı, istehsal səviyyəsi və gücündə köklü irəliləyişlər olmuşdu. Həmin illərdə Azərbaycan Sovet İttifaqına daxil olan respublikalar arasında həmişə birinci yerdə olmuş və nümunəvi respublika kimi tanınmışdı.

 

1970-ci illərdə Azərbaycanda şəhərsalma, sənaye müəssisələrinin genişləndirilməsi, tikinti, yolların çəkilməsi və digər sahələrdə yeni infrastrukturun yaradılması ölkə həyatında böyük canlanma yaratmışdı. Respublikamız təkcə kənd təsərrüfatı ilə deyil, həm də sənayenin inkişafı ilə diqqəti cəlb edirdi.

 

Ulu Öndərimizin iqtisadi siyasətində çeviklik, uzaqgörənlik respublikamızın davamlı iqtisadi inkişafında mühüm rol oynamışdır. O, müstəqillik illərində də böyük əzmkarlıqla çalışmış, Azərbaycan iqtisadiyyatının yeni tarixi şəraitə - iqtisadi münasibətlər sisteminin kökündən dəyişdiyi bir dövrə uyğun modelini hazırlamış və tətbiqi üçün geniş imkanlar yaratmışdır.  Ulu Öndərimizin 1994-cü il 20 sentyabrda neft hasilatı üzrə ixtisaslaşmış, böyük nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında  beynəlxalq müqaviləni imzalaması Azərbaycan tarixində mühüm hadisəyə çevrildi. “Əsrin müqaviləsi” adlandırılan bu sənəd əsasında Azərbaycan yeni neft strategiyasını həyata keçirməyə başladı. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “ Çıraq” və “ Günəşli” yataqlarının birgə istismarını nəzərdə tutan bu müqavilənin reallaşdırılması Heydər Əliyevin həqiqətən, böyük zəka sahibi, görkəmli siyasi və dövlət xadimi olduğunu dönə-dönə təkrarlamağa əsas verir. Bu müqavilənin həyata keçirilməsi prosesində Azərbaycanın təkcə regionda deyil, bütövlükdə beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi. Xüsusilə, “ Əsrin müqaviləsi” üzrə hasil edilən Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə dünya bazarlarına ixrac edilməsi Azərbaycanın beynəlxalq əlaqələrini xeyli möhkəmləndirdi.

 

Heydər Əliyev iki müxtəlif iqtisadi sistemin mövcud olduğu dövrdə ölkəyə rəhbərlik etmiş və hər iki dövrdə iqtisadi münasibətlərin real xarakterinə uyğun siyasət yeritmiş, beləliklə, xalqımızın maddi rifahı təmin olunmuş, ədalətlilik, bərabərlik prinsipi nəzərə alınmışdır. Müxtəlif tarixi-iqtisadi şəraitdə, həmçinin siyasi quruluşların fərqli olduğu bir zamanda ölkəyə rəhbərliyi, cəmiyyətin inkişaf mexanizmlərini görməsi, onu hərəkətə gətirməsi və sürətləndirməsi, davamlılığı, dayanıqlılığı təmin etməsi Heydər Əliyev fenomeninin xarakterik cizgiləri kimi qeyd edilə bilər.

 

Heydər Əliyev azadlığı, müstəqilliyi bir dəyər kimi həmişə yüksək qiymətləndirərək xalqımızın milli varlığının qorunması, inkişafı, ərazi bütövlüyünün bərpası üçün daim mübarizə aparmışdır. O, azad, müstəqil respublikanı xalqımızın ən böyük tarixi nailiyyəti sayır və onu qorumağın yollarını göstərirdi. Ulu Öndər deyirdi: “İndi Azərbaycan  müstəqil dövlətdir. Müstəqillik Azərbaycan üçün böyük tarixi bir hadisədir, taleyin  xalqımıza verdiyi böyük bir fürsətdir. Şübhəsiz ki, biz bununla fəxr etməliyik. Eyni zamanda bu tarixi nailiyyəti qiymətləndirməliyik, əlimizdə möhkəm saxlamalıyıq”. Müstəqilliyimizin memarı, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev, ilk növbədə, cəmiyyətdə qayda-qanuna əməl etməyin vacibliyini əsaslandırır, ölkədə hüquqi dövlət quruculuğunu əsas vəzifələrdən hesab edirdi. Hüquqi dövlət quruculuğu isə cəmiyyətdə hüquq münasibətlərindən, hər kəsin hüquq və  vəzifələrindən, öz borcunu, öhdəliklərini dərk etməsindən, daşıdığı məsuliyyət hissindən xeyli dərəcədə asılıdır. 1995-ci il 12 noyabrda müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi hüquqi dövlət quruculuğunda əsas rol oynadı. Azərbaycan Respublikasının Konstitusiyasında əsas insan hüquq və azadlıqlarına geniş yer verildi.  Ulu Öndərimiz müstəqil dövlətimizin ilk konstitusiyasından danışarkən demişdir: “İnsan, vətəndaş hüquqlarının, azadlıqlarının qorunmasına konstitusiyanın çox hissəsi, demək olar ki, üçdə bir hissəsi həsr olunubdur. Bu da təbiidir. Biz keçmişdən, totalitar sistemdən yeni bir sistemə keçirik. Biz demokratiyanı inkişaf etdirməliyik, xalqımızı demokratiya yolu ilə aparmalıyıq, insanların hüquqlarının qorunmasının hər yerdə, hər sahədə təmin olunması üçün əsaslar yaratmalıyıq. Bütün bu əsasları da yeni qəbul olunmuş konstitusiya verir və bütün təminatları biz konstitusiyanın maddələrindən almışıq”.   Konstitusiya ölkədə hakimiyyət bölgüsünü demokratik prinsiplərlə əsaslandırdı, təsbit etdi. Cəmiyyətdə demokratik dəyərlərin qorunması, inkişafı, o cümlədən vətəndaş cəmiyyəti institutlarının genişləndirilməsi üçün  əlverişli imkanlar yaradıldı. Azərbaycanda ölüm hökmünün, mətbuatda senzuranın ləğv edilməsi söz və fikir azadlığının genişləndiriməsi üçün imkanları artırdı. Bütün bunlar Heydər Əliyevin təşəbbüsü, iştirakı və rəhbərliyi altında həyata keçirilirdi.

 

Ümummilli Lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi fəaliyyətinin məzmunu, həqiqətən, gələcəyin bir yol xəritəsi, strategiyası kimi əhəmiyyətlidir. O, Azərbaycana rəhbərliyinin birinci dövründə əgər xalqın milli dirçəlişinə, oyanışına çalışırdısa, müstəqillik dövründə isə müstəqilliyi qorumağa, inkişaf etdirməyə, möhkəmləndirməyə çalışır və tam əminliklə deyirdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır. Azərbaycanın müstəqilliyinin qorunmasında gənclərin üzərinə düşən böyük məsuliyyətdən bəhs edir və onları daim çalışmağa, təhsil almağa, vətənpərvər bir insan kimi yetişməyə səsləyirdi. Çıxışlarında, gənclərlə görüşlərində milli mənəvi keyfiyyətlərdən, vətəndaşlıq hissindən bəhs edir və eyni zamanda Vətənin bütövlüyü uğrunda mübarizədə həyatını itirənlərin şəhid kimi ən yüksək zirvəyə ucaldığını dilə gətirirdi. Ulu Öndər “Vətəndaş” sözünə adi söz kimi baxmamağı, onun mahiyyətini dərk edərək məsuliyyətini daşımağı tövsiyə edərək deyirdi: “ Vətəndaş” sözü böyük sözdür, müqəddəs sözdür. “ Vətəndaş ” sözü o deməkdir ki, hər bir vətəndaş öz vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır. “Vətəndaş” sözünün mənası, bax budur!”.

 

Məlumdur ki, hələ 1987-1988-ci illərdən ermənilərin təxribatları regionda münaqişə vəziyyəti yaratmış, onların Azərbaycan torpaqlarına ərazi iddiaları açıq şəkildə səsləndirilirdi. 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycanda iqtisadi-siyasi vəziyyət olduqca mürəkkəb idi. Qərbi Azərbaycan ərazisindən ermənilərin etnik təmizləmə siyasəti nəticəsində soydaşlarımızın deportasiyası, zorla çıxarılması, eyni zamanda Qarabağdan azərbaycanlıların didərgin salınması ölkəmizdə 1 milyondan çox qaçqın və məcburi köçkünün yaranmasına səbəb olmuşdu. Ölkədəki daxili gərginlik vəziyyəti daha da ağırlaşdırırdı.

 

1993-cü ilin yayında xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı parçalanma, dağılma təhlükəsindən xilas etdi. Ölkədə tədricən iqtisadi, siyasi sabitlik yarandı. Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzünü aradan qaldırmaq, itirilmiş ərazilərin geri qaytarılması üçün həm Ermənistan, həm də münaqişənin nizamlanmasında məsuliyyət daşıyan böyük dövlətlərin, beynəlxalq təşkilatların rəhbərləri ilə birbaşa danışıqlar aparır, siyasi iradə nümayiş etdirir, Azərbaycanın haqq səsini dünyaya çatdırırdı. Dövlət başçılarının zirvə görüşlərində (sammitlərdə), Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların keçirdiyi tədbirlərdə  Heydər Əliyev beynəlxalq hüquqa əsaslanan qətiyyətli, cəsarətli, inamlı çıxışları ilə hər dəfə qarşı tərəfi onunla hesablaşmağa məcbur edir və beləliklə, Azərbaycanın haqq səsini dünyaya bəyan edən sənədlərin təsdiq edilməsinə nail olur, qəbul edilən rəsmi  sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiqlənirdi.  BMT erməni silahlı birləşmələrinin işğal edilmiş Azərbaycan ərazisindən çıxarılması barədə 4 qətnamə qəbul etmişdi. 

 

Haqq işi uğrunda ardıcıl, məqsədyönlü mübarizə təbii ki, öz bəhrəsini verməli idi. Ulu Öndər müxtəlif tədbirlərdə çıxışlarında, məcburi köçkünlərlə görüşlərində itirilmiş torpaqlarımıza geri dönəcəyimizi həmişə əminliklə vurğulayırdı. Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və işğal olunmuş digər torpaqları azad edəcəyimizi böyük uzaqgörənliklə qeyd edir, beləliklə, xalqımızın mübarizə əzmi daha da güclənirdi. Ümummilli Liderimizin inamla dediyi fikirlərə diqqət yetirək: “İnanıram ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqları azad ediləcəkdir və yerindən-yurdundan didərgin düşmüş soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir, Azərbaycanın dövlət sərhədlərinin  toxunulmazlığı təmin olunacaqdır”.  Nəhayət, Böyük Öndərimizin dediyi gün gəlib çatdı. 2020-ci il 27 sentyabrdan 10 noyabradək davam edən Vətən müharibəsi (II Qarabağ müharibəsi) Azərbaycanın Böyük Zəfəri ilə başa çatdı. Azərbaycan “Dəmir yumruq” əməliyyatı ilə düşməni məhv etdi, 30 illik torpaq, yurd həsrətinə son qoyuldu. Doğrudur, Ulu Öndərimiz fiziki baxımdan həmin günü görməsə də, onun ruhu şad oldu. Ulu Öndərimizin siyasi kursunun  layiqli davamçısı ölkə Prezidenti, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, xalqımızın dəstəyi və şanlı ordumuzun, yenilməz əsgər və zabitlərimizin, igid oğullarımızın qəhrəmanlığı ilə azad edilmiş torpaqlarımız rahat nəfəs aldı. Bu qələbə həm də Heydər Əliyev ideyalarının təntənəsi, onun haqq-ədalət uğrunda savaşının qələbəsi idi. Məhz Heydər Əliyevin dövlətçilik siyasətinin yeridilməsi düşmən üzərində parlaq qələbənin təmin olunmasında mühüm rol oynadı. Azərbaycanın Zəfəri həm də gəncliyin qələbəsi idi. Son 30 ildə Heydər Əliyev ideyaları əsasında böyüyən, təhsil və tərbiyə alan gənclərin sayəsində qələbə bayrağı azad olunmuş torpaqlarda dalğalandı.

 

Heydər Əliyev Azərbaycan elmi və təhsilinin, ədəbiyyatının və mədəniyyətinin inkişafına xüsusi diqqət yetirirdi. Elm xadimləri, təhsil işçiləri, ədəbiyyat və mədəniyyət sahəsinin tanınmış nümayəndələri ilə görüşlər keçirir, onların yubileylərinin qeyd edilməsi üçün təşəbbüslər qaldırır, fərman və sərəncamlar verir, dünyasını dəyişənlərin xatirəsini əbədiləşdirmək üçün zəruri tədbirlər görürdü. Bilavasitə onun rəhbərliyi ilə elm və təhsil sahəsində məqsədyönlü islahatlar keçirilir, dünyanın qabaqcıl təcrübəsinə uyğun yeni texnologiyaların tətbiqi dəstəklənir, cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni həyatının əsası kimi elm və təhsilin üstün rolu əsaslandırılırdı. Ulu Öndərin bu baxımdan aşağıdakı fikirləri çox əhəmiyyətlidir: “Təhsil sistemi Azərbaycanın gələcəyini təmin edən bir sistemdir. Hər bir millətin, hər bir ölkənin gələcəyi gənclərdir. Biz gənclərimizi nə qədər yüksək təhsilli etsək, həqiqi yüksək təhsilli etsək, onların müəyyən ixtisaslara mükəmməl yiyələnməsinə şərait yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi və demək, müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafı, elminin inkişafı, təhsilinin inkişafı, insanların rifah halı o qədər də yaxşı olacaqdır”. 

 

Ümummilli Lider haqlı olaraq deyirdi ki, cəmiyyətin inkişafında insan kapitalının böyük rolu vardır. İnsan kapitalı isə elm və təhsilin sayəsində formalaşır. Elmi biliklərə dərindən yiyələnmiş, dünyanın müasir çağırışlarına cavab verən, mükəmməl təhsil almış, səriştəli mütəxəssislər kimi yetişmiş kadrlar insan kapitalını formalaşdıra bilərlər. İnsan kapitalı ilə bağlı digər bir cəhət ondan ibarətdir ki, bu işdə kadrların mənəvi keyfiyyətlərinə xüsusi diqqət yetirilməsi tələb olunur. Ona görə də Ulu Öndərimiz insan şəxsiyyətinin mənəvi xüsusiyyətlərinə də böyük önəm verirdi. Çünki mənəviyyat olmayan yerdə heç bir uğur əldə etmək olmaz. Mənəviyyatın əsasında dəyərlər dayanır. Qeyd etdiyimiz bu məsələlərin hər biri ilə bağlı Ulu Öndərimizin irsində zəngin fikirlər, konseptual ideyalar vardır. Ona görə də Heydər Əliyevin irsi ideyalar qaynağı, mükəmməl konsepsiya kimi çox dəyərlidir.

 

Ulu Öndərimiz hər zaman bizimlədir. Azərbaycanın varlığı Ümummilli Liderimizin varlığı deməkdir. Böyük şəxsiyyətin həyatı, fəaliyyəti davamlı olaraq tədqiq ediləcək, məktəblərdə öyrəniləcək, ideyaları həmişə yaşayacaqdır. Xalqımızın yolu Ulu Öndər Heydər Əliyev yoludur.

 

Təhsil müəssisələrində Ümummilli Liderimizin həyat və fəaliyyətinin, irsinin dərindən öyrənilməsi üçün imkanlar genişdir. Təhsilin müxtəlif pillə və səviyyələri üzrə ictimai-humanitar fənlərin məzmununda Ulu Öndərimizin ideyaları əksini tapmışdır. Xüsusilə Azərbaycan tarixinin tədrisində Heydər Əliyev irsi zəngin mənbə rolunu oynayır. Tədris prosesində bu zəngin irsə müraciət olunması təlim keyfiyyətinin yüksəldilməsinə, müasir dövrün tələblərinə cavab verən şəxsiyyətin formalaşmasına ciddi şəkildə təsir göstərir.

 

İntiqam CƏBRAYILOV,

pedaqogika elmləri doktoru, professor, ARTİ-nin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri

 



10.03.2023 | 10:01