Ekoloji maarifləndirmə tədbirləri

Paytaxt məktəblərində “Hər vərəqi bir yarpağa dəyişək” adlı maarifləndirici tədbirlər keçirilib.

 

IDEA İctimai Birliyi, “ASAN xidmət”, Azərbaycan Kağız və Karton İstehsalat Kombinatının birgə həyata keçirdiyi tədbirlərin əsas məqsədi ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdan ibarətdir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 13, 52 və 167 nömrəli tam orta məktəblərdə təşkil olunan görüşlərdə VIII-X sinif şagirdləri və müəllimlər iştirak ediblər.

 

Görüşlərdə müasir ekoloji problemlərin yaratdığı fəsadlar, respublikamızda bu sahədə görülən işlər və hər bir vətəndaşın ətraf mühitin qorunmasındakı rolundan bəhs edən videoçarx nümayiş olunub.

 

Tədbirlərdə təkrar emala yararlı kağız və plastik tullantıların yenidən istehsalına verə biləcəkləri dəstək barədə iştirakçılarla fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, təkrar istehsal prosesilə əyani tanışlıq üçün məktəbin müəllim və şagird kollektivinin fabrikə ekskursiyası da planlaşdırılır.

 



28.09.2018 | 12:35