İlk müəllimim

1957-ci il sentyabrın 1-i. 7 yaşına çatmışdım. O zaman Əli Bayramlı şəhər deyil, rayon mərkəzi idi. Səhv etmirəmsə, rayonun özündə yalnız bir məktəb vardı – 1 nömrəli məktəb. Özü də K.Y.Voroşilovun adını daşıyırdı. Böyük qardaşlarım Hafiz həmin məktəbdə orta təhsilini başa vurub ali təhsil almağa, İnqilab isə Bakıya texnikumda oxumağa getmişdilər. 2 nömrəli məktəb hələ tikilməkdə idi.

 

Atam Nurağa müəllim Küdəcühür kənd məktəbinin direktoru olduğundan səhər tezdən iş başında idi. Evdar qadın olan anam İzzət əlimdən tutub məni məktəbə apardı. O zamanlar şagirdlər xüsusi məktəb forması geyinərdilər. Oğlanlar başlarına “O olmasın, bu olsun” kinokomediyasındakı Sərvərin furaşkasına bənzər furaşka qoyardılar. Tək-tək uşaqlarda mağazadan alınma çanta olardı. Onu da haradansa tapıb gətirərdilər. Adətən analar parçadan öz uşaqları üçün çanta tikər, ona cib də qoyardılar. Həmin cibdə mürəkkəbqabı gəzdirilərdi. İndiki kimi diyircəkli qələmlər də yox idi. Avtomat qələm az tapılardı, o da müəllimlərdə olardı. Tələb belə idi ki, yazılar ucuna pero taxılmış qələmlə, mürəkkəbə batırılaraq yazılsın. Mürəkkəbqabı və belə qələmlərlə ehtiyatla davranmaq lazım gəlirdi. Bir də görürdün, mürəkkəbqabı aşıb ya çantanı, ya da partanı mürəkkəbə boyadı. Bir çox hallarda qələmin ucundan dəftərə mürəkkəb düşür, bütün zəhmətini puça çıxarırdı.

 

Məktəbin həyətində çoxlu uşaq və böyük yığışmışdı. Meydanın ortasında dayanmış dolubədənli, saçlarını geriyə daramış kişi əl-qolunu ölçür, nə isə deyirdi.  Bir neçə nəfər onu  əhatə etmişdi. Həmin kişinin üzü mənə tanış gəldi. Fikir verib gördüm ki, qonşumuzdur. Odur ki anamdan soruşdum:

-O kişini tanıyıram. Bizim qonşuluqda olur. O burada nə edir?

 

Anam gülərək:

-Gəncəli müəllim bu məktəbin direktorudur. Yanındakılar da müəllimlərdir. Gələcəkdə sənə dərs deyəcəklər. İndi sənin yalnız bir müəllimin olacaq.

 

Anam əlinin işarəsi ilə sağ tərəfdə qadınların və uşaqların əhatəsində olan qadını göstərərək:

-Bax sənin müəllimin o qadındır. Nəsibə müəllim.

 

Anam bunu deyib əlimdən tutaraq çəkdi və xoşsimalı, səliqə ilə geyinmiş müəllimə yaxınlaşdı:

-Nəsibə xanım, yeni dərs iliniz mübarək! – dedi.

 

Nəsibə müəllim də öz növbəsində:

-Xoş gördük, - deyə cavab verdi. Haqqında danışdığın bu qoçaqdır?!  - dedi. Sonra başımı sığallayıb soruşdu. – Necəsən, oğlum? Mənim sinfimdə oxuyarsan?

 

Anam evdə Nəsibə müəllim barədə mənə danışmışdı. Hamı onu tərifləyir, yaxşı, savadlı müəllim olduğunu deyirdi. Odur ki, Nəsibə müəllimin sualına cavab olaraq başımla razılığımı bildirdim. O, gülüb dedi:

 

-Oğul, suala başla cavab verməzlər. Xüsusən böyüklərlə danışanda…

 

Dərhal başa düşüb:

-Bəli, - dedim.

-Bax belə.

 

Nəsibə müəllim ilk baxışdan qəlbimə yatdı. Onu birinci dəfə görməyimə baxmayaraq, sanki çoxdan tanıyırdım və indi elə bil ki, doğma və əziz adamıma rast gəlmişdim.

 

Nəsibə müəllim bizi sıraya düzüb sinfə apardı. Uşaqların demək olar ki, hamısı, o cümlədən mən də bir anlığa anamızdan ayrıldığımıza görə qəribsədik. Dönüb geriyə baxdıq.

 

Mənim ilk dərsim, birmərtəbəli məktəb binasının bir küncündə yerləşən sinif otağında beləcə başlandı.

 

Nəsibə xanım Qurbanova o zamanlar təxminən 30 yaşlarında olardı. 1 nömrəli məktəbdə uzun müddət işləyib təqaüdə çıxdı, xeyli illərdir dünyasını dəyişib. Həyat yoldaşı Böyükağa Qurbanov orta məktəbdə, Əli Bayramlı (Hazırda Şirvan şəhəri) Pedaqoji Məktəbində riyaziyyat müəllimi işləyirdi. Geniş dünyagörüşə, savada, yüksək intellektual səviyyəyə malik idi. Stalin rejiminin ağrı-acısını çəkmiş, həbsdə və sürgündə olmuşdu.

 

Nəsibə xanımla Böyükağa müəllimin Həqiqət adlı qızları və daha iki qızı vardı.

 

1 nömrəli məktəbdə cəmi üç il oxudum. 1 nömrəli məktəbdə sıxlıq, 2 nömrəli məktəbdə isə şagirdlərin sayı az idi. Odur ki, bəzi sinifləri 2 nömrəli məktəbə keçirdilər. Ayrılmaq istəməsək də, bizi də həmin məktəbə dəyişdilər.

 

Xoşbəxtlikdən sinif müəllimimiz Ənvər Xanmədov yaxşı müəllim idi. Təcrübəli, qabaqcıl müəllim kimi uzun illər  səmərəli fəaliyyət göstərdi.

 

O zamanlar uşaqdıq. Nəsibə müəllimin hansı nailiyyətlərinə görə fərqləndiyi barədə fikir yürütmək bizim imkanımız xaricində idi. O, əməkdar müəllim idi. Heç bunun nə demək olduğunu və nəyə görə ona bu adın verildiyini bilmir və bu barədə, ümumiyyətlə, fikirləşmirdik. Onu bilirdik ki, bizim Nəsibə müəllim hamıdan ağıllı, hamıdan savadlı, hamıdan gözəl idi. Yaxşı müəllim idi, bizim qayğımıza qalırdı, bilmədiklərimizi, yaxşı anlamadıqlarımızı səbir və təmkinlə başa salırdı, yaxşı oxumayan uşaqlarla əlavə məşğul olurdu. O, bizə tapşırardı ki, hər yerdə – evdə, küçədə, məktəbdə, kino və teatrda, parkda nümunəvi davranaq, böyüklərə hörmətlə yanaşaq, ata-anamızın sözünə qulaq asaq, balacaları incitməyək, heyvanlara, quşlara, təbiətə qayğı ilə yanaşaq.

 

Çox gözəl öyrətmə metodikası vardı. Oxu və yazının tədrisini çox bacarıqla qurardı. Xəttimizə fikir verir, başa sala-sala buraxdığımız səhvləri düzəldərdi.

 

İndiki kimi yadımdadır. Nəsibə müəllim əyani vasitələrin köməyilə tədrisi maraqlı və anlaşıqlı qururdu. Valideyn yığıncaqlarında diqqəti ayrı-ayrı şagirdlərin kəm-kəsirlərini tənqid etməyə deyil, məktəblilərin təlimdəki və davranışdakı bəzi qüsurların düzəldilməsi ilə bağlı məsləhətləşmələrə yönəldirdi.

 

O zamanlar məktəbin dəhlizində, yaxud həyətində pioner xətləri keçirilirdi. Bu da yadımdadır ki, Nəsibə Qurbanovanın sinfi – bizim sinif həmişə təriflənir, birinci yeri tuturdu. Həm “Şagirdlər üçün qaydalar”a əməl etdiyimizə, nümunəvi davrandığımıza, həm də təlim müvəffəqiyyətimizə görə.

 

İllər keçdi. Mən Əli Bayramlı (hazırda Şirvan) şəhər 2 nömrəli məktəbini bitirdim. 1 nömrəli məktəbə gedib əziz müəllimimə – Nəsibə Qurbanovaya bu barədə “hesabat” verdim. Qiymətlərimlə, hansı ali məktəbə gedəcəyimlə maraqlandı. Uğurlar dilədi. Azərbaycan Pedaqoji Dillər İnstitutuna (hazırda ADU) daxil oldum. Gəlib bunu ilk müəllimimə bildirdim. Hədsiz sevindi, xeyir-duasını verdi. 1973-cü ildə institutu bitirib təyinatımı Sabirabad rayonuna aldım. Vaxtilə Əli Bayramlının kəndləri olmuş, hazırda Sabirabada baxan və çox da aralıda yerləşməyən Şıxsalahlı və Qaragünə (hazırda Qaragüney adlanır)  kənd məktəblərinə əmrim veriləndə Nəsibə müəllimlə görüşdüm. Sevindi:

 

- Çalış yaxşı müəllim ol, - dedi. Sevimli müəllimimin dediklərinə əməl etdim.

 

1975-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutuna kiçik elmi işçi vəzifəsinə qəbul olundum. Bu barədə Nəsibə müəllimə danışdım. Nəsibə müəllim son dərəcə məmnun oldu. Sevinci aşıb-daşırdı. Mənə:

 

- Oğul, gün o gün olsun ki, elmlər doktoru, professor olasan!

 

İllər keçdi. Elmlər doktoru da, professor da oldum. Fəqət ilk müəllimimi sevindirə bilmədim. Nəsibə Qurbanova artıq həyatdan köçmüşdü. Buna görə kədərlənsəm də, təsəllim bu oldu ki, onun arzularını həyata keçirə bilmişəm. İndi yəqin ki, onun ruhu sevinir.

 

Akif ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim

 



08.03.2023 | 11:00