Pedaqoji Universitet TÜRKSOY-la konfrans keçirdi

Sentyabrın  27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı-TÜRKSOY-un birgə təşkilatçılığı ilə universitetdə böyük qazax şairi Mağjan Cumabayın 125 illik yubileyinə həsr olunmuş “Mağjan Cumabay- 125” elmi-praktik konfransı keçirilib. Konfransda ADPU-nun rəhbərliyi, TÜRKSOY-un nümayəndələri, Filologiya fakültəsinin müəllim və tələbələri, ölkəmizin tanınmış  alim-mütəxəssisləri iştirak ediblər.

 

Qeyd edək ki, TÜRKSOY tərəfindən 2018-ci ilin “Mağjan Cumabay İli” elan edildiyini, həmçinin ADPU-nun TÜRKSOY kafedrasının fəaliyyət planını nəzərə alaraq universitetin rektoru, professor Cəfər Cəfərov “Mağjan Cumabay- 125”elmi-praktik konfransının keçirilməsi barədə müvafiq əmr imzalayıb. Həmin əmrə əsasən konfransın yüksək səviyyədə keçirilməsi məqsədilə 5 nəfərdən ibarət təşkilat komitəsi yaradılıb. 

 

Konfransı  açan rektor Cəfər Cəfərov bildirib ki,  ADPU qardaş xalqlar arasında əlaqələrin genişləndirilməsi sahəsində  səmərəli fəaliyyət göstərir. Belə tədbirlər Türk dünyasının inteqrasiyasına və türkdilli xalqların bir-birini yaxından tanımalarına xidmət edir. Mağjan Cumabayı Azərbaycanın böyük istiqlal şairi Əhməd Cavadla müqayisə edirlər. O, eyni zamanda Qazaxıstanda pedaqoji kadrların hazırlanmasında, maarifçilik hərəkatında fəal iştirak edib.

 

TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş, Şimali Qazaxıstan Vilayətinin İcra Hakimiyyətinin Dillərin İnkişafı üzrə İdarəsinin rəhbəri Kemel Ospanov, ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, TÜRKSOY kafedrasının rəhbəri, professor Asəf Zamanov, Filologiya fakültəsinin dekanı, TÜRKSOY kafedrası rəhbərinin müavini, professor Buludxan Xəlilov, BDU-nun professoru Ramiz Əskər və başqaları çıxış edərək Mağjan Cumabayın bütün Türk dünyasının vətənpərvər şairi, milli düşüncəli, istiqlal duyğulu ziyalısı olduğunu vurğulayıblar.

 

Konfransda  Şimali Qazaxıstan Dövlət Universitetinin professoru Zarxın Tarşıbay “Mağjan Cumabayın həyatı və yaradıcılığı” mövzusunda məruzə edib. Professor Zarxın Tarşıbay bildirib ki, Mağjan Cumabay qazax ədəbiyyatının önəmli və məşhur simalarından biridir. O, müasir qazax ədəbiyyatının yaradıcılarındandır. Mağjan Cumabayın əsərləri qazax xalqının mənəvi-mədəni inkişafına səmərəli təsir göstərib. Qazax xalqı onun xatirəsini əziz tutur.

 

Konfransda Mağjan Cumabayla bağlı film nümayiş olunub,  Filologiya fakültəsi tələbələrinin şairin şeirləri əsasında hazırladıqları ədəbi-bədii kompozisiya təqdim edilib.

 

Elm və innovasiyalar üzrə prorektor, TÜRKSOY kafedrasının rəhbəri, professor Asəf  Zamanov konfransın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib və uğurlar arzulayıb.



28.09.2018 | 16:41