Xocalı faciəsini heç zaman unutmayacağıq və unutdurmayacağıq! | |
Ölkəmizdə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar çoxlsaylı tədbirlər həyata keçirilmişdir. Xocalı həqiqətlərinin araşdırılması, öyrənilməsi, gənc nəsillərə ötürülməsi, eləcə də ölkə daxilində və onun hüdudlarından kənarda daha geniş ictimaiyyətə çatdırılması və təbliğ edilməsi ali təhsil müəssisəsi olaraq Mingəçevir Dövlət Universitetində (MDU) də diqqət mərkəzində saxlanılır. Xocalı soyqırımı qurbanlarının xatirəsi MDU-da müxtəlif formatlı çoxsaylı tədbirlərlə yad edilib.
Xocalı soyqırımına həsr olunan mühazirə
Fevralın 23-də Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Azərbaycan xalqının yaddaşına yazılmış qanlı səhifə: Xocalı faciəsi” adlı mühazirə keçirilib. MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlarının iştirakı ilə keçirilən mühazirədə faciənin başvermə səbəbləri, amansız qətliamın miqyası və dəhşətləri barədə ətraflı məlumat verilib. Xocalı faciəsinin XX əsrin ən dəhşətli soyqırımı cinayətlərindən olduğu bildirilib, onun dünya miqyasında tanıdılması istiqamətində həyata keçirilən dövlət tədbirlərindən və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə görülən işlərdən danışılıb.
Xocalı soyqırımı mövzusunda elmi konfrans
Fevralın 23-də “Xocalı soyqırımı: Yaddaşlara həkk olunmuş qanlı tarix” mövzusunda elmi konfrans keçirilib. Konfransda Xocalıdan olan bir qrup məcburi köçkün, MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Universitetin rektorunun açılış nitqindən sonra Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub. Sonra MDU əməkdaşları “Erməni terrorunun acı nəticəsi: Xocalı soyqırımı”, “Xocalını unutmadıq, unutmarıq, unutdurmarıq”, “Xocalı faciəsi Azərbaycan ədəbiyyatında” və “Xocalı soyqırımı dünya mətbuatının gözü ilə” mövzularında məruzələrlə çıxış ediblər. Konfrans ədəbi-bədii hissə ilə davam edib.
“Oğul” sənədli filminə baxış
Fevralın 23-də “Oğul” sənədli filminə baxış keçirilib. Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan filmin nümayişində universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları iştirak ediblər. Film 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı xüsusi qəhrəmanlıq göstərmiş və itkin düşmüş hərbi əsir, əslən Xocalıdan olan, mingəçevirli Natiq Qasımovun axtarışından bəhs edir. Nümayişdən əvvəl MDU-nun rektoru giriş sözü ilə çıxış edərək Qarabağ həqiqətlərinin, xalqımıza qarşı törədilən soyqırımı cinayətlərinin və mənfur düşmənlərimizin əsl simasının dünyaya çatdırılması, eləcə də vətənpərvərliyin təbliği baxımından filmin önəmini diqqətə çatdırıb. Sonra film nümayiş etdirilib. Sənədli film izləyicilər tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı beş gün təkbaşına mühasirədə qalaraq ermənilərə müqavimət göstərən Natiq Qasımov 22 Xocalı sakininin həyatını xilas etmək üçün əsir düşüb. Erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.
“Soyqırım” abidə kompleksini ziyarət
Fevralın 25-də MDU-nun bir qrup akademik və inzibati heyət üzvü Mingəçevir şəhərində “Soyqırım” abidə kompleksini ziyarət edib. Kollektiv üzvləri abidə kompleksinin önünə gül dəstələri düzərək faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər. Həmçinin, universitetin bir qrup kollektiv üzvü Mingəçevir şəhərində yaşayan Xocalıdan olan məcburi köçkün ailələrinə baş çəkib. MDU əməkdaşları ailə üzvləri ilə görüşdə soyqırımı zamanı həlak olanlara Allahdan rəhmət diləyiblər. Ailə üzvləri göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Məktəblilərlə birgə tədbir
Fevralın 24-də MDU Təhsil fakültəsinin və Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Tarixi qələbəmizlə Xocalı qətliamının günahsız qurbanlarının qisası alındı” mövzusunda konfrans keçirilib. Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbdə keçirilən konfransda hər iki təhsil müəssisəsinin pedaqoji və inzibati heyət üzvü, tələbələr və şagirdlər iştirak ediblər. Konfrans məktəblilərə vətənpərvərlik ruhunun aşılanması, Xocalı həqiqətlərinin çatdırılması məqsədi daşıyıb. Konfransda MDU tələbələrinin təqdimatında “Xocalı soyqırımına aparan yola siyasi-tarixi baxış”, “Xocalı soyqırımı 20-ci əsrin ən dəhşətli faciələrindəndir”, “Xocalı soyqırımının hüquqi təhlili”, “Xocalı faciəsi dünyanın gözü ilə”, “Ümummilli Lider Heydər Əliyev tərəfindən Xocalı soyqırımına siyasi qiymətin verilməsi” və “Tarixi qələbəmizlə Xocalı qətliamının günahsız qurbanlarının qisası alındı” mövzularında məruzələr dinlənilib. Konfransın ədəbi-bədii hissəsində isə tələbə və şagirdlər Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndiriblər.
Bununla yanaşı, MDU əməkdaşlarının universitetin rəsmi internet səhifəsində və digər media saytlarında “Xocalı qətliamı Ermənistanın irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin acı nəticəsidir”, “Xocalı soyqırımına tarixi baxış”, “Xocalıya ədalət!” kampaniyası Xocalı soyqırımının tanıdılması istiqamətində ən uğurlu addımdır”, “Xocalı soyqırımı - XX əsrin qanlı faciəsi” və “Xocalı dünən və bu gün: Xocalı faciəsi milli şüurun, tarixi yaddaşın obyekti” başlıqlı yazıları dərc olunub.
Hesab edirik ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onların tarixi həqiqətlər, eləcə də Xocalı soyqırımı barədə maarifləndirilməsi baxımından önəmli olan bu tədbirlər ali təhsil müəssisələrində davamlı olaraq keçirilməlidir. Bu, həm də hər birimizin vətəndaşlıq borcudur. Xocalı faciəsini heç zaman unutmayacağıq və unutdurmayacağıq!
|
|
03.03.2023 | 12:12 | |
|
|
|