Naxçıvan Dövlət Universitetində Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub | |
Naxçıvan Dövlət Universitetinin (NDU) Magistratura mərkəzində 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib.
Universitetin rektoru Elbrus İsayev keçirilən idman yarışları, tələbələr arasında seçmə yarışlar, ali təhsil ocağının idman sahəsində qazandığı uğurlardan söz açıb və tələbələri idman sahəsində aktiv olmağa səsləyib. İdman sahəsinə göstərilən dövlət qayğısından söhbət açan rektor universitetdə keçirilən müxtəlif növ idman yarışlarından danışıb. Bildirilib ki, universitetdə yüksək dərəcəli idmançıların hazırlanmasında İdman klubunun rolu çox böyükdür. Burada tələbələr mütəmadi idmanla məşğul olur, peşəkar müəllimlər tərəfindən dərs alırlar.
Bədən tərbiyəsi və idman kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, İdman klubunun sədri Məmmədəli Rəhimov universitetdə idmanın inkişafına göstərilən qayğıdan danışıb. Bildirilib ki, hər il universitetdə 70-80 nəfər Bədən tərbiyəsi müəllimi və məşqçi kadrlar yetişdirilir. Diqqətə çatdırılıb ki, Bədən tərbiyəsi və idman ixtisası fəaliyyətə başlayandan bəri 1000-dən artıq bədən tərbiyəsi mütəxəssisi hazırlanaraq istehsalata göndərilib.
Texnologiya müəllimliyi ixtisası üzrə I kurs tələbəsi, stolüstü tennis üzrə muxtar respublika ikincisi olan Lalə Musayeva “Universitetdə idmançı tələbələrin naliyyətləri” mövzusunda çıxış edib.
Sonra basketbol, badminton, peyntbol, oğlan və qızlar arasında stolüstü tennis üzrə muxtar respublika çempionatında, I kurs tələbələr arasında basketbol, minifutbol, şahmat, oğlanlar və qızlar arasında voleybol idman növləri üzrə keçirilən seçmə yarışlarda qalib olan komandalar diplomla təltif olunublar.
Elmir Tağıyev, NDU-nun Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi
|
|
05.03.2023 | 10:17 | |
|
|
|