“İstəyirəm ki, yüksək balla ali məktəbə daxil olum” | |
3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində xüsusi istedada və bacarığa, yüksək intellektə və mədəniyyətə malik uşaqlar və yeniyetmələr çoxdur. Onlar burada öz asudə vaxtlarını səmərəli keçirməklə yanaşı yaradıcılıq potensiallarını da inkişaf etdirirlər. Budəfəki müsahibim mərkəzin istedadlı yetirmələrindən biri olan Mədinə Hüseynovadır. Söhbət zamanı Mədinə arzu-istəklərini söyləməyi də unutmadı:
Qran-pri mükafatı aldım
- Mən Bakıdakı 132-134 nömrəli təhsil kompleksinin 8-ci sinfində təhsil alıram. 2017-ci il mənim üçün çox uğurlu oldu. Mərkəzdən eşidəndə ki, İtaliyada keçirilən “Sərhədsiz yaradıcılıq” beynəlxalq festivalında iştirak edəcəyəm, doğrusu, çox sevindim. Nəhayət, festivalda iştirak etdim, əl işlərim orada nümayiş olundu və uğur qazandım. Qran-pri mükafatına layiq görüldüm. Qeyd edim ki, festivalda Uşaq-Gənclər Yaradıcılıq Mərkəzimizin bədii kollektivi iştirak edirdi. Yaşıdlarım üç - xoreoqrafiya, vokal və rəsm nominasiyaları üzrə yarışlara qatılaraq böyük uğur qazandılar. “Rəqs” nominasiyası üzrə rəqs qrupu “Odlar yurdu - Azərbaycan” kompozisiyası ilə çıxış etdi. Rəqs qrupumuz 15 ölkənin içərisində qalib olaraq birinci yerə layiq görüldü. Mərkəzin 10 yaşlı istedadlı vokalçısı Rahim Qədimzadə bizimlə idi. O, “Azərbaycan” mahnısının məharətlə ifasına görə diplomla mükafatlandırıldı.
“Rənglərlə arzularıma doğru”
...Onunla həmsöhbət olmaq mənə çox xoş idi. Hələ yetkinlik yaşında olan bir istedad sahibinin tərcümeyi-halı necə də zəngin idi. Öyrəndim ki, Mədinə Hüseynova 4 yaşından mərkəzin üzvüdür. Bədii gimnastika, milli rəqs və rəsm dərnəklərində məşğul olur. Rəsm çəkməyi daha çox xoşlayır. Onun ilk sərgisi “Abşeron” rəsm qalereyasında keçirilib. “Rənglərlə arzularıma doğru” adlı həmin sərgidə 80-ə yaxın əsəri nümayiş olunub. Rəngli boyalarla işlənmiş əl işləri, kompozisiyalar, təbiət mənzərələri hamını heyran edib. Sərginin sonunda 30-40-a yaxın rəsm əsəri isə satılıb. Ən çox fantaziya janrına üstünlük verən Mədinə bütün düşüncələrini bu janrda canlandırır və əsrarəngiz rəsmlərə çevirir. Gündə 4-5 saat rəsm çəkməklə məşğuldur. Mədinə kətan üzərində əzizlərinin də portretlərini işləyib və əlamətdar günlərdə onlara hədiyyə edib.
10 ölkədə olan Mədinə Azərbaycanımızı layiqincə təmsil edib
Müsahibim 10 ölkədə olub. Bolqarıstanda, Macarıstanda, Almaniyada, Misirdə, Serbiyada, Türkiyədə, Gürcüstanda və sair ölkələrdə doğma vətəni Azərbaycanı layiqincə təmsil edib. 2015-ci ildə Türkiyənin Bodrum şəhərində keçirilən “23 Nisan” Beynəlxalq Uşaq Festivalında olarkən Bodrumun sərgi salonlarının birində onun 40-a yaxın rəsm əsəri nümayiş olunub. Azərbaycan haqqında yaratdığı ən sevimli əsərini - “Qız Qalası”nı onlara hədiyyə edib. Sərgidə dostları da həvəslə iştirak ediblər. 2016-cı ilin noyabrında isə Bolqarıstanda keçirilən rəqs festivalına qatılıb, milli və dünya rəqslərini məharətlə ifa edib. Ukraynadan, Belarusdan festivala qatılan uşaqlarla dostlaşıb. İngilis, alman, rus dillərində sərbəst danışdığı üçün festivallarda xarici dostları ilə daha rahat ünsiyyət qurur. Almaniyada, Serbiyada gimnast uşaqların yarışları keçirilirdi. Mədinə də həmin yarışa qatılıb, V yerə çıxaraq diplomla mükafatlandırılıb və medal qazanıb.
Mədinə yay tətilini necə keçirdiyi barədə danışmağı da unutmadı. Dedi ki, çoxlu bədii ədəbiyyat oxuyub. Hazırda kitab rəfində 40-a yaxın bədii ədəbiyyat var. Yaşı artdıqca kitablarının sayı da artır. A.Puşkinin “Yevgeni Onegin”, L.Tolstoyun “Anna Karenina”, “Müharibə və sülh”, M.Y.Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsərlərini oxuyarkən özünü başqa aləmdə hiss etdiyini söylədi və həmin kitabları vərəqlədikcə özünü artıq tələbə kimi gördüyünü vurğuladı. “Elə istəyirəm tezliklə orta məktəbi bitirim və yüksək balla ali məktəbə daxil olum” - söyləyən 8-ci sinif şagirdinin bu qədər inadkar və hazırlıqlı olduğuna ürəkdən sevindum. Sonra da əlavə etdi ki, bu, onun sadəcə bir uşaqlıq arzusudur.
Mədinənin necə istedadlı bir qız olduğunu, bununla bərabər dərslərinə necə məsuliyyətlə yanaşdığını biz təkcə onun öz dilindən deyil, mərkəzin rəhbərliyindən, müəllimlərdən, dərnək rəhbərlərindən və elə onun rəfiqələrindən də eşitdik. Və bu xoş təəssüratla da 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzini tərk etdik.
Sifai SƏFƏROVA |
|
28.09.2018 | 13:24 | |
|
|
|