LDU-da növbəti imtahan sessiyasının keçirilməsində yeniliklər gözlənilir | |
Lənkəran Dövlət Universitetinin (LDU) Elmi Şurasının iclasında rektor professor Natiq İbrahimov cari tədris ilinin növbəti semestrində qarşıda duran əsas vəzifələrdən, ali təhsil müəssisəsinin hədəflərindən söz açaraq, semestr imtahanlarının keçirilməsi formasında dəyişikliklərin edilməsinin vacibliyini bildirib.
“2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri. Yaz semestrində tədrisin vəziyyəti” barədə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent İdrak Əsgərov məruzə edərək payız semestrinin imtahan sessiyasının nəticələrinin təhlilini verib, ötən illə müqayisədə əldə olunmuş uğurlardan danışıb, eyni zamanda aşağı göstəricilərin səbəblərini açıqlayıb.
Müzakirələrdə qarşıdakı imtahan sessiyasının daha modern formada keçirilməsi, tələbələrin təkliflərinin nəzərə alınması və s. barədə fikir mübadiləsi aparılıb, məsələ ilə bağlı komissiyanın, işçi qrupun yaradılması qərara alınıb.
“Universitetin “Elmi Xəbərlər” jurnalının yeni nömrələri haqqında” Elm və tədqiqat işləri şöbəsinin müdiri Ülkər Babayeva məlumat verib. O, universitetdə keçiriləcək “Zona fənn olimpiadaları”na hazırlığın vəziyyətindən danışıb.
“LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə payız semestrinin imtahan sessiyasının nəticələri. Yaz semestrində tədrisin vəziyyəti” barədə kollecin direktoru Leyla İbrahimova məlumat verib.
Sonda müzakirəyə çıxarılan bütün məsələlər barədə müvafiq qərarlar qəbul edilib.
|
|
01.03.2023 | 12:30 | |
|
|
|