Mingəçevirdə “Heydər Əliyev İli” çərçivəsində elmi-praktik konfrans | |
Mingəçevir Dövlət Universiteti (MDU) və Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə həsr olunan “Ümummilli Lider: tarix yaradan Heydər Əliyev nümunəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları, şəhər partiya təşkilatının nümayəndələri iştirak ediblər.
Konfransın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində təşkil olunan elmi tədbirin müstəqil Azərbaycanın qurucusu olan dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsi və gənc nəsil arasında təbliği məqsədi daşıdığını vurğulayıb. Rektor qeyd edib ki, MDU ilə YAP Mingəçevir şəhər təşkilatının işbirliyi çərçivəsində cari ildə əbədiyaşar liderin çoxşaxəli fəaliyyətinin müxtəlif tarixi dövrlərinə həsr olunan silsiləvi elmi konfransların keçiriləcəyi nəzərdə tutulub.
YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə, o cümlədən Mingəçevir şəhərində müxtəlif formatlı tədbirlərin keçirildiyini bildirib. Ölkə iqtisadiyyatının və energetikasının inkişafında Mingəçevirin önəminin və potensialının Heydər Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirildiyini bildirən B.Mustafayev Ümummilli Liderin şəhərin hərtərəfli inkişafına göstərdiyi böyük diqqət və qayğıdan bəhs edib.
Sonra “Qəlblərdə və xatirələrdə əbədiləşən Ümummilli Lider Heydər Əliyev” adlı videoçarx nümayiş olunub və konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.
Sonda Yeni Azərbaycan Partiyasına üzv olan MDU əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.
|
|
01.03.2023 | 11:48 | |
|
|
|