"Bir əsrin iqtisadi nəticələri" | |
22–25 iyun tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi, UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə V iqtisadiyyat və idarəetmə sahəsində tədqiqatçıların Beynəlxalq elmi konfransı keçiriləcək. “Heydər Əliyev İli”nə həsr olunan konfrans "Bir əsrin iqtisadi nəticələri" mövzusunda olacaq.
UNEC-dən bildirilib ki, dövlət və özəl qurumların rəhbər şəxslərinin, yerli və xarici qonaqların qatılacağı konfransda dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədqiqatçılarının iştirakı ilə vorkshop təşkil olunacaq. Eləcə də “Yaşıl iqtisadiyyat və yaşıl inkişaf” mövzusunda “Green Day” keçiriləcək. Tədbirdə yaşıl investisiyalar, yaşıl inkişaf, yaşıl enerji, təkrar istehsal, yaşıl istehlak kimi aktual mövzularda çıxışlar olacaq. Məruzə sessiyalarında dünyanın 100-ə yaxın ölkəsindən 500-dən çox tədqiqatçı öz tədqiqatlarını təqdim edəcək.
Konfrans çərçivəsində yerli və xarici universitetlərin professor və tədqiqatçılarının iştirakı ilə “Bir əsrin iqtisadi portreti” adlı kitabın təqdimatı nəzərdə tutulub. Bundan əlavə, ingilis dilində “Yaşıl iqtisadiyyat və yaşıl maliyyə” adlı kitabın nəşri də baş tutacaq. Həmçinin, ali təhsil müəssisələrində dərs vəsaiti olaraq istifadə olunması nəzərdə tutulan “Strateji idarəetmə” kitabı da çap olunaraq, konfrans zamanı iştirakçılara təqdim ediləcək.
Akademik tədbirlərlə yanaşı, konfrans günlərində Heydər Əliyev Mərkəzində Azərbaycan tarixinə, mədəniyyətinə, Heydər Əliyev irsinə aid müxtəlif mövzularda sərgilərdən ibarət mədəni tədbirlər təşkil olunacaq.
|
|
01.03.2023 | 10:03 | |
|
|
|