Özbəkistanlı rektor:” Mədəniyyət amili xalqların birləşməsində mühüm rol oynayır” | |
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Özbəkistanın Dövlət İncəsənət və Mədəniyyət İnstitutu arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib.
Mərasimdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan və Özbəkistan əlaqələri müasir dövrdə ölkələrimizin müstəqillik əldə etməsindən sonra daha da genişlənib, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında qardaş ölkə ilə rəsmi münasibətlər qurulub.
Son illərdə isə iki ölkə arasında əlaqələrin Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev tərəfindən yeni mərhələyə qaldırıldığını deyən akademik dövlət başçılarının yaxın dostluq münasibətlərinin elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib.
AMEA-nın Özbəkistan Elmlər Akademiyası, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti, digər elm və təhsil qurumları sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyən İ.Həbibbəyli, həmçinin iki ölkə alimlərinin birgə təşkilatçılığı ilə beynəlxalq konfransların təşkil edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Əlişir Nəvainin ikinci vətənidir, ölkəmizdə ədibin yaradıcılığı istiqamətində geniş tədqiqatlar aparılıb, əsərlər yazılıb, AMEA-nın Ədəbiyyat İnstitutunun nəzdində Əlişir Nəvai Mərkəzi fəaliyyət göstərir, Əlyazmalar İnstitutunda isə dahi şairin zəngin əlyazmaları qorunub saxlanılır.
AMEA rəhbəri, eyni zamanda, Məhəmməd Baburun əsərlərinin azərbaycanlı alimlər tərəfindən tədqiq olunduğunu, iki xalqın böyük oğlu Maqsud Şeyxzadənin yaradıcılığına həsr olunmuş kitabların işıq üzü gördüyünü söyləyib, hazırda Akademiyada Azərbaycan-Özbəkistan elmi, ədəbi, mədəni əlaqələrinin genişləndirilməsi istiqamətində prosesin davam etdiyini bildirib.
Özbəkistanın Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanov isə çıxışında bildirib ki, mədəniyyət amili xalqların birləşməsində mühüm rol oynayır və rəhbərlik etdiyi qurum AMEA ilə əlaqələrin qurulması, genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Eldor Şermanov hazırda Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb, əməkdaşlıq memorandumunun birgə konfransların təşkili, layihələrin həyata keçirilməsi və kadr hazırlığı işinə öz töhfəsini verəcəyini vurğulayıb.
Daha sonra AMEA ilə Özbəkistanın Dövlət İncəsənət və Mədəniyyət İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
|
|
28.02.2023 | 16:08 | |
|
|
|