Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlara “ASAN Könüllüləri” cəlb ediləcək

Dövlət İmtahan Mərkəzi (DİM) ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə cəlb oluması məqsədilə daim müxtəlif layihələr həyata keçirir və ictimai iştirakçılıq prinsiplərinə uyğun olaraq imtahanlarda müəyyən təşkilatların, elm-təhsil müəssisələrinin nümayəndələrinin iştirakı təmin olunur.

 

Qurumdan bildirilib ki, bu il keçiriləcək imtahanların idarə olunmasına “ASAN Könüllüləri”nin də cəlb olunması nəzərdə tutulub.

 

Bununla əlaqədar olaraq DİM-in əməkdaşları “ASAN Könüllüləri” ilə görüşüb və onlarla maarifləndirici təlim keçirilib.      

 

Təlimdə “ASAN Könüllüləri”nə imtahanların təşkili, idarəedilməsi, təhlükəsizlik məsələləri, imtahan prosesinə cəlb olunmuş əməkdaşların vəzifə və səlahiyyətləri, icra etdikləri iş, DİM tərəfindən keçirilən tədbirlər barədə təqdimat nümayiş etdirilib və ümumi məlumat verilib.

 

Görüşün sonunda təqdimat ətrafında müzakirələr aparılıb və gəncləri maraqlandıran suallar cavablandırılıb.

 

İmtahanların idarə edilməsində “ASAN Könüllüləri”nin iştirakı onların fərdi idarəetmə bacarıqlarının və bu sahədə dünyagörüşlərinin inkişaf etdirilməsinə yardımçı olacaq.

 

Gələcəkdə bu gənclərin müvafiq sertifikat əldə edərək nəzarətçi qismində imtahanlarda iştirakı da nəzərdə tutulur.

 

 



28.02.2023 | 10:05