ADPU-da tədris və imtahan prosesində tətbiq olunan yeniliklər müsbət nəticəsini verir | |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasında çıxış edən rektor professor Cəfər Cəfərov institusional akkreditasiya ilə bağlı özünüqiymətləndirmə hesabatının hazırlanaraq müvafiq quruma təqdim edildiyini, bütün strukturlarda bu sənədin ətraflı təhlilinin, müzakirələrin təşkilinin akkreditasiya prosesinə qədər son hazırlıq üçün olduqca faydalı olacağını bildirib. C.Cəfərov deyib ki, institusional akkreditasiyadan sonra proqram akkreditasiyası başlanacaq:”Bu sahədə də artıq ADPU-nun təcrübəsi var, ADPU Tvinninq layihəsi çərçivəsində bir neçə fənnin proqram akkreditasiyasını 2019-cu ildə həyata keçirib”.
Ötən dövrün ümumi icmalına nəzər salan rektor beynəlxalq əlaqələrdə xeyli irəliləyişlərin baş verdiyini bildirib, son bir ay ərzində TÜRKSOY-un baş katibinin ADPU-da olmasını, xarici ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşlərin, Qərbi Azərbaycana qayıdışla bağlı universitetdə ilk ictimai dinləmənin, ADPU-nun kitabxanasındakı nadir kitab və əlyazmaların ictimai təqdimatının keçirilməsini və s. yüksək qiymətləndirib.
Sonra tədris işləri üzrə prorektor dosent Eldar Aslanov ADPU-da payız semestrinin qış imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, 9884-ü bakalavr və 621-i magistrant olmaqla, ümumilikdə 10505 nəfər üçün ADPU-nun Sahil və Gənclik tədris binalarında, o cümlədən ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində imtahanlar təşkil olunub. İxtisas və fənn xüsusiyyətləri nəzərə alınmaqla, imtahanlar yazılı, şifahi və hibrid formada keçirilib. İmtahan sessiyasının yekunlarına görə, müvəffəqiyyət və keyfiyyət göstəriciləri ötən tədris ilinin analoji semestrinə nisbətdə müvafiq olaraq, 78 faizdən 84 faizə və 38 faizdən 46 faizə yüksəlib. Magistratura səviyyəsində bu göstəricilər müvafiq olaraq, 74 və 68 faiz təşkil edib. Filiallar və kollec üzrə də müvəffəqiyyət və keyfiyyət göstəricilərində artım müşahidə olunur.
Bildirilib ki, onlayn sorğuda ADPU, filiallar və kollec də daxil olmaqla, ümumilikdə 2590 tələbə iştirak edib ki, onların əksəriyyəti imtahan və tədris prosesinin təşkilini yaxşı qiymətləndirir. Bununla belə, tələbələr tərəfindən bildirilən bəzi problem və təkliflər də ümumiləşdirilərək universitet rəhbərliyinə təqdim olunur.
Daha sonra cari semestrin nəticələrinə əsasən, adlı təqaüdə layiq görülən 12 nəfər tələbənin siyahısı təsdiq olunub.
|
|
27.02.2023 | 12:11 | |
|
|
|