Xocalı soyqırımından 31 il ötür

İnsanlıq tarixinə ən qorxulu terror aktı kimi düşən Xocalı soyqırımından 31 il ötür. Bu dəhşətli faciənin üzərindən uzun illər keçsə də, onun açdığı yaralar, doğurduğu ağır nəticələr Azərbaycan xalqının hafizəsində hər zaman təzə qalır. Erməni millətçiliyinin yüzillik sərt və qəddar üzü, etnik təmizləmə siyasətinin amansızlığı 1992-ci ilin fevralında təkrar yaşandı və Qafqazda həyata keçirilən etnik separatizm, başqa xalqlara qarşı nifrət, terror ideologiyasının nümunəsi olan bu vahim qətliam Xocalıda fragik, tükürpədən, insanlığa utanc olan qorxunc bir mənzərə yaratdı.

 

Keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayı cinayətkar Ermənistanın əlində əsas hərbi vasitə idi. Bu vasitədən istifadə olunmaqla Xocalı şəhərinə, onun günahsız insanlarına qarşı hazırlanmış çirkin plan həyata keçirildi və Xocalı bir gecənin içində qan gölünə, ölü şəhərə çevrildi. Hadisə son dərəcə ağır nəticələrinə görə XX əsrin Holokost, Oradur, Lidisa, Xatın, Sonqmi və Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayandı. Erməni vəhşiliyi ilə 106 qadının, 63 uşağın, 70-i yaşlı insan olmaqla, 613 nəfərin qətlə yetirilməsi, 1275 sakinin girov götürülməsi, 150 nəfərin isə taleyinin naməlum qalması gerçəyi tarixə yazıldı.

 

Bundan başqa, 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi, onlardan 76 nəfəri uşaq idi. 8 ailə tamamilə məhv oldu. 25 uşaq hər iki valideynini və 130 uşaq bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Bu, barbarlıq, vandalizm aktı idi. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini ayaqlar altına almış, Xocalı adlı şəhərdə bir cəhənnəm səhnəsi yaratmış, yurdumuzun bu parçasını yoxa çıxarmışdı: bütün sosial-məişət obyektləri, fərdi yaşayış binaları, məktəblər, klublar, kitabxanalar, mədəniyyət evləri, muzeylər, türbələr, günbəzlər, hətta məzarlar belə dağıdıldı; infrastruktur yoxa çıxarıldı. Xocalı şəhərinin, onun məsum insanlarının acı, dözülməz hekayəsi yarandı.

 

Bu miqyasda fəlakətin yalnız bir səbəbi var idi: Azərbaycanlıların izləri Qarabağdan tamamilə silinsin! Qarabağ erməniləşdirilsin! Terroru dövlət siyasətinə çevirən Ermənistanın bu cinayətlərinin bir səbəbi də xalqımızı qorxutmaq, onun mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcburiyyət yaratmaqdan ibarət idi. Çünki bu hadisələr 20 faiz torpaqlarımıza hazırlanmış qəsd, işğal planı kontekstində baş verirdi.

 

Azərbaycan xalqı faciənin ağırlığından dərin bir kədər yaşadı, lakin öz gücünü itirmədi; tarixi yurdunu unutmadı; onu erməni vəhşilərinin əlinə buraxmaq fikrinə düşmədi; bu yolda daim mübariz qaldı...

 

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması, bütün beynəlxalq tribunalara qətliamın isbatları ilə qalxmaq, fotoşəkilləri, video materialları, xarici jurnalistlərin dünya mediasında çap olunan məqalələrini sübut olaraq hər yerə təqdim etmək fəaliyyəti güclü şəkildə aparıldı. Bu yolda ciddi bir səfərbərlik başladı. Çoxsaylı kitablar çap olundu; məqalələr yazıldı; xarici ölkələrdə Xocalıya dair tədbirlər keçirildi, beynəlxalq ictimaiyyət ardıcıl olaraq məlumatlandırıldı. Diaspora təşkilatlarımız sistemli fəaliyyət göstərdi. Xocalı həqiqətləri üçün səfərbərliyin müsbət nəticəsi o oldu ki, bu soyqırımı cinayəti bir sıra ölkələr tərəfindən tanındı və faciəyə beynəlxalq siyasi qiymət verildi. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentariləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommunikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırıldı. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olaraq müəyyən etdi. Bundan başqa, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul olundu.

 

Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası xüsusi əhəmiyyətə malik oldu.

 

Azərbaycan dövləti və xalqı ötən illər ərzində Xocalı üçün nə lazımdırsa, etdi. Cinayəti sənədləşdirdi; dəhşətli faktları dünyaya çatdırdı; Faciə gələcək nəsillərin hafizəsinə ötürülməsi üçün dərsliklərə salındı; Xocalı soyqırımı qurbanlarının xatirəsi hər il yad edildi; əbədiləşdirilməsi məqsədilə abidə kompleksi ucaldıldı; Cinayətin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması tələbi hər zaman aktual saxlanıldı; Ən vacibi, Xocalının intiqamı alındı! Hafizəsində qorxunc erməni vəhşiliklərini saxlayan, heç vaxt unutmayan xalqımızın qisas cavabı dinc erməni sakinləri, günahsız erməni uşaqları olmadı, əlbəttə! Apardığımız ləyaqətli müharibə ilə verilən cavab onların bizə vurduğu zərbədən daha ağır nəticələr yaratdı. Azərbaycan ordusu Qarabağda erməni hökmranlığını məhv etdi. İşğaldakı torpaqlarımız üzərində qurulan xəyalları puça çıxardı, yurdumuzun gözəl şəhərlərini istila zəncirindən bir-bir qopardı.

 

Xocalının intiqamı alındı, amma hadisələrin dünya ictimaiyyətinə çatdırılması fəaliyyəti sona çatmadı. Tarixi unutmamaq üçün bu yöndə təbliğat hər zaman inadla aparılacaq!

 

Vəfa ALLAHVERDİYEVA

 



26.02.2023 | 11:00