Məktəblilər Xocalı soyqırımını səhnələşdirdilər | |
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 249 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Xocalı dərdim” adlı tədbir keçirilib.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının nümayəndəsi Ülvi Abbasov, məktəb direktorları və şagirdlər iştirak ediblər.
Tədbir müstəqilliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan 249 nömrəli tam orta məktəbin direktoru Kəmalə Şıxlinskaya Xocalı hadisələrinin tarixi barədə ətraflı məlumat verib. 31 il bundan əvvəl Xocalıda törədilən vəhşiliklərdən danışan məktəb direktoru Xocalı soyqırımının unudulmaması, tarixi həqiqətlərin təbliği işində məktəbin və müəllimlərin xüsusi rolu olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən BŞTİ-nin Media və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov tarixin ədalətsizlik və haqsızlıq rəmzinə çevrilmiş Xocalı soyqırımının xalqımızın qan yaddaşında əbədi yer tutduğunu bildirib. Sektor müdiri Xocalı soyqırımının Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutduğunu, belə tədbirlərin təşkil olunmasının əsas məqsədinin həlak olanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdə vətənpərvərlik hissini yüksəltmək, Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilən cinayətlər barədə həqiqətləri onlara çatdırmaqdan ibarət olduğu diqqətə çatdırıb. B.Məmmədov Ali baş Komandan başqa olmaqla rəşadətli ordumuz tərəfindən Vətən Müharibəsi nəticəsində erməni terrorçularının layiqli cavabının verildiyini də xatırladıb.
Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov belə tədbirlərin keçirilməsi ilə Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılmasında yetişməktə olan nəsillərin də öz töhfələrini verəcəyinə əminliyini bildirib.
Daha sonra şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hissini vətənpərvərlik ruhunda səhnələşdirdikləri ədəbi-bədii kompozisiyalarda ifadə ediblər.
|
|
24.02.2023 | 19:34 | |
|
|
|