“Xocalı soyqırımının dünyaya çatdırılmasında Heydər Əliyevin rolu” | |
Lənkəran Dövlət Universitetində (LDU) Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunan “Xocalı soyqırımının dünyaya çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.
LDU-nun prorektoru dosent İdrak Əsgərov Azərbaycan tarixinin ən ağrılı və faciəli səhifəsi olan Xocalı soyqırımının təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən qəddar cinayətlər siyahısında yer aldığını bildirib, bu faciəni əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımların daha dəhşətli davamı kimi qiymətləndirib. 44 gün davam edən və Azərbaycan xalqının qələbəsi ilə bitən Vətən müharibəsini işğalçı Ermənistana layiqli cavab, Xocalının qisası kimi dəyərləndirən İ.Əsgərov bu qanlı hadisələrə ilk dəfə hüquqi-siyasi qiymətin məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini xüsusi vurğulayıb.
LDU-nun tarix və onun tədrisi metodikası kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Asif İmanlı “Xocalı soyqırımının dünyaya çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda məruzə edib. Məruzədə Xocalı faciəsi baş verən dövrdə Azərbaycanda və dünyada yaşanan hadisələr, faciəni doğuran səbəblər və onun ağrılı nəticələri, Ulu Öndər Heydər Əliyevin Xocalı dəhşətlərinin dünyaya çatdırılması istiqamətində çoxşaxəli fəaliyyəti və s. barədə ətraflı söz açılıb.
Kafedranın müəllimi Vüsal Nəsirli isə bildirib ki, Xocalı faciəsi hər il dünyanın 80-dən artıq ölkəsində geniş şəkildə anılır və beynəlxalq ictimaiyyətə çatdırılır.
Anım tədbirində Xocalı dəhşətlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Sonda Xocalı dəhşətlərinə aid kitab sərgisinə baxış olub.
|
|
24.02.2023 | 19:19 | |
|
|
|