Xalq Təhsili Muzeyində anım tədbiri | |
Xalq Təhsili Muzeyində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Bakı şəhər məktəblərinin və 5 saylı UGİM-nin müəllim və şagirdləri iştirak ediblər.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi L.Bayramova Azərbaycan xalqının iradəsini qırmaq məqsədilə, erməni silahlı qüvvələri tərəfindən xüsusi amansızlıq və qəddarlıqla Xocalıda törədilmiş soyqırımın bəşər tarixində ən dəhşətli kütləvi terror aktı, cinayət olduğundan danışıb, anım tədbirlərinin keçirilməsinin böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyəsində böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, daha sonra 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun möhtəşəm qələbəsi sayəsində Xocalı qurbanlarının intiqamının alındığını, işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli müqəddəs bayrağımızın dalğalandığını qürur hissi ilə qeyd edib.
Xalq Təhsili Muzeyinin elmi katibi İ. Məlikovanın “Bəşəriyyətin dəhşətli qan yaddaşı-Xocalı soyqırımı” adlı məruzəsi, 5 saylı UGİM-nin direktor müavini Sevda Cəlilovanın, Xocalı şəhər 2 saylı orta məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Fiqurə Rüstəmovanın müəllimləri - soyqırımın canlı şahidləri Səidə Cəfərova və Sevda Məmmədovanın xatirələri tədbir iştirakçılarını duyğulandırıb.
Tədbirdə Xocalı şəhər 2 saylı, Bakı şəhər 202 saylı tam orta məktəblərin şagirdlərinin və 5 saylı UGİM-nin dərnək üzvlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyalar, həmçinin faciəni əks etdirən slayd nümayiş etdirilib.
Tədbir iştirakçıları sonda Xalq Təhsili Muzeyinin sənəd və materialları və respublika məktəblilərinin rəsmləri əsasında təşkil edilmiş “Xocalı soyqırımı” adlı sərgi ilə tanış olublar.
|
|
24.02.2023 | 16:33 | |
|
|
|