Aşqarlar Kimyası İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb | |
Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda institut rəhbərliyi, Azad Həmkarlar Təşkilatı, YAP Ərazi Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Qadınlar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun Baş direktoru akademik Vaqif Fərzəliyev vurğulayıb ki, ermənilərin bizə qarşı əsrlər boyu həyata keçirdiyi soyqırım və etnik təmizləmə siyasəti onların “Böyük Ermənistan” yaratmaq xülyasına xidmət edən cinayət əməlləridir:”1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə azərbaycanlılara qarşı tarixdə görünməmiş cinayət törətdilər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, bir gecədə 613 sakin qətlə yetirildi. 1275 nəfər əsir götürüldü ki, onlardan da 68-i qadın və 26-sı uşaq olmaqla, 150 nəfərin taleyi bu günədək məlum deyil”.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Şanlı Zəfərini, dövlətimizin iqtisadi gücünün, hərbi potensialının və beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkəmizin hərtərəfli inkişafa nail olduğunu qeyd edən Baş direktor erməni vandalizmi nəticəsində həyatını qurban verənlərin qisasının alındığını söyləyib.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Lalə Əliyeva Xocalı faciəsindən bəhs edən təqdimatla çıxış edib. Sonda onun hazırladığı videoçarx nümayiş olunub.
|
|
24.02.2023 | 16:24 | |
|
|
|