Nadir kitab və əlyazmalara ikinci həyat

Məlum olduğu kimi, fevralın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə universitetin kitabxana fondunda qorunan nadir kitabların sərgisi keçirildi.Tədbirdə ADPU-nun rəhbərliyi və professor-müəllim heyəti ilə yanaşı AMEA-nın müvafiq institutlarının rəhbər şəxsləri və əməkdaşları, millət vəkilləri, müxtəlif universitetlərin alimləri, Azərbaycan Milli Kitabxanasının və AMEA Elmi Kitabxanasının nümayəndələri və digər ziyalılar iştirak edirdilər.

 

ADPU-nun rektoru professor Cəfər Cəfərov tədbirdəki giriş nitqində qeyd etdi ki, Pedaqoji Universitetin kitabxanası ölkəmizin ən zəngin ikinci universitet kitabxanası olmaqla, eyni zamanda xeyli sayda qədim və nadir kitabların, əlyazmaların da qorunduğu unikal bir məkandır. Rektor vurğuladı ki, kitabxananın nadir kitablar fondunda müxtəlif dövrlərə aid 1000 nüsxəyə yaxın nadir kitab və əlyazmalar qorunur ki, onların da 121 nüsxəsi “Azərbaycan Kitab Abidələri” elektron reyestrində qeydiyyata alınıb, digər kitabların da işlənilməsi məqsədi ilə ADPU-nun peşəkar kitabxanaçıları sahə üzrə mütəxəssislərin cəlb edilməsi ilə intensiv iş aparırlar.

 

Nadir kitablar haqqında ətraflı məlumat verən sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev diqqətə çatdırdı ki, universitetdə yenidənqurma və təkmilləşdirmə işləri ilə bağlı kitabların saxlanılması və qeydiyyatı sahəsində də təkmilləşdirmələr aparılır. O vurğuladı ki, hazırda ADPU kitabxanasının fondunda ərəb, fars, rus, əski əlifbalı Azərbaycan dili və bir neçə Avropa dillərində nəşr olunmuş müxtəlif sahələrə aid nadir nəşrlər qorunur. Prorektor dedi ki, onlar arasında ən qədim nəşr 1741-ci ildə Sankt-Peterburqda nəşr olunmuş Rikotanın o dövr Osmanlı imperiyasından bəhs edən 278 səhifəlik kitabıdır.

 

Millət vəkilləri Anar İsgəndərov və Etibar Əliyev belə bir irsin mühafizə olunmasının önəminə diqqət çəkərək, bu əsərlərin hər birinin üzərində mütəxəssislərin işləyərək onların reyestrə salınması, transliterasiyası və s. məsələlərin vacibliyini qeyd etdilər.

 

Qeyd edək ki, belə bir sərgi Azərbaycan universitetləri arasında ilk dəfə Pedaqoji Universitetdə təşkil olunub. Mövzunun aktuallığını nəzərə alaraq, ictimaiyyətə daha geniş məlumat vermək məqsədi ilə bu nadir kitabların qorunduğu ADPU-nun kitabxanasına baş çəkdik. Kitabxananın müdiri Zinharə Həsənova bizi gülərüzlə qarşıladı. Söhbətin başlanğıcından hiss olunurdu ki, deməyə sözləri, göstərməyə xəzinələri çoxdur:

 

“Universitet yarandığı günlərdən kitabxana da təşkil edilmişdir. Yarandığı ilk illərdə öz fondunu müəllimlərin mühazirə mətnləri ilə formalaşdıran kitabxanamız hazırda 746.221-dən çox kitab fonduna malikdir.

 

Mərkəzin fondu Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb, fars, türk və slavyan dillərində olan ədəbiyyatlarla zəngindir.”

 

Zinharə xanım deyir ki, Mərkəz fondunun zənginliyinə, oxucu sayına, nadir və qiymətli kitabların sayına görə Respublika ali məktəb kitabxanaları arasında ilk sıralarda yer alır:

 

“Mərkəzin kitab fondu 670.640 nüsxədir. Bunların içərisində 120.622 nüsxə elmi ədəbiyyat, 298.701 nüsxə dərslik və dərs vəsaitləri, 178.577 nüsxə bədii, 72740 nüsxə ictimai-siyasi, 14.171 nüsxə xarici ədəbiyyat, 1.210 nüsxə elmlər doktorluğu və fəlsəfə doktorluğu dissertasiyaları, 4.799 nüsxə magistr dissertasiyası, 17.695 nüsxə avtoreferat, həmçinin 3.304 dövri-elmi nəşrlər və xaricdən alınmış jurnallar yer alır”.

 

Nadir kitablarla bağlı sualımıza cavab olaraq, Z.Həsənova bildirdi ki, Mərkəzin kitab fondunda 1000 nüsxəyə yaxın nadir və qiymətli kitablar mühafizə olunur. Bunlardan rus dilində74 nüsxə, fars dilində 29 nüsxə, ərəb dilində 9 nüsxə, əski əlifba ilə 9 nüsxə kitab olmaqla, cəmi 121 nüsxə nadir kitab “Azərbaycanın Kitab abidələri” elektron nəşrində qeydə alınıb və Azərbaycan Respublikasının Milli-mədəni Sərvətləri Reyestrinə daxil edilib. Z.Həsənova reyestrə daxil olan kitabların universitetin ümumi nadir və qiymətli kitablar fondunun cəmi 12 faizini təşkil etdiyini nəzərə alanda, digər kitabların da reyestrə daxil edilməsi üçün mütəxəssislərin cəlbinin, tədqiqatların aparılmasının vacib olduğunu, bunun hər şeydən əvvəl yeni qiymətli materialların aşkarlanması üçün zəruri olduğunu xüsusilə qeyd edir və tədqiqatçıları, müvafiq qurumları əməkdaşlığa dəvət edir.

 

Müsahibimiz qeyd edir ki, bu kitabların qorunması, saxlanması və elmi-tədqiqata cəlb olunmaları, dissertasiya mövzuları kimi işlənilmələri çox vacib bir məsələdir. Uzun illər ərzində yalnız ümumi fondun tərkibində saxlanılan bu qiymətli mənbələrin ictimailəşdirilməsi və onların xüsusi qaydada ayrıca fond kimi mühafizəsinin təşkili yalnız son illərdə rektor professor Cəfər Cəfərovun diqqəti sayəsində, o cümlədən aparılan təmir və yenidənqurma işləri nəticəsində kitabxananın sahəsinin genişləndirilməsi, maddi-texniki bazasının gücləndirlməsi hesabına mümkün olmuşdur.

 

Zinharə xanımla söhbətimizin davamını kitabxananın peşəkar əməkdaşlarından Gülnar Yusifova ilə davam etdiririk. 25 illik kitabxanaçılıq təcrübəsi olan Gülnar xanımın Pedaqoji Universitet kitabxanasının nadir və qiymətli kitab və əlyazmalar fondunun işlənilməsində, kataloqlarının və annotasiyalarının yenilənməsində, onların ictimaiyyətə təqdim olunmasında böyük əməyi var.

 

G.Yusifova əvvəlcə oxu zalında oxuculara xidmət göstərməklə fəaliyyətə başlayıb, daha sonra ərəb, fars, rus, alman dili və əski əlifba bilikləri sayəsində müxtəlif dillərdəki nadir kitabların annotasiyalarının işlənilməsi prosesində yaxından iştirak etməyə başlayıb və fəaliyyətinin əsas hissəsini bu əsərlərin qorunub-saxlanılması, eyni zamanda onlar haqda məlumatların dəqiqləşdirilməsi təşkil edib. Deyir ki, bu qiymətli xəzinə ilə işləmək istər-istəməz insanı özünə cəzb edir.

 

Gülnar xanımla söhbət edə-edə nadir kitabların qorunduğu fonda doğru irəliləyirik. Həyəcanı üzündən oxunur. Fondda bizə bir neçə əsr əvvələ aid olan nadir əsərləri göstərə-göstərə, eyni zamanda izahlar verir, bu mənbələrin adlarını oxuyaraq, bəhs edikləri mövzular haqqında danışır:

 

“Kitabxananın fondunda qorunan ən qədim kitab 1741-ci ildə Sankt-Peterburqda nəşr olunan Rikotanın Osmanlı imperiyasından bəhs edən 278 səhifəlik karton üzlü əsəridir. Əsər 1957-ci ildə ADPU kitabxanasının fonduna daxil olub. Bu vaxtadək adi rejimdə mühafizə olunan əsərin fiziki-kimyəvi və texnoloji vəziyyəti normal qiymətləndirilir.Kitabxanamızda 1780-ci ildə nəşr olunmuş “İmperatriça Yekaterina Aleksandrovnanın fərmanları” saxlanılır. 564 səhifəlik külliyat 1725-ci ilin fərmanları ilə başlayır. Eyni zamanda nadir fondumuzda böyük Nizami Gəncəvinin Xəmsəsindən “İsgəndərnamə” və “Sirlər xəzinəsi” poemalarının fars dilində XIX əsrə aid daşbasma üsulu ilə çap olunmuş nüsxələri də var. Bunlardan “İsgəndərnamə” poemasının nüsxəsi hicri təqvimlə 1284-cü ilə, yəni miladi təqvimlə 1866-cı ilə aiddir, “Sirlər xəzinəsi” poemasının nüsxəsinin nəşr tarixi isə dəqiq məlum deyil. Bu əsərlərin bərpaya ehtiyacları var. Nəşr ili məlum olmayan daşbasma çapı əsərlərindən biri də 973 səhifəlik “Ərəbcə-türkcə lüğət”dir”.

 

Gülnar xanım deyir ki, ümumiyyətlə, nadir fondda, əsasən rus və alman dillərində  XVIII əsrdən başlayaraq Çar Rusiyasının tarixinə, coğrafiyasına, müxtəlif təbiət elmlərinə aid, o cümlədən lüğətlər, ensiklopedik nəşrlər, bədii ədəbiyyatlar, fars və ərəb dillərində isə, əsasən XIX əsrə aid olan klassik şərq ədəbiyyatı nümunələri, Hafizin, Sədinin divanları, “Şahnamə” və s. çoxluq təşkil edir. XX əsrin əvvəllərində xalqımızın  milli maarifçilik hərəkatında aparıcı rol oynamış “Molla Nəsrəddin”, “Füyuzat”, “Dəbistan”, “Tuti” kimi jurnal və məcmuələrin orijinal nüsxələri də xüsusilə diqqəti cəlb edir.

 

Bu əsərlər arasında olduqca maraqlı tarixçəsi olan mənbələr də var. Bələdçimiz əlində tutduğu dəri üzlü, fars dilində daşbasma üsulu ilə çap olunmuş məşhur “Tarixi Nadir” kitabının hicri-qəməri 1320, miladi təqvimlə 1902-ci ilə aid nüsxəsini göstərərək deyir: “Bu məşhur əsərin kitabxanamızdakı nüsxəsi 270 səhifədən ibarətdir. Bildiyimiz kimi, “Tarixi Nadir” əsəri Nadir şah Əfşarın şəxsi tarixçisi Mirzə Mehdi xan tərəfindən qələmə alınıb və onun bir çox nüsxələri var. Klassik poetik fars dilində qələmə alınan əsərin oxunması və tərcüməsi olduqca çətin bir işdir. Bizdəki nüsxənin müəllifini müəyyən edə bilməmişik. Ancaq Mirzə Mehdi xan adlı müəllifin kitabxanamızda digər bir əsəri də var.“Təbriz” adlı 45 səhifəlik əsər hicri 1283-cü ilə (red. - 1866-cı il) aiddir. Ola bilsin ki, müəllif “Tarixi Nadir”in müəllifidir. Lakin digər tərəfdən “Təbriz” tarixi deyil, bədii əsərdir”.

 

G.Yusifova digər bir maraqlı məqam haqqında da söhbət açaraq deyir: “Bir maraqlı məqam da ondan ibarətdir ki, kitabxananın nadir fondunun formalaşmasında bəzi görkəmli alimlərin şəxsi kitabları da xüsusi yer tutur. Belə ki, zaman-zaman bu alimlər öz şəxsi kitabxanalarını universitetə bağışlamışlar. Bunlardan biri  də böyük dilçi alim Əbdüləzəl Dəmirçizadədir. Professor Ə.Dəmirçizadə ötən əsrin 90-cı illərində olduqca böyükhəcmli şəxsi kitabxanasını bütünlükdə Pedaqoji Universitetin kitabxanasına bağışlayıb. Həmin kitablar təyinatı üzrə müxtəlif fondlara paylanıb. Bu gün nadir kitablarımızı incələyərkən üzərində Ə.Dəmirçizadənin kitabxanasına aid olduğunu göstərən şəxsi möhür olan iki əsər də qarşımıza çıxdı. Bunlardan biri 1913-cü ilə aid (hicri 1331-ci il) təcvid, digəri isə 1922-ci ildə Daşkənddə nəşr olunmuş “Bilim uçaqi” jurnalının I nömrəsidir”.

 

Ürəyi dolu olan Gülnar xanım inanır ki, bu əsərlərin peşəkar mütəxəssislərin cəlb olunması ilə tədqiqi ilə yeni elmi faktlar aşkarlana bilər. Biz də bu ülvi arzuya qoşularaq onunla sağollaşırıq. ADPU-da rektor Cəfər Cəfərovun rəhbərliyi ilə aparılan yenilənmə işləri, tədqiqat universiteti istiqamətində atılan addımlar və göstərilən qətiyyət ondan xəbər verir ki, tezliklə bu böyük mədəni irsin tətqiq olunaraq geniş elmi ictimaiyyətə təqdim olunması istiqamətində də ciddi işlər görüləcək. Elə bu ilk sərgi də məhz ictimai fikri bu yönə cəlb etmək, fəaliyyətə başlamaq üçün ilk şölədir.

 

Taleh MİRZƏYEV,

ADPU, redaktor

 



24.02.2023 | 11:28