Xaricdə təhsil alan doktorantlar ali təhsilin beynəlmiləlləşməsinə töhfədir

Ölkədə kadr potensialının zənginləşdirilməsi məhz onların boynundadır. Məhz onların sayəsində ali təhsil müəssisələri beynəlmiləlləşmə komponenti üzrə vacib tələbləri ödəyə biləcək. Başlıca gözlənti xaricdə təhsil alıb qayıdaraq 5 il ərzində müxtəlif qurumlarda çalışmaları və ölkənin inkişafına töhfə vermələridir. Söhbət “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alan gənclərdən gedir. Xatırladaq ki, xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir. Fevralın 1-dən 2023-cü il üzrə ilk sənəd qəbuluna start verilib. Proses aprel ayına qədər davam edəcək.

 

Sənədləriniz hazırdır?

 

Proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan namizədləri əhatə edir. Bu da o deməkdir ki, növbəti, yəni doktorantura təhsil səviyyəsi üzrə 2023-cü ildə dövlətdən dəstək almaq istəyənlər ilk növbədə əvvəlcədən elan edilən 7 ixtisas istiqaməti - Təbiət ixtisasları istiqaməti (riyaziyyat; mexanika; astronomiya; fizika; kimya; biologiya elmləri;yer elmləri; coğrafiya), Kənd təsərrüfatı ixtisasları istiqaməti (aqrar elmlər), Səhiyyə və rifah ixtisasları istiqaməti (tibb elmləri; əczaçılıq elmləri; səhiyyənin idarə edilməsi), Texniki və texnoloji ixtisaslar istiqaməti (texnika elmləri),  İqtisadiyyat və idarəetmə ixtisasları istiqaməti ( iqtisad elmləri),  Təhsil ixtisasları istiqaməti (pedaqogika; psixologiya; təhsilin idarə edilməsi) və nəhayət, Humanitar və sosial ixtisaslar istiqaməti (tarix; sosiologiya; hüquq elmləri) - üzrə qəbul sənədi təqdim etməlidir. Təbii ki, seçdiyiniz ali təhsil müəssisəsinin də bəlli bir şərti var. Həmin universitet 2 önəmli reytinq cədvəlində - Times Higher Education (THE) World University Rankings və Academic Ranking of World Universities (Shanghai) - 2022-ci təqvim ilinin nəticələrinə görə, ilk 500-lükdə yer alan universitetlərdən biri olmalıdır.

 

Amma nüfuzlu universitetə qəbulla da iş bitmir. Namizədlərdən təhsillərini başa vurduqdan sonra qayıdacaqları və 5 il müddətində əmək fəaliyyəti ilə məşğul olacaqlarına dair Azərbaycan ali təhsil müəssisələrindən birindən aldıqları razılıq məktubu tələb edilir. Onlar, elektron qaydada 2000 sözdən az olmayaraq Azərbaycan dilində hazırladıqları tədqiqat işini də təqdim etməlidirlər.

 

Müraciət dövlət proqramına aid veb-səhifədən elektron qaydada həyata keçirilir. Artıq doktorant olmaq arzusunda olan hər kəs üçün açıq olan dp.edu.az-da elektron qeydiyyat bölməsindən müraciət ünvanlayan namizədin yüklədiyi sənədlər siyahısında diplom və əlavəsi; hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd, 2 tövsiyə məktubu, sağlamlıq haqqında arayış (AZS - 086/1)  və CV mütləq olmalıdır.

 

Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova gəncləri Dövlət Proqramına müraciət edərkən diqqətli olmağa çağırıb. Onun fikrincə, xüsusilə bu mərhələ onların müsabiqədə iştirak etməsində çox önəmlidir: “Gənclər sənədlərin tələb edilən qaydaya uyğun düzgün yüklənməsinə diqqət etməlidirlər ki, ekspertizası mümkün olsun və müsahibəyə dəvət edilsinlər”.

 

İkimərhələli müsabiqə

 

Beləliklə, sənədlərinizi təqdim edərək təsdiq etdiyiniz andan müsabiqəyə qatılmış sayılırsınız. Başqa sözlə, müsabiqədə öncə təqdim etdiyiniz sənədləriniz, sonra bilik və bacarıqlarınız qiymətləndirilir. Yəni, birinci mərhələ uğurlu olarsa, müsahibəyə dəvət ediləcəksiniz!

 

Müsahibə müsabiqənin ən önəmli mərhələsidir. Bu mərhələ 3 nümayəndənin iştirakı ilə baş tutur. Elm və Təhsil Nazirliyinin əməkdaşı, maliyyələşməni həyata keçirən Dövlət Neft Fondunun nümayəndəsi və namizədin ixtisas sahəsi üzrə ekspertin iştirakı ilə keçirilən müsahibə 20 dəqiqə çəkir. Burada müraciətçilərin 3 istiqamət üzrə bilik və bacarıqları yoxlanılır. Onlara ixtisas sahəsi üzrə suallar da verilir.

 

Bir sözlə, doktorantura üzrə keçid, yəni 40 balı toplayan Dövlət Proqramının təqaüdçüsü adını qazanır. Çünki burada hər hansı kvota yoxdur. Mütəxəssislər hesab edir ki, xaricdə təhsil alan doktorantların çox olması ali təhsilin beynəlmiləlləşməsinə töhfədir. Belə ki, doktorantlar Dövlət Proqramı çərçivəsində xaricdə təhsil aldıqları müddətdə yerli ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir, mühazirələr oxuyur, onların tədris işlərinə müəyyən qədər dəstək göstərirlər. Bu da onların əsas öhdəliyi, onlardan başlıca gözləntidir: “Əgər biz ali təhsil sisteminin beynəlxalq rəqabətliliyindən, beynəlmiləlləşməsindən danışırıqsa, ali təhsil sisteminə dəstək göstərilməli, xaricdə təhsil alanlar vasitəsilə beynəlxalq təcrübə təhsil sisteminə daşınmalıdır. Ona görə də onlardan əsas gözlənti təhsil aldıqdan sonra 5 il yerli ali təhsil müəssisələrində çalışaraq öz ölkəsinə töhfə vermələridir. Bununla bağlı Dövlət Proqramına müraciət etmədən öncə razılıq məktubu əldə edirlər və nəticədə yerli ali təhsil müəssisələri də bu prosesdə aktiv iştirak edirlər”.

 

Dövlət Proqramı bitir, dövlətin qayğısı isə davam edir

 

T.Topalova deyir ki, Dövlət Proqramı İdarəetmə Qrupu təqaüdçü tələbələrin qarşılaşdığı çətinliklərin öhdəsindən gəlməkdə də onlara dəstək olmağa çalışır: “Təcrübə göstərir ki, təqaüdçü olmaq yaxşıdır. Amma onun da müəyyən çətinlikləri ortaya çıxır. Həmin çətinliklər Dövlət Proqramının qaydalarından deyil, universitetlərin yerləşdiyi ölkələrin qoyduğu qaydalar səbəbindən də yarana bilir. Təqaüdçü tələbələrimizi ola biləcək çətinliklərlə bağlı məlumatlandırmaq, həmin situasiyalara hazırlamaq və vəziyyətdən çıxmalarına yardımçı ola bilmək üçün məlumat xarakterli tədbirlər keçirəcəyik. Ancaq indidən namizədlərin maliyyələşmə qaydaları ilə tanış olmalarını tövsiyə edərdim. İstənilən ödənişin həyata keçirilməsi üçün müəyyən sənədlər tələb olunur ki, təqdim edilməyən sənəd maliyyələşmənin gecikməsi ilə nəticələnir”.

 

Söz maliyyələşmədən düşmüşkən, T.Topalova qeyd edib ki, tələbə Dövlət Proqramına qəbul olunduqdan bir müddət sonra maliyyələşmə mexanizmi işə düşür. Lakin buna qədər olan sənədləşmə prosesi xeyli vaxt aparır və bu baxımdan vəsaitin tələbəyə verilməsi gecikə bilir. Hətta bəzən bu, tələbələr təhsilə başladıqdan sonra mümkün olur. Təhsilə başlamaları üçün universitetlər depozit tələb etdikdə təqaüdçü olan tələbələr üçün ali təhsil müəssisələrinə dəstək məktubları göndərilir: “Ötənilki təcrübəmiz çox uğurlu oldu. Bəzən tələbə vasitəsilə, bəzən isə birbaşa universitetlərə müraciət edərək tələbələrimizi dəstəklədiyimiz faktlar var”.

 

Xatırladaq ki, Dövlət Proqramı təqaüdçüsünün təhsilə aid olan bütün xərcləri ödənilir. Burada 5 istiqamət üzrə xərclərdən söhbət gedir: Təhsil haqqı, il ərzində bir dəfə nəqliyyat, viza, sığorta və hər ölkə üzrə təqaüd xərcləri.

 

Təhsilini tamamlayıb ölkəyə qayıdan nəinki doktorantura, istənilən təhsil səviyyəsi üzrə Dövlət Proqramı təqaüdçülərinin tətbiq edilən sadələşdirilmiş mexanizmlə sənədlərinin tanınması asan və qısa müddətdə başa çatır. Amma dövlətin qayğı və himayəsi davam edir. Məsələn, onlar dövlət qulluğu imtahanında iştirak etmədən dövlət qulluqçusu hesab olunurlar: “Biz onların məzun kimi qeydiyyatını aparır, müvafiq qurumlara müraciətlərində onlara dəstək göstəririk”.

 

207 doktorant təhsilini davam etdirir

 

Bu üstünlüklərin fərqinə varanların sayı isə hər il çoxalır. Bunu ildən-ilə artan müraciət sayı da göstərir. T.Topalovanın sözlərinə görə, bu il müraciətlərin daha çox olacağı gözlənilir: “7 prioritet ixtisas istiqamətindən hər biri üzrə müraciətlər mövcuddur. Kənd təsərrüfatı üzrə ilk 2 ildə qəbul yox idi. Təşviqat və məlumatlandırmadan sonra bu ixtisas istiqaməti üzrə də müraciətlərin sayı artıb”.

 

Onun sözlərinə görə, doktorantura təhsili üçün iş təcrübəsi olan gənclər daha çox müraciət edirlər.

 

Dövlət Proqramının ilk məzun doktorantı

 

Hazırda 207 doktorant Dövlət Proqramı ilə təhsilini davam etdirir. Ancaq Proqramın məzunu da var. Doktorantura təhsili üzrə ilk və hələlik tək məzun 2019-cu ildən Azərbaycan İqtisad Universitetinin (UNEC) müəllimi Cavid Süleymanlıdır. O, ali təhsilini də elə burada alıb. Universitetin informatika və idarəetmə fakültəsində oxuyub. Sonra təhsilini artırmaq üçün Türkiyəyə gedib. Magistr təhsilini Marmara Universitetində alıb. Beynəlxalq siyasi iqtisadiyyat üzrə aldığı təhsili 1 il 3 ay ərzində tamamlayıb və bu, həmin universitetin həyatında rekord göstəricilərdən sayılıb. Marmara Universitetini “fəxri məzun” olaraq bitirib. 2018-ci ilin yayında İstanbul Universitetinin doktorantı adını qazanıb. Doktorantura təhsilinin ilk  mərhələsini uğurla tamamlayaraq Bakıya gəlib və UNEC-də pedaqoji fəaliyyətə başlayıb. O vaxtdan həm də elmi mətbuatda çıxış edən gənc müəllim artıq 20-dən çox elmi məqalənin müəllifidir. Məqalələri yüksək impakt faktorlu jurnallarda dərc olunub.

 

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ilə yolunun kəsişməsi pandemiyanın dünyada tüğyan etdiyi vaxta təsadüf edib. O, Dövlət Proqramının ilk təqaüdçülərindən biri olanda İstanbul Universitetində artıq 1 il 8 ay idi doktorantura təhsili alırdı və bu təhsilin ən önəmli - dərs-imtahan mərhələsini başa vurmuş, UNEC-də müəllimliyə başlamışdı. 2019-cu ildə elan edilən Dövlət Proqramının irəli sürdüyü ixtisas istiqamətləri və universitet şərtlərinə cavab verirdi. O da ilk 500-də yer alan İstanbul Universitetinin doktorantı kimi Dövlət Proqramına müraciət edib və təhsilinin 2 ilini dövlət maliyyələşdirib: “Dövlət Proqramı həyatımı dəyişdi. Artıq işləməyərək bütün vaxtımı təhsilimin inkişafına sərf etdim. “Kosmos iqtisadiyyatı”nı təhlil edərək qısa müddətdə bitirdim. İstanbulda qalan vaxtımı səmərəli keçirməyə çalışaraq ardıcıl məqalələr yazdım. Elmi və akademik yaradıcılığımı inkişaf etdirdim. 2022-ci ilin iyun ayının 28-də mövzumu müdafiə edərək 26 yaşında iqtisadiyyat sahəsi üzrə “alim” adı aldım və ölkəmizin gənc alimləri sırasında yerimi tutdum. Doktorantura diplomumu Prezident yanında Ali Attestasiya Komissiyasına da təqdim etmişəm. Yaxın aylarda fəlsəfə elmləri doktoru elmi dərəcəmin təkrar ratifikasiyasına nail olacağam”.

 

C.Süleymanlı xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsinə sənəd qəbulunda namizədlər üçün ən çətin olanı da qeyd edib. Onun fikrincə bu mərhələdə qarşıya çıxa biləcək ən böyük çətinlik ali təhsil müəssisələri ilə  razılıq əldə etməkdir: “Dövlət Proqramına müraciət etmək istəyən namizədlər çox, ali təhsil müəssisələri isə müqayisədə azdır. Doktorantlar Dövlət Proqramı komissiyasından əvvəl də universitet komissiyasının qarşısına çıxmalı olur və onların çətinlik çəkdiyi mərhələlərdən biri də budur. Digər normativ sənədlərin toplanması və yüklənməsi çox rahatdır. Prosesi rahatlaşdırmaq, yaranan suallara cavab almaqda Dövlət Proqramı İdarəetmə Qrupu da kifayət qədər kömək göstərir”. 

 

Müəllimliyi isə uğurla davam edir. UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində yarımştat əvəzçi müəllim olaraq fəaliyyət göstərir, 3 magistr və 2 doktorantın elmi rəhbəridir. Gənc müəllimin ən böyük çətinliyi auditoriyada olub: “Bəzən auditoriyada müraciət etdiyim şəxslər yaşıdlarım, hətta məndən böyüklər olur. Lakin tələbəyə identifik yanaşmaqla, hər birini fərdi dəyərləndirərək ona uyğun davrananda gördüm ki, oxumayan tələbədə də oxumağa maraq yaranır və arada problem qalmır”.

 

Cavid müəllim həm də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidmətində çalışır: “Rəqabət sahəsində ixtisaslaşmış doktorant idim. Sadəcə müəllimi olduğum ali təhsil müəssisəsinin beynəlmiləlləşməsinə deyil, həm də Azərbaycanda rəqabət siyasətinin inkişafına, iqtisadiyyatın bu sahəsinə öz töhfəmi verə bilərdim. Nəzəri cəhətdən öyrəndiyim və tələbələrimə verdiyim akademik təhsili praktikada da tətbiq etmək strateji cəhətdən əhəmiyyətlidir. Çünki dövlət qulluğunda, dövlətin bu və ya digər sahələrdə siyasətinin icrasında elmyönümlülük, elm adamlarının iştirakı görülən işin effektivliyini artırır. Mən də təşəbbüs göstərdim və işə qəbul edildim”.

 

Elmin yolu elmi olanlar üçün açıqdır

 

Uzun sözün qısası, əziz gənclər, qarşınızda böyük və işıqlı yol, o yolda uğurla irəliləyən 207 gənc, bu yolda qazandıqları sayəsində qarşısında başqa yollar açılan məzun - Cavid Süleymanlı var. Azərbaycan dövlətinə güvənib inkişaf etməyin, özünü təkmilləşdirməyin, dünyadakı yenilikləri ölkəmizə, təhsilimizə daşımağın tam vaxtıdır. Vaxtı itirməyin!

 

Ruhiyyə DAŞSALAHLI

 



24.02.2023 | 11:11