BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə əməkdaşlıq əlaqələri müzakirə olunub

Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin dekanı Zaur Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan Hüquqları üzrə Baş Müşaviri Vladimir Şkolnikovla tədris sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirib. Vladimir Şkolnikov hüquq fakültəsinin BMT ilə tədris sahəsində əməkdaşlıq səviyyəsini və tələbələrin təcrübi biliklərinin inkişaf etdirilməsinə şərait yaradılmasını yüksək qiymətləndirib, əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğulayıb.

 

Dekan Z.Əliyev bildirib ki, tədris prosesində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi tələbələrin xarici təşkilatların təcrübəsindən əyani şəkildə faydalanması, tədris prosesində təqdim olunan nəzəri biliklərin təcrübədə tətbiqi metodlarını və qaydalarını öyrənməsini hədəfləyir. BMT və onun təsisatları ilə tədris sahəsində əməkdaşlıq layihələri yalnız tələbələrə deyil, həm də gənc müəllimlərə dayanıqlı bilik mənbəyi kimi faydalı olacaq.

 

Görüşdə BDU-nun hüquq fakültəsi və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında əməkdaşlığın və elmi əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub.

 

 



23.02.2023 | 16:41