Naxçıvan Müəllimlər İnstitutunda ixtisasartırma istiqamətində seminar | |
Naxçıvan Müəllimlər İnstitutunun riyaziyyat və onun tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə ixtisasartırma istiqamətində “İbtidai siniflərdə çoxrəqəmli ədədlər konsentrində nömrələnmənin tədrisi xüsusiyyətləri” mövzusunda seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti, muxtar respublika ümumtəhsil məktəblərinin 30 nəfər ibtidai sinif müəllimi iştirak edib.
Seminarı giriş sözü ilə açan institutun ixtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Həbibə Allahverdiyeva qeyd edib ki, Naxçıvan Müəllimlər İnstitutu muxtar respublikada ibtidai sinif müəllimliyi ixtisası üzrə kadr hazırlığı həyata keçirən yeganə ali təhsil müəssisəsidir. Mütəmadi olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində məktəb müəllimlərinin bilik və təcrübələrinin təkmilləşdirilməsi sahəsində müxtəlif mövzularda dəyirmi masalar, ixtisasartırma kursları, seminarlar və elmi-praktik konfranslar keçirilir. Prorektor vurğulayıb ki, orta ümumtəhsil məktəblərinin qarşısında duran ən mühüm vəzifələrdən biri də şagirdlərin riyazi hazırlıq səviyyələrinin yüksəldilməsidir.
Tədbirdə riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri professor Yaqub Məmmədovun fikirləri dinlənilib, kafedranın dosenti Nazilə Muradova mövzu ilə bağlı məruzə edib. Qeyd olunub ki, natural ədədlərin nömrələnməsi şagirdlərdə onluq say sistemi haqqında konkret biliklər formalaşmasına imkan yaradır.
Sonra müəllimlər arasında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
|
|
22.02.2023 | 11:34 | |
|
|
|