Türkiyəli mütəxəssis Azərbaycan Texniki Universitetində | |
Sentyabrın 26-da Türkiyə Havaçılıq və Kosmik Sənayenin Strategiya və Texnologiya şöbəsinin müdiri Fəxrəddin Öztürk Azərbaycan Texniki Universitetində (AzTU) olub və universitet rəhbərliyi, eləcə də fakültə dekanları ilə görüşüb.
Universitet haqqında qonağa ətraflı məlumat verən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Azərbaycanda sənayenin bir sıra sahələrinin ənənəvi inkişaf yolu olduğunu, həmçinin son illər ölkə iqtisadiyyatının inkişaf tempinə uyğun olaraq yeni sahələrin yarandığını deyib. Rektor əvəzi bildirib ki, AzTU-da 33 istiqamətdə bakalavr, 100-ə yaxın istiqamətdə isə magistr hazırlığı aparılır.
Türkiyə Havaçılıq və Kosmik Sənaye ilə AzTU arasında yeni imzalanan əməkdaşlıq müqaviləsindən danışan professor Xalıq Yahudov vurğulayıb ki, bu müqavilə aviasiya və kosmik sənayenin metallurgiya, maşınqayırma, informasiya texnologiyaları, elektroenergetika və bu kimi bir sıra sahələrində birgə əməkdaşlıq etməyə imkan verəcək.
Azərbaycanda, o cümlədən AzTU-da olmaqdan, professor-müəllim heyəti ilə görüşməkdən son dərəcə məmnun olduğunu deyən Fəxrəddin Öztürk Türkiyə Havaçılıq və Kosmik Sənayenin AzTU almlərinin köhnə və yeni tədqiqatları ilə yaxından maraqlandığını bildirib. Qonaq qeyd edib ki, iki qurum arasında imzalanan müqavilə çərçivəsində AzTU alimlərinin Türkiyəyə səfərlərini reallaşdırmaq, tələbələrin Türkiyə Havaçılıq və Kosmik Sənayenin zavodlarında təcrübə keçmələrini təmin etmək mümkün olacaq.
Daha sonra AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov qonağı universitetin laboratoriyaları ilə tanış edib.
|
|
27.09.2018 | 13:24 | |
|
|
|