“İnsan Kapitalı” işçi qrupunun 2022-ci ilin yekunlarına dair hesabat iclası

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan Kapitalı” işçi qrupunun 2022-ci il üzrə Fəaliyyət Planının yekun nəticələrinə dair videokonfrans formatında iclas keçirilib. 

 

“İnsan Kapitalı” işçi qrupunun rəhbəri, elm və təhsil nazirinin müavini İdris İsayev qrupun 2022-ci il ərzindəki ümumi fəaliyyəti, həmçinin tədbirlər planının icrasından danışıb. “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması üzrə” altqrupun işçi qrupunun tərkibinə daxil edilməsi və altqrupun yenidən təşkili ilə bağlı qarşıda duran məsələlər də diqqətə çatdırılıb.  

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev işçi qrupunun fəaliyyəti sayəsində beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin ötən illərlə müqayisədə irəlilədiyini vurğulayıb. Komissiyanın Katibliyinin rəhbəri bildirib ki, Qlobal İnnovasiyalar İndeksinin 81 alt indikatorundan 13-ü məhz "İnsan Kapitalı" işçi qrupunun mandatına düşür və sonuncu hesabatda “İnsan Kapitalı və elm” blokunda Azərbaycan “tədqiqat və inkişaf” inteqral göstəricisi üzrə mövqeyini yaxşılaşdıraraq 28 pillə irəliləyib.

 

“İnsan Kapitalı” işçi qrupunun katibi Cabbar Hüseynli 2022-ci ilin 4-cü rübü ərzində qrupun tərkibinə yeni daxil olan qurum və təşkilatlar, eləcə də ümumilikdə 14 qurum tərəfindən 25 indikatoru əhatə edən tədbirlərin 90 faizinin uğurla icrası barədə məlumat verib. 

 

Daha sonra təhsil tələbə kreditlərinin verilməsi prosesində əldə edilən ümumi nəticələr, elektron sistem vasitəsilə fonda müraciət, müxtəlif statistik məlumatlar, elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması üzrə altqrupunun yenidən təşkili və qarşıda duran vəzifələr, dövlət tərəfindən təhsilə çəkilən xərclərə dair məlumatların beynəlxalq təşkilatlara təqdim edilməsi ilə bağlı keçirilən birgə iclasın nəticələri, eləcə də əmək bazarının keyfiyyət təhlili ilə bağlı mövzularda təqdimatlar edilib.

 

 



20.02.2023 | 15:21