İkili diplom proqramının ilk məzunlarına diplomlar təqdim edilib | |
Bakı Dövlət Universiteti (BDU) və İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) arasında Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramının ilk məzunlarına diplomlar təqdim olunub.
Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, bu, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin ilk ikili diplom proqramıdır. Məzunları təbrik edən rektor bu diplomun onların karyeralarının qurulmasında önəmli rol oynayacağını bildirib.
Qeyd edək ki, BDU və İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) arasında Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramına dair əməkdaşlıq müqaviləsi 2021-ci il 13 avqust tarixində imzalanıb. Həmin il BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin magistrləri Nübar Rəhimova, Nəzrin Qasımova və Elgün İbrahimzadə proqrama qoşulublar. UBIS-də biznes administrasiyası və beynəlxalq münasibətlər sahəsində yüksək səviyyədə bakalavr (BBA, BAIR), magistr (MBA, MAIR) və doktorant hazırlığı həyata keçirilir. Universitet ABŞ-ın Biznes Təhsili üzrə Beynəlxalq Akkreditasiya Şurasının (IACBE) xüsusi akkreditasiyasından keçib, həmçinin ABŞ-da, digər dünya ölkələrində biznes və beynəlxalq münasibətlər ixtisası proqramlarının tədrisi üzrə tam akkreditasiya almış ilk ISO 29990 sertifikatlı İsveçrə ali təhsil müəssisəsidir. Universitet 2012-ci ildən İsveçrə Keyfiyyət Sertifikatına sahibdir.
İkili diplom proqramı BDU ilə UBIS arasında siyasi və idarəetmə elmlərinin fundamental, tətbiqi metodlarından istifadə yolu ilə təhsil, elm və beynəlxalq münasibətlər sahəsi üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanması prosesinə xüsusi təkan verəcək.
|
|
20.02.2023 | 15:14 | |
|
|
|