Pedaqoji və istehsalat təcrübəsinin başlanğıc konfransı

Naxçıvan Müəllimlər İnstitutunda 2022/2023-cü tədris ilinin yaz semestrində ümumilikdə 339 tələbənin iştirakı nəzərdə tutulmuş pedaqoji və istehsalat təcrübəsinin başlanğıc konfransı keçirilib.

 

Konfransda institutun professor-müəllim heyəti, Naxçıvan Təhsil Nazirliyinin əməkdaşları, pedaqoji təcrübənin keçiriləcəyi ümumtəhsil məktəbləri, məktəbəqədər təhsil müəssisələri, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin və pedaqoji təcrübəyə başlayacaq tələbələr iştirak ediblər.

 

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov gənc nəslin yetişdirilməsi sahəsində yaradılan yüksək şəraitdən, göstərilən hərtərəfli dövlət qayğısından, kadr hazırlığında təcrübənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, təcrübə  ali təhsil müəssisələrinin tədris planında xüsusi önəm daşıyan bir prosesdir. Rektor təcrübə keçəcək tələbələrə dərslərə hazırlıqlı olmaları, müəssisələrin daxili nizam-intizam qaydalarına riayət etmələri ilə bağlı tövsiyələr verib, onlara uğurlar arzulayıb.

 

Konfransda tələbələrin təcrübə keçəcəkləri müəssisələrin nümayəndələri çıxış edib, müəssisələrin şəraitindən, maddi-texniki bazasından və tələbələrin mühitə uyğunlaşması, biliklərini inkişaf etdirmələri üçün təcrübənin mühüm əhəmiyyətindən danışıblar.

 

İnstitutun tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev təcrübə prosesində müəssisə rəhbərləri, müavinləri, tərbiyəçilər və metodist müəllimlərin üzərinə düşən vəzifələrdən danışıb.  

 

Sonra pedaqoji təcrübə rəhbəri Təranə Əliyeva təcrübənin təşkili ilə bağlı görülmüş işlər, qarşıda duran vəzifələr haqqında, pedaqoji fakültənin dekanı Samirə Həsənova pedaqoji təcrübə müddətində dekanlıqların qarşısında duran vəzifələrdən, təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyev isə “Pedaqoji təcrübədə əldə olunacaq nəticələr” mövzusunda çıxış ediblər.

 

Konfransın yekununda pedaqoji təcrübəyə başlayan tələbələrin sualları cavablandırılıb, onlara lazımi tövsiyələr verilib.

 



16.02.2023 | 19:20