19 minə yaxın bakalavr magistraturaya qəbul imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) 19 fevral 2023-cü il tarixində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına  qəbul imtahanı keçirəcək.

 

DİM-dən bildirilib ki, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 72 binada təşkil olunacaq.

 

Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.

 

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

 

İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

 

İmtahanın müddəti 3 saatdır. İmtahan başa çatdıqda və ya iştirakçı tərəfindən yekunlaşdırıldıqda cavab kartı ilə yanaşı, sual kitabçası da nəzarətçiyə təhvil verilir.

 

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş olunur. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane yaradır.

 

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə yanvarın 24‑dən fevralın 9-dək aparılıb. İmtahanda iştirak etmək üçün 18724 bakalavr ərizə təqdim edib. Onlardan 17190 nəfər Azərbaycan bölməsi, 1534 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 12292-si cari ilin, 6432-si isə əvvəlki illərin məzunlarıdır, 49 nəfər xarici ölkə vətəndaşıdır. 

 

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

  • - Şəxsiyyəti təsdiqləyən sənədin əslini;
  • - “İmtahana buraxılış vərəqəsi”ni.

 

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq. 

 



16.02.2023 | 10:36