Aşqarlar Kimyası İnstitutu “Sabahın alimləri”nə elmi və texniki dəstək verir | |
Məlum olduğu kimi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası və "BP Azərbaycan" şirkətinin təşkilatçılığı ilə “Sabahın alimləri” XII respublika müsabiqəsi start götürüb.
Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun (AKİ) bir qrup gənc alim və mütəxəssisləri müsabiqə çərçivəsində elmi-tədqiqat institutlarının əməkdaşları, məktəb direktorları, müəllimlər, doktorantlar, tələbələr və şagirdlər üçün fevralın 14-də təşkil olunan sərgiyə baxış keçirib, sabahın alimi olacaq məktəblilərin elmi layihə təqdimatları ilə yaxından tanış olub, fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, AKİ bu müsabiqəyə də elmi və texniki dəstək verir. Belə ki, “Sabahın alimləri” XII respublika müsabiqəsinə qatılan Şirvan şəhər Kimya-biologiya təmayüllü liseyin şagirdlərinin layihəsinin təcrübi hissəsi AKİ-nin fizioloji fəal üzvi birləşmələr laboratoriyasında yerinə yetirilib.
Məlumat üçün bildirək ki, 2018-ci ildə “Sabahın alimləri” VII Respublika müsabiqəsi çərçivəsində 2 məktəbli – Nizami rayonu 251 saylı orta məktəbin 10-cu sinif şagirdləri elmi layihə yerinə yetiriblər. Onlardan biri Türkiyənin İzmir şəhərində 2018-ci ildə keçirilən “OKSEF-2018” beynəlxalq müsabiqənin final mərhələsinə seçilərək 38 xarici ölkədən 450 iştirakçının qatıldığı bu layihə olimpiadasında ölkəmizə bürünc medal qazandırıb.
“Sabahın alimləri” VIII Respublika müsabiqəsində Nizami rayonu 251 saylı orta məktəbin başqa 2 nəfər 11-ci sinif şagirdi Türkiyənin İzmir şəhərində 2019-cu ildə keçirilən “OKSEF-2019” beynəlxalq müsabiqənin final mərhələsinə vəsiqə qazanıb. Layihənin təcrübi hissəsi 2018-2019-cu illər ərzində Aşqarlar Kimyası İnstitutunun müvafiq laboratoriyasında yerinə yetirilib.
“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə Tibb və sağlamlıq bölməsi üzrə qoşulan Mingəçevir şəhər Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin 2 şagirdinin institutun fizioloji fəal üzvi birləşmələr laboratoriyasında yerinə yetirdikləri “Acı badamdan müalicəvi badam yağının alınması” layihəsi müsabiqənin fərqlənmə diplomuna layiq görülüb.
2021-ci ildə Türkiyənin İzmir şəhərində onlayn formatda keçirilən BUCA IMSEF-2021 Beynəlxalq Elm Müsabiqəsinə qatılan dünyanın 27 ölkəsindən 166 layihə sırasında final mərhələsinə vəsiqə qazanan Mingəçevir şəhəri Təbiət-riyaziyyat Humanitar elmlər təmayüllü liseyin və Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin 2 şagirdinin Aşqarlar Kimyası İnstitutunun ideya dəstəyi və elmi məsləhəti ilə kimya fənni üzrə hazırladıqları innovativ layihə bürünc medala layiq görülüb. Onlar, eyni zamanda 2022-ci ildə keçirilən "Sabahın alimləri” XI Respublika Müsabiqəsinə Kimya bölməsi üzrə qatılaraq III yerin qalibi olublar.
|
|
15.02.2023 | 17:04 | |
|
|
|