Könüllülük Proqramı başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən reallaşdırılan VII Könüllülük Proqramı başa çatıb. Könüllülük Proqramında iştirak etmiş gənclərə arayışlar təqdim olunub.

 

Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, müdir müavini Anar Məmmədov, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, İdarənin əməkdaşları və VII Könüllülük Proqramını başa vuran gənclər iştirak ediblər.

 

BŞTİ müdiri Mehriban Vəliyeva ölkəmizdə gənclər siyasətinin uğurla davam etdirildiyini, könüllülük hərəkatının geniş vüsət aldığını, gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını bildirib.

 

BŞTİ-nin gənclərin ictimai fəallığının artırılması, könüllülük təşəbbüslərinin inkişaf etdirilməsi və fərdi inkişaflarına dəstək göstərilməsi məqsədilə Könüllülük Proqramları həyata keçirməklə bu istiqamətdəki fəaliyyətini genişləndirdiyini deyib.

 

İdarə müdiri Könüllülük Proqramının həyata keçirilməsinin əsas məqsədinin tələbə və məzun gənclərə bilik və bacarıqlarını artırmaq, təhsil sahəsində təcrübə toplamaq, kollektivlə işləmək bacarıqlarına yiyələnmək, öz ixtisaslarına uyğun kadr kimi formalaşmaq istəyən şəxslərə uğurlu karyera qurmaq imkanı yaratmaq, onların elmi fəaliyyət və keyfiyyət göstəricilərini yüksəltmək, peşəkar kimi formalaşmasına dəstək verməkdən ibarət olduğunu söyləyib.

 

M.Vəliyeva könüllüləri təbrik edərək onların fəaliyyətinin yaddaqalan və səmərəli olduğunu söyləyib, hansı sahədə çalışmalarından asılı olmayaraq, könüllülərin uğur qazanacaqlarına inandığını bildirib.

 

BŞTİ-nin müdir müavini Anar Məmmədov, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov VII Könüllülük Proqramı iştirakçılarının 3 aylıq fəaliyyəti dövründə gənclərin ünsiyyət, kollektivə uyğunlaşmaq, tapşırılan işi layiqincə yerinə yetirmək xüsusiyyətlərinə görə seçildiklərini qeyd edib, onlara gələcək karyeralarında uğurlar arzulayıblar.   

 

BŞTİ-də onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edən gənclər, könüllü kimi 3 aylıq fəaliyyətləri dövründə təhsili idarəetmə sahəsindəki iş prinsipi ilə bağlı müsbət təcrübə qazandıqlarını nəzərə çatdırıblar. Bütün bu nailiyyətlərin qazanılmasında İdarə kollektivinin böyük rolu olduğunu deyən gənclər, onlara öz təşəkkürlərini bildiriblər.

 

Qeyd edək ki, BŞTİ tərəfindən həyata keçirilmiş ilk Könüllülük Proqramında 15, II Könüllülük Proqramında 26, III Könüllülük Proqramında 35, IV Könüllülük Proqramında  42, V Könüllülük Proqramında 29, VI Könüllülük Proqramında 18, VII Könüllülük Proqramında isə 27 nəfər müxtəlif sektorlarda, xidmət bölmələrində və Təlimə Dəstək Mərkəzində fəaliyyət göstəriblər. İndiyədək həyata keçirilmiş Könüllülük Proqramlarında iştirak etmiş gənclərdən 19 nəfəri BŞTİ-nin əməkdaşı kimi çalışır.   

 

 



15.02.2023 | 15:06