Tibb Universiteti əməkdaşlarının ixtirası beynəlxalq patent alıb

Azərbaycan Tibb Universitetinin (ATU) sitologiya, embriologiya və histologiya kafedrasının müdiri professor Eldar Qasımov, Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi Rəşid Əliyev və ATU-nun Elmi-Tədqiqat Mərkəzinin Elektron mikroskopiya şöbəsinin böyük elmi işçisi Fuad Rzayevin birgə ixtirası beynəlxalq patent alıb.

 

ATU-dan bildirilib ki, yanvarın 27-də Avrasiya Patent Təşkilatının qərarına əsasən, “Elektron mikroskopda obyektləri fiksasiya etmək üçün istifadə olunan vakuum aparatı” (№ 042254) patentləşdirilib.

 

Qeyd edək ki, ixtiraçılar tərəfindən ilk dəfə təqdim olunan vakuum aparatında elektron mikroskopiyada ultrastrukturu öyrənilən nümunələrin fiksatorla birlikdə 1 sutka saxlanılmaqla, daha sonra ümumi qəbul edilmiş metodlar əsasında işlənildikdə, daha keyfiyyətli elektronoqrammaların alınmasına nail olunub. Bu zaman istər insan, istərsə də bitki obyektlərinin quruluşunun tədqiq olunması fərq etmir.

 

Fiksasiya prosesində istifadə olunan reaktivlərin tərkibində heç bir dəyişiklik olunmadan sol sütunda (Şəkil A və B) bitkilərin müxtəlif hissələrinin vakuumsuz, sağ sütunda (Şəkil C və Ç) isə temperatur rejimi ilə tənzimlənən vakuum aparatında fiksasiya olunduqdan sonra işıq (A və C) və elektron mikroskopunda (B və Ç) çəkilmiş şəkillərinin müqayisəsi verilib. İstər işıq, istərsə də ultrastruktur səviyyədə vakuumsuz şəraitdə fiksasiya olunmuş bitkilərin hüceyrəvi və qeyri-hüceyrəvi elementlərinin kəskin deformasiyası aydın görünür (A, B). Təsvir olunanların tam əksinə olaraq, vakuum aparatında fiksasiya olmuş preparatlarda hüceyrənin zarla əhatə olunmuş bütün strukturlarında nəzərə çarpacaq dəyişikliklər aşkar edilmir. Zarlı və matriks elementlərinin mürəkkəbliyi ilə fərqlənən xloroplastların struktur elementləri yalnız vakuum aparatının iştirakı ilə fiksasiya olunmuş bitkilərdə aşkar olunub (Ç).

 

 



14.02.2023 | 13:30