XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinə start verilir

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) fevralın 19-da “Mədəni müxtəliflikdə birlik: Azərbaycan nümunəsində” adlı XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinə start verəcək. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Prezident sərəncamı çərçivəsində təşkil edilən və “Heydər Əliyev İli”nə həsr olunan XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi Bakı şəhəri ilə yanaşı, Quba, Qusar və Xaçmaz rayonlarında da fəaliyyət göstərəcək.

 

XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Türkiyə, Braziliya, Rumıniya, Almaniya, Fələstin, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Pakistan, İraq, Bolqarıstan, Mozambik, Mərkəzi Afrika Respublikası, Suriya, Şri-Lanka, Çin və Yaponiya kimi ölkələrin aparıcı universitetlərindən 25 tələbənin iştirak edəcəyi gözlənilir.

 

Qış məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural mühit, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında ətraflı məlumat veriləcək. İştirakçılar “Heydər Əliyev və Multikulturalizm”, “Müasir Azərbaycanda dövlət-din münasibətlərinin formalaşması”, “Azərbaycanın dil siyasətində multikulturalizm”, “Azərbaycanın multikulturalizm modeli: Mədəni müxtəliflikdə birlik”, “Mədəniyyətlər sərhədində ünsiyyət aktı kimi Azərbaycan ədəbiyyatının tərcümələri: Qurban Səidin “Əli və Nino” əsəri” mövzularında mühazirələr dinləyəcəklər.

 

Qış məktəbi müddətində iştirakçıların BBMM-ın Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Milli Məclisin sədr müavini Adil Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ilə görüşü planlaşdırılır. Tələbələr Şəhidlər xiyabanını və Fəxri xiyabanı ziyarət edəcək, “Şahdağ” Qış-Yay Turizm Kompleksində, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində, Quba Soyqırımı Memorial Kompleksində olacaq, Qubada dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə yerli əhali ilə görüşlər keçirəcək, məscid, kilsə və sinaqoqları ziyarət edəcəklər.

 

Qış məktəbi fevralın 26-dək davam edəcək.

 

Qeyd edək ki, yay və qış məktəbləri layihəsi BBMM-ın “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 24, Azərbaycanın isə bütün ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün yay və qış məktəbləri təşkil olunur. Burada məqsəd tələbə gənclərin nəzəri biliklərinin multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə şahid olmalarına şərait yaratmaqdır.

 

 

 



14.02.2023 | 12:11