“İnnovativ gənc mühəndislər” layihəsi başa çatıb | |
Bakı Dövlət Universitetində (BDU) Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan “İnnovativ gənc mühəndislər” layihəsinin mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə çıxış edən BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov müasir dövrdə innovativ düşüncəli, geniş elmi-texniki biliklərə və yüksək yaradıcılıq qabiliyyətinə sahib olmağın gənclər üçün vacibliyini bildirib və belə layihələrdə aktiv iştirakı yüksək qiymətləndirib. Sonra layihə rəhbəri Orxan Güləhmədov layihənin nəticələri barədə ətraflı məlumat verib.
Qeyd edək ki, layihənin seçim turlarına qatılan 100 nəfər arasından Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, BDU nəzdində “Gənc istedadlar liseyi” və Xəzər rayonundakı 322 nömrəli tam orta məktəbi təmsil edən 20 gənc seçilib. Onlar 4 komanda şəklində müxtəlif praktiki tapşırıqları yerinə yetiriblər. 4 komanda arasında ən yaxşı iş təqdim edən "TechnoBrains" komandası qalib gəlib. Layihənin sonunda iştirakçılara sertifikat və hədiyyə kuponları, qalib komandanın üzvlərinə isə diplom və hədiyyələr verilib.
Layihənin əsas məqsədi gənclərin elmi-texniki, praktiki bacarıqlarını, intellektual səviyyələrini inkişaf etdirmək, asudə vaxtlarını səmərəli keçirmələrini təşkil etmək, dövlət gənclər siyasətinin reallaşdırılmasına dəstək olmaq, gənclərdə yaradıcılıq işlərinə marağı artırmaqdan ibarətdir.
|
|
14.02.2023 | 10:07 | |
|
|
|