SABAH VII Karyera Qış Məktəbi başa çatıb

SABAH VII Karyera Qış Məktəbinin bağlanış mərasimi keçirilib. 

  
Bağlanış mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov SABAH VII Karyera Qış Məktəbinin iştirakçılarını salamlayaraq gənc məzunların uğurlu karyera qurması üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat verib. Qış məktəbinin əhəmiyyətini vurğulayan nazir müavini müasir dövrün peşələri, uğurlu karyera qurmağın yolları, karyera planlaşdırılması və əsas həyat hədəflərinin müəyyən edilməsinin vacibliyindən danışıb. 

  
Firudin Qurbanov Azərbaycanda yüksək intellektual səviyyə və milli düşüncəyə malik gənclərin müstəqil ölkəmizin inkişafında vacib yer tutduğunu qeyd edərək onlara fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb. 
  

Qış məktəbi ərzində IV kursda təhsil alan 76 SABAH tələbəsi işə düzəlmə, akademik fəaliyyət və sahibkarlıq karyera istiqamətləri üzrə ümumilikdə 12 təlimdə iştirak edərək öz bilik və bacarıqlarını inkişaf etdirmək, eyni zamanda tərəfdaş şirkət və qurumların peşəkar nümayəndələri ilə birbaşa ünsiyyətdə olmaqla əlaqələrini genişləndirmək imkanı əldə edib. 
  

Qış məktəbi çərçivəsində "Qloballaşma, müasir gənclik və milli ədəbiyyat", "İşə qəbul və XXI əsr bacarıqları", "İnnovasiya ekosistemi və startapların inkişafı", "Elmi tədqiqat", "Elmi məqalələrin hazırlanmasında beynəlxalq standartlar", "Xaricdə təhsil imkanları və xüsusiyyətləri" kimi mövzularda keçirilən təlim və seminarlar məzun olmağa hazırlaşan tələbələrin ixtisaslarından asılı olmayaraq iş mühitinin tələblərini başa düşmələri və bacarıqlarını düzgün istiqamətdə təkmilləşdirmələrinə şərait yaradıb. Tələbələrin asudə vaxtlarında isə “Nə? Harada? Nə zaman?” və “Code Tusi” oyunları təşkil olunub. 


  
Qeyd edək ki, SABAH Karyera Akademiyası məzun olmağa hazırlaşan SABAH tələbələrinin karyera istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahələr üzrə bilik və bacarıqlarının artırılması məqsədilə yaradılıb. Bu çərçivədə hər il tələbələr üçün təcrübə, təqaüd proqramları, həmçinin təlim və müsabiqələr təşkil olunur. 

 



10.02.2023 | 19:16