“İrəvan Müəllimlər Seminariyası” | |
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalı 1970-ci ildən çap olunur. Jurnal fəaliyyətə “Azərbaycan məktəbi” jurnalının əlavəsi kimi başlasa da, 2000-ci ildən etibarən Nazirliyin mətbu orqanı kimi nəşr edilir. Jurnala yarandığı vaxtdan 2021-ci ilin avqustuna kimi pedaqoji elmlər doktoru, professor Yəhya Kərimov rəhbərlik edib. Bu gün jurnal öz fəaliyyətini nəzəri baxımdan müasir dünyanın elmi jurnallarının iş prinsiplərinə uyğunlaşdırmaqdadır. Son bir il ərzində jurnalın forma və məzmununun yeniləşməsi istiqamətində əsaslı işlər görülüb. Jurnalın ppe-journal.edu.az adlı saytı yaradılıb. Elmi-metodik nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas nəticələrinin dərc edilməsi tövsiyə olunan elmi nəşrlər sırasında yer alır. Jurnal dünyanın bir sıra nüfuzlu elmmetrik bazalarında indekslənməyə başlayıb. Hazırda jurnalda Azərbaycan dili ilə yanaşı, türk, rus və ingilis dillərində də məqalələr dərc olunur. Xarici müəlliflər, xüsusilə Türkiyədən olan müvafiq sahə üzrə tədqiqatçılar jurnalda məqalələrinin dərc olunmasına maraq göstərirlər. Ümumiyyətlə, jurnalın fəaliyyət prinsipi elmi jurnallarla bağlı dünyanın yeni çağırışlarına cavab vermək, aktual mövzularla oxucuların görüşünə gəlməkdir.
2022-ci il ərzində jurnalın xüsusi buraxılışlarının çap olunması da elmi nəşrin fəaliyyətindəki yeniliklərdən biri kimi dəyərləndirilə bilər. Bəlli olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin keçirilməsi ilə bağlı 29 dekabr 2021-ci il tarixli Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələrək, respublikamızın elm, təhsil, mədəniyyət ocaqlarında İrəvan Müəllimlər Seminariyasının fəaliyyətinə həsr olunmuş müxtəlif tədbirlər həyata keçirilmişdir. “Məktəbəqədər və ibtidai təhsil” jurnalının kollektivi də Azərbaycan təhsilinin bu şərəfli tarixinə biganə qalmamış, İrəvan Müəllimlər Seminariyasının tarixini, onun məzunlarını, seminariyanın fəaliyyət göstərdiyi illər ərzində onun əməkdaşlarının çəkdiyi min bir əziyyəti, təhsil ocağının qurucularının, davamçılarının sarsılmaz mübarizəsini özündə əks etdirən “İrəvan Müəllimlər Seminariyası” adlı xüsusi buraxılışı ərsəyə gətirmişdir. Xüsusi buraxılışda tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı Nazim Mustafanın “Qədim İrəvan şəhərinin tarixi”, pedaqogika üzrə elmlər doktoru, professor Fərrux Rüstəmovun “Azərbaycanın maarifçilik tarixində İrəvan Müəllimlər Seminariyasının rolu”, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədovanın “İrəvan torpaqlarında erməni dövlətinin yaranması”, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun “Qərbi Azərbaycan həqiqətləri: Görkəmli ictimai-siyasi xadim Əziz Əliyev haqqında”, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Qasım Hacıyevin “İrəvan Müəllimlər Seminariyası və Azərbaycançılıq ideologiyası”, Bakı Qızlar Universitetinin pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Həsən Bayramovun “İrəvan Müəllimlər Seminariyası və yeni tipli ictimai-maarifçi hərəkatın genezisi”, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bayramovun “İrəvan şəhəri və Ermənistan SSR rayonlarından Azərbaycanlıların deportasiyası tarixindən (1948-1953, 1988-1991-ci illər)”, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyevin “İrəvan Müəllimlər Seminariyasının xələfi - İrəvan Türk Pedaqoji Texnikumu”, Azərbaycan Respublikası Təhsil İnstitutunun şöbə müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədovun “Milli təhsil tariximiz - İrəvan Müəllimlər Seminariyası”, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılovun “İrəvan Müəllimlər Seminariyası və onun Azərbaycan təhsilinə verdiyi töhfələr”, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Sara Bayramovanın “İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı müəllim kadrlarının hazırlığına təsiri”, professor Fərrux Abbasoğlu və ADPU-nun ibtidai təhsilin pedaqogikası kafedrasının müəllimi Sevinc Rüstəmovanın birgə yazdıqaları “İrəvan Müəllimlər Seminariyasının naxçıvanlı məzunları” mövzusunda məqalələri dərc edilmişdir.
Qeyd edək ki, xüsusi buraxılışda İrəvan Müəllimlər Seminariyası ilə yanaşı, ümumiyyətlə, qədim İrəvan şəhərinin tarixi, onun zəngin maddi-mədəniyyət abidələri, İrəvanın görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına da geniş yer verilmişdir. Bu amil də öz növbəsində qədim Azərbaycan torpağı olan İrəvan haqqında fundamental vəsaitin ərsəyə gəlməsinə yol açmış, İrəvanın elm, təhsil mühiti ilə yanaşı, onun ictimai, mədəni həyatının formalaşmasında Azərbaycanlıların oynadığı əhəmiyyətli rola işıq tutmuşdur. Xüsusi buraxılışda yer alan bütün məqalələr geniş elmi araşdırmaların nəticəsi kimi təqdim edilir, Azərbaycan elminin, təhsilinin zəngin ənənələrə, köklərə dayandığı bir daha elmi şəkildə təsdiqlənir, qədim İrəvan torpaqlarının qədim Azərbaycan torpağı olması elmi dəlillər, tarixi faktlar, əsaslı nümunələrlə sübuta yetirilir. Tədqiqatlarda o da xüsusi qeyd olunur ki, İrəvan Müəllimlər Seminariyası yalnız Azərbaycanda deyil, bütövlükdə cənubi Qafqazda maarifçiliyin, elmi və ziyalılıq təfəkkürünün inkişafında əsaslı təsirə malik olmuşdur. İrəvan Müəllimlər Seminariyası erməni məkrinin qurbanı olub öz fəaliyyətini dayandırsa da, Azərbaycanda elm və təhsilin sonrakı inkişafına öz töhfəsini vermişdir. “İrəvan Müəllimlər Seminariyası” xüsusi buraxılışı təhsil tariximizin, pedaqoji fikrimizin tədqiqatçıları, tarixçilər, müvafiq sahə üzrə təhsil alan bakalavr və magistrlər, eləcə də gələcək nəsillər üçün qiymətli mənbədir.
Böyükağa MİKAYILLI, “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktor əvəzi
|
|
11.02.2023 | 10:18 | |
|
|
|