Ulu Öndərlə görüşdə əlaçı tələbə kimi çıxış etdim | |
Ötən əsrin 70-ci illərinin əvvəllərində respublikamızda gəncliyə, elmə, təhsilə dövlətin qayğı və diqqətinin tamamilə yeni və parlaq mərhələsi başlandı. 1969-cu ilin iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edilən Heydər Əliyev respublikamıza qarşı İttifaq rəhbərliyinin uzun illər boyu bəslədiyi biganəlik, laqeydlik və qısqanclıq atmosferini təmkin, cəsarət və siyasi uzaqgörənliklə tədricən dəyişmək yolunu tutdu. Öz doğma Azərbaycanını alovlu övlad məhəbbəti ilə sevən, onun zəngin tarixi keçmişini mükəmməl bilən, müasir dövrdə hər sahədəki potensial imkanlarına dəqiqliklə bələd olan Heydər Əliyev respublikamıza bədxah münasibət göstərən qüvvələrin baxışlarını əsaslı surətdə dəyişməyə, hətta bir çoxlarını fakt və dəlillər qarşısında susdurmağa nail oldu. Ulu Öndər ali təhsil sahəsində də elə ilk günlərdən köklü dəyişikliklər etməyə başladı. Təsadüfi deyildir ki, 1969-cu il 5 avqust tarixli məşhur plenumda ən çox tənqid hədəfi olan sahələrdən biri də məhz ali təhsil müəssisələrində mənəvi iqlimin sağlamlaşdırılması və neqativ halların aradan qaldırılması yollarının təhlili olmuşdur.
Ulu Öndər Heydər Əliyevin təhsilin inkişafı yolundakı böyük xidmətlərindən biri də keçmiş SSRİ-nin 170-dən çox nüfuzlu ali təhsil məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətin 80-dən artıq sahəsini əhatə edən 250-dən çox ixtisas üzrə 15 mindən artıq gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaratmışdır.
Təhsil almağa göndərilənlər sırasında daha çox sadə ailələrdən olan gənclərə və azərbaycanlılara üstünlük verilirdi.
Bir xüsusi halı da xatırlamamaq olmur. 1969-cu ildən sonra respublikanın yeni rəhbərliyi Azərbaycanın ali təhsil sistemində ədalətin təmin olunması üçün də çoxlu tədbirlər həyata keçirmişdir. Gəlin etiraf edək ki, bunlar o dövr üçün çox lazım idi. Məram aydın idi: hər bir azərbaycanlı gənc atasının, anasının kimliyindən, ailəsinin maddi vəziyyətinin səviyyəsindən asılı olmayaraq, əgər istedadı varsa və ali təhsil almaq istəyirsə, buna nail ola bilsin.
Keçmiş SSRİ-nin mərkəzi şəhərlərində təhsil almaq üçün Azərbaycana cəmi 50 yer ayrılırdı. Bu, müsabiqədənkənar qəbul idi. O vaxt mərkəzi, yəni Moskva, Leninqrad və başqa şəhərlərin ali məktəblərinə qəbulun hamısı müsabiqə əsasında keçirilirdi. Müttəfiq respublikalara bəzi ixtisaslar üzrə mütəxəssislər hazırlanması üçün güzəşt edərək, onlara bəzən müsabiqədənkənar limit verilirdi. Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların sayı 1970-ci ildə 40 faiz təşkil edirdisə, 1976-cı ildə göndərilənlər içərisində bu rəqəm 85, 1977-ci ildə 92, 1980-ci illərin əvvəllərində isə 97,6 faizə yüksəlmişdir.
Azərbaycanda imtahan verib SSRİ-nin nüfuzlu universitetlərinə qəbul olunurdular
Ümummilli Lider Heydər Əliyev 1969-cu ilin avqustunda ölkədən kənarda təhsil almağa göndəriləcək 50 nəfərdən də az olan gənclərlə ilk görüş keçirdi. Beləliklə, tələbə gənclərin respublika rəhbərliyi ilə avqust görüşlərinin təməli belə qoyuldu. Respublikadan kənarda təhsil almağa əgər 1970-ci ildə 60 nəfər göndərilmişdirsə, 1975-ci ildə bu rəqəm 600 nəfərə, 1982-ci ildə isə 1200 nəfərədək yüksəlmişdir. Əlbəttə, bunlar heç də asanlıqla qazanılmamışdı. Başqa respublikalarla müqayisədə hər il Azərbaycanın limitinin get-gedə artırılması Heydər Əliyevin qətiyyətli və yorulmaz fəaliyyətinin əməli nəticəsi kimi qiymətləndirilməlidir. Digər respublikalara 100-150 nəfərdən artıq limit verilmirdi.
17-18 yaşında olan azərbaycanlı gənclər üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetində müsabiqədən keçmək çətin idi. Onlardan bəzilərinin biliyi zəif idi, digərlərinin isə dil bilməməsi çətinlik törədirdi, xalqımıza qarşı ayrı-ayrı şəxslər tərəfindən mənfi münasibət də az deyildi. İmkan vermirdilər ki, azərbaycanlılar bu universitetlərə qəbul olsunlar.
Ancaq respublika rəhbərliyi buna nail oldu. Moskva Dövlət Universitetinə daxil olmaq üçün Azərbaycan Dövlət Universitetində imtahan verib, burada müsabiqədən keçənlər Moskva Dövlət Universitetinə, eləcə də digər şəhərlərin universitetlərinə qəbul edilirdilər.
Ulu Öndərlə Avqust görüşləri
1969-cu ildən 1982-ci ilin avqust ayına qədər bir il də olmamışdır ki, ənənəvi avqust görüşləri baş tutmasın. Avqust görüşləri Ulu Öndərin o zamankı qısamüddətli yay istirahət dövrünə düşməsinə baxmayaraq, o, bu görüşlərdən kənarda qalmır, istirahətini yarımçıq qoyaraq Bakıya gəlib tələbələrin görüşündə şəxsən iştirak edirdi. O, bu görüşlərdə hər bir çıxışı diqqətlə dinləyir, tələbələrin arzu və təkliflərinə qulaq asır, təhsilləri, hətta şəxsi həyatları ilə maraqlanır və nəhayət, geniş nitq söyləyirdi. Həmin nitq qarşıdakı dərs ilinin fəaliyyət proqramına çevrilirdi. Dahi şəxsiyyətin bu görüşlər zamanı söylədiyi fikirlər indi də öz aktuallığını və əhəmiyyətini itirməmişdir. Müxtəlif illərdə söylədiyi fikirlərdən bəzilərini qeyd etməyi özümə mənəvi borc bilirəm. Məsələn, 1975-ci ildəki görüşdə demişdi: “İxtisasa yiyələnmək, zəngin bilik qazanmaq, seçdiyimiz ali məktəbi qurtarmaq asan iş deyildir. Bunun üçün böyük səy, çalışqanlıq, dözüm, səbr və iradə lazım olacaqdır. Biliklərə mükəmməl və dərindən yiyələnmək sizin əsas vəzifənizdir”.
1982-ci ildəki görüşdə isə belə demişdi: “Hələlik siz həyatınızda ilk müstəqillik imtahanından, öz arzunuza çatmaq bacarığı imtahanından şərəflə çıxmışsınız. Bu, mühüm keyfiyyətdir. Bunsuz nə insan, nə də vətəndaş ola bilməz, lakin cəmiyyətin faydalı üzvü olmaqdan ötrü siz öz üzərinizdə hələ çox işləməli, vətənpərvər və öz vəzifələrinə yaradıcı münasibət bəsləyən fəal vətəndaş və mütəxəssis keyfiyyətlərinə yiyələnməlisiniz”.
Gəncliyə diqqət və qayğının parlaq nümunəsi
1982-ci ildə Moskva həyatı başlayanda belə Ulu Öndər respublika gənclərini, xüsusilə tələbələri unutmamış, işinin nə qədər məsul və gərgin olmasına baxmayaraq onlarla müntəzəm görüşməyə vaxt tapmışdır. 1979-cu ildə hətta belə görüşlərin biri SSRİ-nin təhsil nazirinin və digər yüksək vəzifəli şəxslərin iştirakı ilə Moskvanın Böyük teatr salonlarının birində keçirilmişdir. Moskvaya işləməyə gedərkən tələbələrin siyahısı olan kitabları da özü ilə aparması dahi rəhbərin gəncliyə olan diqqət və qayğısının bir parlaq nümunəsidir.
1993-cü ildə, ölkəmizin çox gərgin günlərində xalqın təkidi ilə yenidən respublika rəhbərliyinə qayıdan Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqil Azərbaycanın başı üzərindən qara buludlar çəkilməyə başladı və onun bir dövlət kimi varlığı qorunub saxlanıldı. Belə çətin, çox mürəkkəb bir dövrdə də o, tələbə gəncləri unutmaz, onlarla maraqlanardı. 1996-cı ilin fevralında respublika gənclərinin birinci forumundakı nitqində dediyi fikirlər düşündürücüdür: “Sizin qarşınızda çox böyük yol var. Yol hamar deyil, asfalt deyil, yol uzun yoldur, cürbəcür maneələrlə bağlı olan yoldur, o yolu hər biriniz keçməlisiniz. Bu yol Müstəqil Azərbaycanın gələcəyi yoludur”.
Müstəqil Azərbaycana rəhbərlik etdiyi müddətdə də avqust görüşlərini bərpa edən Ümummilli Liderimiz 1997-ci ilin avqustundakı nitqində gənclərə belə tövsiyə edirdi: “Mən çox məmnunam ki, bu gün bu ənənələr yaşayır və bərpa olunur. Bu gün biz tamamilə başqa şəraitdə Müstəqil Azərbaycan adı altında yeni ənənə yaradırıq. Bu gün sizin qarşınızda xoşbəxt bir yol açılıbdır. Eyni zamanda sizin üzərinizə böyük məsuliyyət düşür. Bu, sizin şəxsi vətəndaşlıq məsuliyyətinizdir. Həmçinin valideynlərinizin, müəllimlərinizin, doğma vətənimizin qarşısında məsuliyyət daşıyırsınız. Arzu edirəm ki, siz bütün bunların hamısını layiqincə yerinə yetirəsiniz”.
Heydər Əliyev hər bir tələbənin çıxışını diqqətlə dinləyirdi
Ötən əsrin 70-80-ci illərində 15 mindən çox Azərbaycan gənci respublikamızdan kənarda SSRİ-nin 50-dən artıq şəhərinin 170 ali məktəbində 250-yə yaxın ixtisasa yiyələnmişdir. Həmin illərin məzunlarından biri də mənəm. Bakıda 172 nömrəli orta məktəbi bitirdikdən və 2 illik hərbi xidmətdən sonra 1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)) qəbul olundum. Yaxşı oxuduğumu nəzərə alıb məni də Azərbaycan KP MK-nın göstərişi ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə köçürdülər. Elə Ulu Öndərimiz ilə olan görüşlərim də həmin tələbəlik illərinə təsadüf edir. 1977-ci ildə sonuncu kursda oxuyarkən indiki Heydər Əliyev adına Sarayda tələbə gənclərlə respublika partiya və hökumət rəhbərlərinin iştirakı ilə keçirilən ənənəvi görüşdə əlaçı tələbə kimi mən də çıxış etdim.
Heydər Əliyev hər bir tələbənin çıxışını adəti üzrə diqqətlə dinləyirdi. Çöhrəsindəki ifadələrdə biz gənclərdən məmnun qaldığı, qürur hissi keçirdiyi aydın sezilirdi.
Dahi şəxsiyyətlə ikinci görüşüm onun 75 illik yubiley tədbirlərinə təsadüf edir. 1998 - ci il may ayının 21-də Ulu Öndər öz sıralarında 1500-ə qədər yüksəkixtisaslı ziyalını birləşdirən Respublikamızdan Kənarda Təhsil Almış Mütəxəssislər Cəmiyyətinin 6 nəfərdən ibarət kiçik bir qrupunu bizim xahişimizlə qəbul etdi.
Cəmiyyətin sədri, Azərbaycan Texniki Universitetinin dosenti Natiq Əhmədov keçmiş SSRİ-nin müxtəlif şəhərlərində təhsil almış mütəxəssislər adından ölkə başçısını yubileyi münasibətilə təbrik etdi.
Dahi rəhbər cəmiyyətin üzvləri ilə görüşdən məmnun qaldığını bildirdi və səmimi sözlərə görə bizə təşəkkür etdi. Çox mehriban şəraitdə keçən söhbət əsnasında o, ötən illəri xatırladı. Böyük şəhərlərin ali məktəblərində oxumaq üçün Azərbaycana limiti necə çətinliklərlə əldə etdiyini, bunu gözü götürməyən qüvvələrə qarşı nə cür mübarizə apardığını söylədi. Onun bir fikri indi də olduğu kimi yadımdadır: “Çox məmnunam ki, o vaxt əkdiyim toxumlar indi bu cür cücərib və böyük ağaclara dönüb. Doğrudan da, sizin hər biriniz böyük bir ağacsınız. Mən bunu millətin, xalqın, Azərbaycanın bugünü, gələcəyi üçün istəyirdim. O vaxt oxumağa göndərdiyim gənclərin hamısı mənim doğma övladlarımdır”. Hər birimizin çalışdığı sahə, gördüyü işlərlə maraqlandı. Bizi diqqətlə dinlədi, tövsiyə və məsləhətlərini də əsirgəmədi. Biz sonda xatirə şəkli çəkdirdik.
Bir neçə aydan sonra, yəni sentyabrın əvvəlində sarayın çoxminli salonunda 1970-1987-ci illərdə Azərbaycandan kənarda ali təhsil almış mütəxəssislərin Ümumrespublika toplanışı keçirildi. Ulu Öndərin çox diqqətlə dinlənilən əhatəli və dərin məzmunlu nitqində bu sahədə keçilən yollara bir daha nəzər salındı, o zamankı mövcud şərait, qarşıya qoyulmuş məqsədlərə çatmaqda süni maneələr, min bir bəhanələrin ortaya çıxması və hər şeydən əvvəl, qətiyyət və sarsılmaz inamla məram və ideyalarının böyük müvəffəqiyyətlə özünü doğrultması xatırlandı, müvəffəqiyyətlər qeyd olundu. Həmin nitqdə maraqlı bir məqama diqqəti cəlb etmək istəyirəm.
Ulu Öndər salona üz tutaraq dedi: “Əziz dostlar, bax, beləliklə, o illər biz böyük işə başlamışıq və indi də onun gözəl nəticələrini görürük. Doğrusu, mən bu gün sizin hamınızı burada öz doğma övladlarım kimi görürəm. Mən bir dəfə bunu demişəm, o illər sizlərin hər il respublikadan kənar ali məktəblərə qəbul olunanların siyahısından bir neçə nüsxəlik böyük bir kitab düzəldirdilər. Həmin kitablardan birini də gətirib mənə verirdilər. Mən o kitabları o vaxtdan indiyədək öz şəxsi kitabxanamda, arxivimdə saxlayıram. Çünki bu iş mənim üçün o qədər əziz olubdur ki, bəzən işləmədiyim zaman Moskvada yaşayarkən çox darıxırdım, kitab, qəzet, jurnal oxuyurdum, bəzən də kitab rəfimdən onu çıxarıb vərəqləyirdim ki, bax, bu filankəsdir, atası, anası budur, yaşı filandır, filan rayondandır. Onların heç birisini şəxsən tanımırdım. Amma bütün bunları oxuyurdum. Çünki orada hər birinin valideyni də, valideyninin hansı vəzifədə işlədiyi də yazılmışdı. Mən bunları oxuyub təsəlli alırdım ki, düzdür, indi işləmirəm, mənə qarşı belə ədalətsizlik var, amma mən bu işləri görmüşəm və həmin adamlar məni heç vaxt unutmayacaqlar, mənim zəhmətimi qiymətləndirəcəklər.
Məhz bunlara görə də mən sizə, təkcə sizə yox, ümumiyyətlə o vaxt bu salonda təhsil almağa göndərdiyimiz və tövsiyələrimi, sözlərimi dediyim gənclərin hamısına, o cümlədən sizə bir doğma övladım kimi baxıram... Siz bu gün müstəqil Azərbaycana lazımsınız, gərəksiniz. Demək, o illər biz müstəqil Azərbaycanın bugünü üçün işlər görmüşük və bu da öz nəticəsini veribdir”.
Toplantıda mənə də söz verildi. Ölkə rəhbərinə və görüş iştirakçılarına müraciətlə dedim: “Əgər 1977-ci ilin avqust ayında elə bu sarayda mən adi bir tələbə kimi çıxış etmişdimsə, bu gün artıq Sizin qarşınızda kafedra müdiri kimi çıxış edirəm. Mənim elm sahəsində qazandığım nailiyyətlər Sizin adınızla bağlıdır”. Mən öz çıxışımda elm, təhsil sahəsində müşahidə edilən bir sıra həlli vacib problemlərə də toxundum.
Hər bir gənc mütəxəssisin taleyi onu düşündürürdü
2002-ci il may ayının sonlarında universitetimizin yubileyində ölkə başçısı da iştirak edirdi. Fəxri qonağı və onu müşayiət edən yüksək vəzifəli şəxsləri ali məktəbin həyətində qarşıladıq. Hamı ilə görüşən möhtərəm qonaq professor və müəllim heyətinin dayandığı cərgəyə çatanda mənim qarşımda bir anlıq ayaq saxladı və özünəməxsus diqqətlə məni süzdü. Onu müşayiət edən universitetin o zamankı rektoru akademik Əli Abbasov tez irəli keçib məni Prezidentə təqdim etdi, haqqımda qısaca məlumat verdi. Mən də öz növbəmdə həmkarlarım adından və öz adımdan Prezidentə səmimi salamlarımı yetirdim, onun xaricdə təhsil almağa göndərdiyi kadrlardan biri olduğumu söylədim. O da həmçinin elmi yaradıcılıqda, gənc iqtisadçı kadrların hazırlanmasında bizə uğurlar arzuladı.
Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinin böyük təntənə ilə qeyd olunmasına hazırlaşdığımız dövrdə ötən illərin şirin və mənalı xatirələrini ona görə bir daha yada saldım ki, o böyük insan elmin, təhsilin hamisi və təminatçısı idi. Hər bir gənc mütəxəssisin taleyi onu düşündürürdü. O, gənclik üçün yaradılan hər cür yaxşı şəraitin ölkənin gələcəyi naminə edildiyini söyləyir və bunu yüksək dəyərləndirirdi. O, necə də nadir hafizə sahibi idi. Universitetimizin yubiley şənliyində mənə göstərdiyi diqqət buna əyani sübutdur.
Azərbaycandan kənarda təhsil almış mütəxəssisləri birləşdirən ayrıca bir təşkilatın olması da təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. 1996-cı ildə yaradılan bu qurum öz sıralarında 1500-ə qədər yüksəkixtisaslı ziyalını birləşdirir. Təşkilatın tərkibində yüzlərlə elmlər doktoru və elmlər namizədi fəaliyyət göstərir. Üzvlərdən 200 nəfəri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunudur. Təşkilatımızın gördüyü, həyata keçirdiyi tədbirlər də çoxdur, qarşıdakı perspektiv planlarımız da rəngarəngdir. Biz öz işlərimizdə, fəaliyyət proqramlarımızda Ulu Öndərin tövsiyə və məsləhətlərini əsas meyar kimi götürürük.
Bütün bunlar dahi şəxsiyyətin arzu və istəklərinin bugünümüzdə reallığı və təcəssümüdür. Hələ o zaman görüşlərində dönə-dönə söylədiyi kimi, görülən işlər Azərbaycanın gələcəyi və tərəqqisi üçündür.
Ümummilli Liderimizin siyasi kursu hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının elm, təhsil sahəsində apardığı işlər diqqətəlayiqdir. Gənclərimizin ölkədən kənarda təhsil almaq məsələsi artıq dövlət proqramı səviyyəsində həll edilir. Əgər Ulu Öndərin vaxtında bu bir ənənə idisə, hazırda həmin məsələnin dövlətin diqqət yetirdiyi əsas proqrama çevrilməsi sevindiricidir.
Əgər əvvəllər gənclərimiz yalnız keçmiş SSRİ-nin şəhərlərinə oxumağa göndərilirdisə, hazırda bu ölkələrin də, şəhərlərin də coğrafiyası get-gedə genişlənməkdədir. İndi tələbə gənclərimizin xoş soraqlarını Amerika, Yaponiya, Çin, Malayziya, Cənubi Koreya, Misir, Türkiyə, Qərbi Avropa və MDB ölkələrindən eşidirik.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil sahəsində, xüsusilə ümumtəhsil sistemi çərçivəsində gördüyü işlər də fərəh doğurur. Ümumtəhsil ocaqlarının maddi-texniki bazasının möhkəmlənməsi istiqamətində də Fondun gördüyü işlər yetərincədir.
Tarix təkrar olunur, estafet davam etdirilir. Maraqlı cəhəti və fərəhli bir faktı nəzərinizə çatdırmaq istərdim. Vaxtilə ölkədən kənarda təhsil almış mütəxəssislərin çoxunun övladları da hazırda müxtəlif şəhərlərin nüfuzlu ali məktəblərinin tələbələridirlər.
Bütün bunlar Ulu Öndərin arzu və ideyalarının müasir həyatımızda parlaq təcəssümüdür. Yaxşı demişlər ki, dahilərin həyat və yaradıcılıqları nəinki yaşadıqları dövrə, həm də gələcəyə məxsusdur.
Əlican BABAYEV, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru, Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər İctimai Birliyinin Ali Məclisinin sədri
|
|
10.02.2023 | 10:05 | |
|
|
|