“Məktəb uşaqlar üçün bir ümid yeridir” | |
“Yeni çağırışlar” onlayn müzakirə proqramının budəfəki qonağı Harvard Universitetinin professoru, məşhur tədqiqatçı və elm xadimi Emiliana Veyqəs olub. Belə ki, Elm və Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının 8 fevral 2023-cü il tarixində yayımlanan bölümündə dünyaşöhrətli alim ilə təhsil imkanlarının və müəllimlik fəaliyyətinin effektivliyinin artırılması barəsində danışılıb.
“T-Network”ün rəhbəri, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram Elm və Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Mətin Axundlunun tərcüməsi ilə Azərbaycan dilində canlı yayımlanıb.
Qürurlu ana
Proqramın girişində qonağı salamlayan gorüşün aparıcısı Cəfər Mənsimi qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət diləyib, yaralılara şəfa arzulayıb. C.Mənsimi professoru izləyicilərə yaxından təqdim edərək bildirib ki, Emiliana Veyqəs Harvarddan əvvəl uzun illər Dünya Bankında çalışıb, təhsil sistemlərinə yönəlmiş tədqiqatlara rəhbərlik edib. Həmçinin Brookings İnstitutunda Təhsil Mərkəzinin direktoru, İnter-Amerikan İnkişaf Bankında Təhsil şöbəsinin müdiri olub.
C.Mənsiminin ilk “Siz tədqiqatçı, professor, müəllim olsanız da, haqqınızdakı təqdimat yazılarınızın birində “qürurlu ana” ifadəsi daha çox önə çıxır. Bu, nə ilə əlaqəlidir?” sualına cavabında Emiliana Veyqəs qeyd edib: “Mən iki gəncin anasıyam və çox şadam ki, mənim həm karyeram, həmçinin də ailə həyatım yanaşı olaraq inkişaf edir. Mənim övladlarım 20 yaşlarını adlayıblar, onlar olduqca zəhmətkeş, ağıllı, çalışqandırlar və mənim fəxrimdirlər. Amerikada belə bir deyim var: “Hər bir insan onun övladları xoşbəxt olduğu qədər xoşbəxtdir”. Bu mənada mən çox bəxti gətirmiş anayam ki, mənim övladlarım öz universitet həyatlarını yaşayır və mənə səadət bəxş edirlər”.
Təhsil sahəsinə jurnalistikadan gəlməsi məsələsinə toxunan E. Veyqəs təhsillə bağlı hansı xəbəri dünyaya çatdırmaq istəməsi və bu xəbərin manşeti nə olardı suallarına cavabında söyləyib ki, təhsil həm fərdi, həm də cəmiyyətin inkişafı baxımından bir açardır. “Manşet olaraq mən belə bir başlıq yerləşdirərdim: heç bir ölkə özünün yüksək səviyyəli, stabil inkişafını təhsil siyasətinə ciddi yatırımlar etmədən həyata keçirə bilməz. Hər bir sahənin inkişafı məhz təhsildən keçir”, - professor bildirib.
“Öyrənməyi həyatın kilidini açmaq üçün açar” adlandıran professor bu açarın hər kəsə əlçatan olması üçün həyatın kilidi dedikdə təhsilin digər insanların həyatlarını başa düşmək, onlara nüfuz etmək açarı olduğunu nəzərə çatdırıb. Yəni savadlı və təhsilli olmaqla biz cəmiyyətin, icmaların həyatında iştirak edə bilirik, müxtəlif icmaların fikirlərini, onların qayğılarını öyrənmiş oluruq. Təhsil bizi digərlərini başa düşmək, bizə istedadlarımızı aşkar etmək imkanı verir ki, biz də digərlərini daha yaxşı başa düşək və töhfə verək. Qonaq əslən olduğu Venesuela kimi ölkələri, öz şəxsi təcrübəsini misal gətirərək dünyanın bir sıra ölkələrində təhsil almaq, inkişaf etmək, öyrənmək, istedadları üzə çıxarmaq kimi imkanların heç də hamı üçün əlçatan olmadığını qeyd edib.
Təhsildə təbliğ etdiyi əsas ideya haqqında danışarkən qonaq söyləyib ki, o, karyerası boyunca həmişə əsas diqqəti müəllimlərə yönəldib və müəllimlərin ən səmərəli şəkildə təhsilə cəlb olunması, bir kadr olaraq təhsildə işlək saxlanılmasına böyük önəm verib. Lakin illər keçdikcə başa düşüb ki, məktəb prizmasından baxdıqda səmərəli tədrisin və təhsilin çox önəmli amili müəllim olduğu halda, digər amillər də erkən uşaqlıq dövrünün inkişafı, məktəbin maliyyələşdirilməsi, texnoloji vasitələrdən təhsildə rasional istifadədir.
Keyfiyyət müqaviləsi
Həmmüəllifi olduğu “Latın Amerikasında şagirdlərin öyrənməsini təkmilləşdirmək” adlı kitabında təhsilin keyfiyyətini artıran üç məqama (keyfiyyət müqaviləsi, diferensiallaşdırılmış təlimat və idarə olunan təlimat) diqqət çəkməsi barədə daha ətraflı məlumat verən professor bildirib ki, Latın Amerikası digər inkişaf etməkdə olan ölkələrdən onunla seçilib ki, təhsilin inkişafında özəl sektorun rolunu artırıb, bu da özəl məktəblərin açılması ilə ifadə olunub. O deyib: “Mən o zaman Dünya Bankında məsləhətçi qismində çalışırdım və biz təhsilin inkişafında Çili hökumətinə yardım edirdik. Subsidiyalaşmış proqramlar çərçivəsində hökumət özəl və dövlət məktəblərinin seçilməsində ailələrə kömək edirdi. Biz getdikcə təhsil səviyyəsinin inkişafını müşahidə etdik, lakin başlıca sual o idi ki, tək hansısa konkret məktəblərdə deyil, özəl və dövlət məktəbi seçmədən bütün sistemdə təhsil səviyyəsini necə yaxşılaşdıra bilərik. Bizim kitabımızda bununla bağlı üç nəzəriyyə irəli sürülüb. Onlardan biri məhz keyfiyyət nəzəriyyəsindən irəli gələn müqavilələrdir. Burada hökumət özəl sektorla müqavilə imzalayır və direktora özəl təhsil müəssisəsi açmağa icazə verir. Əgər həmin təhsil müəssisəsi qoyulan məqsədə nail olmazsa, məktəb bağlanır, lisenziya geri alınır. İkinci diferensial yanaşma nəzəriyyəsində dövlət fərqli yanaşır, məktəbdə çatışmamazlıqlar aşkarlandıqda müzakirələr aparılır, dövlət məktəblərə kömək edir, imkan verir ki, öz fəaliyyətlərini təkmilləşdirsinlər. Üçüncü yanaşma bələdçi əsasında olan yanaşmadır ki, bu, daha çox Cənubi Koreyada rast gəlinən formatdır. Bunun məğzi odur ki, dövlət təhsil müəssisələrini mərkəzləşdirilmiş qaydada tədris proqramı, kurikulumla təmin edir və kənara çəkilir. Təhsil müəssisələri mərkəzdən uzaqlaşdırılmış şəkildə tədris həyata keçirir, dövlət isə kənardan nəzarət edir. Beləcə, biz Çili hökumətinə bu təcrübələri ötürdük və onların reallığına, gündəminə uyğun olan seçim etmələrini tövsiyə etdik”.
“Dövlət məktəblərində keyfiyyət müqaviləsi necə tətbiq edilə bilər?” sualına cavabında qonaq keyfiyyət müqavilələrinin nə olduğunu aydınlaşdıraraq bildirib ki, hökumət özəl şirkətlər, subyektlər, həmçinin dövlət qurumları, ictimai şəxslər, təhsil şöbələri ilə müqavilə imzalaya bilər. Müqavilənin məğzi isə ondan ibarət ola bilər ki, imzalanan bu müqavilə üzrə qarşı tərəf məsul tutulur, qarşıya qoyulan məqsədlərə nail olmağı üzərinə götürür. Əgər həmin məktəb məqsədə nail olmursa, bu, birbaşa olaraq, onun günahı hesab edilmir. Təhsil müəssisələrində müxtəlif statuslu şagird və tələbələrin mövcudluğunu diqqətə çatdıran E.Veyqəs məktəb müqavilənin şərtlərinə nail olmadıqda dərhal müqaviləni dayandırmaq deyil, vəziyyəti daha geniş araşdırmaq və təhsil müəssisəsinə qoyulan məqsədlərə nail olmaqda kömək etməyin məqsədəuyğunluğunu diqqətə çatdırıb. Məhz ona görə də sənədin “Keyfiyyət müqaviləsi” adlandırıldığını, keyfiyyət üzərindən yanaşmanın hərtərəfli olmasının vacibliyini qeyd edib.
Keyfiyyətli təhsil konsepsiyası
Keyfiyyətli təhsil şərti haqqında professor onu qeyd edib ki, keyfiyyətli təhsil konsepsiyası olduqca mürəkkəbdir və cəmiyyətdə təhsilin keyfiyyətinin ölçülməsinə dair debatlar davam edir. Şagird və tələbələrin təhsil müəssisələrində əsas nailiyyət və bacarıqları arasında Veyqəs oxuma və sayma, eləcə də kommunikasiya, əməkdaşlıq, araşdırma, elmi sorğulama, həmçinin kodlaşdırma (rəqəmsal mühiti başa düşmək, olan məlumatları oxuya bilmək, data etmək) bacarıqlarını, emosional bacarığı qeyd edib.
C.Mənsiminin “Latın Amerikasında və Karib hövzəsində müəllim peşəsi niyə öz nüfuzunu itirib? Onu necə bərpa etmək olar?” kitabınızdakı suala istinadən müəllimlik peşəsinin nüfuzunu artırmaq istiqamətində təklifləriniz nədir?” sualına cavab olaraq yazıçı qeyd edib ki, ibtidai və orta təhsil səviyyəsində digər regionlarla müqayisədə daha sürətli təhsil inkişafı məhz Latın Amerikasında müşahidə olunub, bu da təhsil islahatlarının miqyasının artmasına, müəllimlərə ehtiyac yaradıb. Mühəndislik, həkimlik, hüquqşünaslıq və s. daha çox kişi peşəsi hesab edildiyi üçün müəllimlər arasında qadınların sayı sürətlə artıb. Müəllimlərə böyük ehtiyac duyulduğuna görə bu peşəyə tələblər yumşaldılıb, nəticə keyfiyyətin aşağı düşməsinə gətirib çıxarıb. İkinci növbədə isə müəllimin maaşı aşağı olduğu üçün digər peşələrlə müqayisədə cəlbedici hesab edilməyib. Xanım Veyqəs bildirib ki, müəllim peşəsinə yiyələnmək istəyənlərin keçid balları digər peşələrlə müqayisədə aşağı olduğu üçün nəticədə kadr, komplektləşmə baxımından problemlər yaranıb. O deyib: “Nə etməli sualına cavabım odur ki, cəmiyyət olaraq biz bu çətin və şərəfli peşənin nüfuzunu artırmalıyıq. Bunun üçün isə onun sosial təminatını, məvacibləri artırmaq lazımdır ki, müəllimlik peşəsi cəlbedici olsun. Çalışmalıyıq ki, selektiv olaq, yəni ən bacarıqlı, peşəkar, işinə, məsləyinə sadiq olan şəxsləri cəlb edək və onları yaxşı şəraitlə təmin edək. Mənim bu cəhətdən çox bəxtim gətirmişdi, mən müəllim olduğum dövrdə bir neçə işlə məşğul ola bilirdim. Müəllimə elə bir münbit şərait yaratmaq lazımdır ki, onun səlahiyyətləri geniş olsun, yəni o, müəllimliklə yanaşı əlaqəli işlərlə də məşğul olsun və öz üzərində çalışsın, bundan zövq ala bilsin”.
Müəllim peşəkarlığı
“Tədrisin təkmilləşdirilməsi üçün stimullar. Latın Amerikasından dərslər” kitabının müəllifi Emiliana Veyqəs qeyd edib ki, müəllimin fəaliyyət keyfiyyəti onun əməkhaqqının artırılması ilə stimullaşdırılsa müəllim daha böyük səy göstərə bilər. Yazıçı bildirib ki, müəllimin davamiyyəti heç də keyfiyyətli tədris aparmaq demək deyil:“Müəllimlə şagird arasında olan interaktiv münasibətlər öz-özlüyündə mürəkkəb bir məsələdir. Burada stimul, əlavə həvəsləndirici mexanizm yaratmaq çətindir, çünki biz insanlar arasında münasibət yaratmaqdan danışırıq. Stimullar daha çox peşə inkişafı ilə bağlı olmalıdır - maaş, müəllimin peşə inkişafı üçün yaradılmış şərait, eyni zamanda istər kurikulum, istər təhsilin məzmunu ilə əlaqəli müəllimə verilən muxtariyyət, müstəqillik. Əyani vəsait və resurslardan istifadə də müəllimə muxtariyyət verilməlidir. Latın Amerikası ölkələrində bu mənada təhsil çox mərkəzləşdirilmiş şəkildədir. Nəzərə alaq, elə ucqar yerlər var ki, mərkəzdən çox uzaqdır və vəziyyəti bilmədən onlara mərkəzləşdirilmiş şablon tətbiq etmək yanlışdır”.
Aparıcının “Kitabınızda qeyd etmisiniz ki, əməkhaqqı sehrli çubuq deyil və müəllim performansını artıran digər amillər vardır. Müəllimin performansını artıran digər məqamlar nədir?” sulına cavabında qonaq burada tək məktəb hüdudlarında deyil, məktəbdən kənarda da şagird və tələbələrin öyrəndiyini nəzərə almağın vacibliyini vurğulayıb: “Şagird sinfə gələndə özü ilə artıq yaşadığı ailədə, icmada əldə etdiyi bilik və informasiyanı gətirmiş olur. Yəni müəllim vəzifəsi tək kurikulum üzərindən deyil, həm də artıq uşağın sahib olduğu biliklər üzərindən onun biliklərini artırmaqdır. Müəllimin səmərəli olub-olmamağını bununla da ölçmək olar. Peşəkar, məharətli müəllim məhz şagirdin məlumatcanlılığını artıran müəllimdir. Yaxşı müəllimə xarakterik olan cəhətlərin hamısını ölçmək mümkün deyil. Müəllimin təhsili ilə yanaşı digər kənar amilləri, şagirdin yaşadığı mühiti nəzərə almaq lazımdır. Şagirdin valideynlərinin savadlı olub-olmaması belə onların övladına birbaşa təsir edən amildir. Digər tərəfdən, müəllimin özü də bir icmanın üzvüdür və onların özlərinin də sosial problemləri vardır. Biz şagirdlərə nə qədər kömək ediriksə, bir o qədər də məktəb daxilində üzləşdiyi problemə kömək etmək üçün müəllimin yanında olmalıyıq. Belə kompleks şəkildə yanaşdıqda müəllimə həmin stimulları vermiş oluruq”.
Effektiv məktəb mühiti
Effektiv məktəb mühiti haqqında danışan xanım Veyqəs gücləndirilmiş məktəb konsepsiyasının məktəbin yeganə təhsil verən müəssisə kimi qəbul edilməməsini, bütün cəmiyyət, ailə, gənclərin ziyarət etdiyi digər məkanlarla məktəbin tərəfdaşlıq etməli olduğunu ehtiva etdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, məktəbin tərəfdaş kimi çıxış etdiyi bir cəmiyyətdə güclü məktəb haqqında danışmaq olar, məktəbin vəzifəsi daha çox tərəfdaş funksiyası olmalıdır.
Aparıcı bildirib ki, proqramda qonaq olan bir çox şəxslər uşaqların məktəblərdə xoşbəxt olmadığını söyləyib və bu mövzuda professorun nə düşündüyünü soruşub. Qonaq bu suala cavabın birmənalı olmadığını bildirərək xüsusilə COVID-19 pandemiyası zamanı bir çoxlarının məktəbin təkcə təhsil müəssisəsi deyil, həmçinin uşaqların xoşbəxt olduğu, sosiallaşdığı, sosial-emosional bacarıqların formalaşdığı bir məkan olduğunun dərk etdiyini diqqətə çatdırıb. Təhsil tədqiqatçısının fikrincə, məktəbdə uşaqlar təhsil almaqla yanaşı özlərini xoşbəxt hiss edir, məktəbə uğurlu gələcək ümidilə gedir, həyata bir vəsiqə əldə edəcəklərini düşünürlər. Xüsusilə yoxsul ölkələrdə məktəb uşaqlar üçün yeni bir pəncərə, bir ümid işığı hesab olunur. Özünün də belə bir məktəbə getdiyini diqqətə çatdıran qonaq deyib: “Məktəb uşaqlar üçün bir ümid yeridir və biz elə etməliyik ki, bu məktəb həm əlçatan, həm də ümidin davamı, həyata işıq salan bir yol olsun”.
Uşaqların erkən inkişafı
“Uşaqların erkən inkişafı sistemini təkmilləşdirmək üçün tövsiyələriniz nədir?” sualını cavablandıran Veyqəs bildirib ki, bu mövzu ilə bağlı dünyanın bir çox yerlərində beynəlxaq səviyyədə bir sıra faktlar var və bu faktlar uşaqların erkən dövrdə inkişafına dəlalət edir. Professorun fikrincə,valideynlərin körpə ilə ünsiyyət qurması, ona müəyyən mahnılar oxuması, danışması, müxtəlif oyunların oynanılması körpənin beyninin inkişafına kömək edir. Erkən uşaqlıq dövrünün inkişafı uşağın sonradan məktəbdə göstərəcəyi nailiyyətlərə, davamiyyətinə birbaşa təsir edir.
“Hazırda sürətləndirilmiş valideyn və uşaqlar deyimi aktualdır. Bəs onların öz sürətlərinin müəyyən edilməsi üçün hansı baxış bucağına ehtiyac vardır?” sualını cavablayan yazıçı bildirib ki, uşaqların fərqliliyini başa düşmək çox vacibdir: “Nə uşaqlar, nə böyüklər eyni deyildir. Uşaqların bacarıqları, maraq dairəsi fərqlənir və başlıcası odur ki, uşaqların maraqcanlı olmasını dəstəkləyək və dərinləşməsinə imkan yaradaq. Məktəb sanki uşağı müəyyən çərçivəyə salır və həmin çərçivədə dünyanı öyrənməyə vadar edir. Uşağın marağı, bacarıqları məktəb çərçivəsindən daha genişdir. Pandemiya dövründə şahid olduq ki, bəzi uşaqların göstəriciləri artdı, bəzilərinin də göstəriciləri aşağı düşdü. Bu, o deməkdir ki, bəzi uşaqlara müəllim bələdçiliyi, digər uşaqlara isə müstəqillik lazımdır. Bu baxımdan məktəb hansısa bir şablon ola bilməz. Məktəbin yaratdığı çərçivə ilə bütün uşaqları eyni şəkildə ölçmək olmaz”.
Məktəb direktorlarının müəllimləri seçmək səlahiyyətlərinin olmadığını və onların təyin olunmuş müəllimlərlə işlədiyini deyən professor direktorların təlimat liderləri olmasının, müəllimlərə dəstək göstərməsinin, tədris prosesində onlara arxa, tədrisin həyata keçirilməsində dəstək olmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, belə bir halda məktəb rəhbəri kimi onların səmərəsi daha çox olar.
Emiliana Veyqəs 11 il Dünya Bankında çalışdığını, Harvard Universitetində doktorluq dərəcəsini aldıqdan sonra karyerasında atdığı ilk addımın təhsil iqtisadçısı olaraq Dünya Bankında həyata keçirildiyini və bunun ona çox böyük təcrübə bəxş etdiyini dilə gətirib. Fəaliyyəti dövründə müxtəlif ölkələrin adət-ənənə, dil, din, irq kimi fərqlərinə baxmayaraq bütövlükdə insanların özləri və ailələri üçün eyni şeyi istədiklərini, onları xoşbəxt edən amillərin eyni olduğunu aşkarlayıb. Professor deyib: “Dünya Bankında ən çox sevdiyim cəhət ondan ibarət idi ki, biz bütün sahələrdə fəaliyyət göstərirdik və bütün sahələrdə bizim ekspert təcrübəmiz vardı. Lazım olan anda dünyanın müxtəlif yerlərində çalışan əməkdaşlarımız, ekspertlərimiz arasında müzakirə aparırdıq və bu, olduqca müsbət idi, bu məqamın mənim karyeramda böyük rolu olmuşdur”.
Uğurlu təhsil sistemlərinin ortaq xüsusiyyətləri barədə danışan xanım Veyqəs Dünya Bankında çalışdığı illərdə təhsildə daha yaxşı nəticələri təmin etmək üçün sistemli yanaşma layihəsi həyata keçirdiyini diqqətə çatdırıb. Layihə çərçivəsində bir sıra dövlətlərin, xüsusilə PISA kimi beynəlxalq təhsil proqramlarında yüksək nəticə göstərmiş ölkələrin təhsil siyasətlərinin təhlil edilməsi və müəyyən edilməsi və aşağıdakı qənaətə gəlinməsi barədə məlumat verib: 1)bu ölkələr yalnız istedadlı şəxsləri müəllim peşəsinə cəlb edirlər; 2)müəllimləri daim təlimləndirir, ixtisasını artırır və praktiki məşğələlərə cəlb edirlər; 3)bu ölkələrdə müəllim peşəsinə daim hərtərəfli dəstək göstərilir; 4)direktorların təlimatlandırma liderləri kimi çıxış etməsi təmin olunur; 5)erkən uşaqlıq dövrünün inkişafı, maliyyələşdirilmə məsələsi çox səmərəli şəkildə dəstəklənir; 6)həmin ölkələrdə təhsil durmadan inkişaf edir, yeni çağırışlar, innovasiyalar təqdim edilir, təhsildə inkişaf etmiş ölkələr durğunluqdan çox uzaqdırlar.
8 guşəli yeni çağırışlar
Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, daha təhsilli gələcək üçün onun guşələri hansı çağırışlardan ibarət olar?” sualının cavabında təhsil tədqiqatçısı aşağıdakı çağırışları qeyd edib: “1.Erkən uşaqlıq dövründə inkişaf; 2.Müəllimlərin kadr olaraq yetişdirilməsi, işə qəbul edilməsi və saxlanılması, müəllimlərə dəstək; 3.Fərdiləşdirilmiş təhsil və tədris, şagirdlərin fərdi bacarıqlarının nəzərə alınması; 4.Texnologiyalardan səmərəli istifadə; 5.Bacarıqlı təhsil liderlərinin, idarəçilərin inkişaf etdirilməsi; 6.Təməl və XXI əsrin bacarıqlarının vəhdəti, əməkdaşlıq, ünsiyyət, kodlaşdırma, məlumatları oxumaq bacarıqları, süni zəka; 7.Ömürboyu öyrənmə imkanları, burada yaş məhdudiyyəti yoxdur; 8.Tərəfdaşlıq - məktəb, valideyn, cəmiyyət, özəl sektor, dövlət sektoru, icma arasında bir vəhdətin, tərəfdaşlığın olması şərtdir”.
Görüşün sonunda “T-Network”ün rəhbəri Cəfər Mənsimi dəyərli fikirləri, ətraflı cavabları üçün qonağa dərin minnətdarlığını bildirərək “əsas çağırışlardan birinin də ümidi itirməmək, ümid, sevgi, inam və vəfa ilə bəslənərək ətrafa işıq saçmaqdır” fikri ilə proqramı yekunlaşdırıb.
Lamiyə ƏLİMƏRDANOVA
|
|
10.02.2023 | 09:49 | |
|
|
|